Bakıda evakuatorların fəaliyyəti yenidən bərpa olunur. Bir neçə ay öncə Bakı Nəqliyyat Agentliyi tərəfindən dayanma-durma qaydalarını pozan sürücüləri cəzalandırmaq üçün kameralar quraşdırılıb, xeyli vəsait xərclənsə də, yenidən köhnə sistemə keçilir. Belə ki, agentlikdən bildirilib ki, yaxın günlərdədayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyə xidmətinə başlanılacaq:

“İlkin olaraq təxliyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək.

Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Fizuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq”,-deyə agentliyin yaydığı məlumatda bildirilir.

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı detallara toxunub. O, bildirib ki, əslində avtomobillərin zəruri hallarda evakuatorla aparılması qanunda da qeyd edilib:

“Evakuasiya xidməti “Yol hərəkəti haqqında” qanunda da nəzərdə tutulub. Bəzən elə sürücülər olur ki, maşını çox pis formada saxlayırlar. Elə olur ki, həmin sürücüyə dayandığı yerdə 10 dənə cərimə yazsan da istənilən nəticə olmur. Deyək ki, sürücü maşını elə yerdə saxlayır ki, yolu bağlayır. Yaxud da hansısa yolun ikinci cərgəsində dayanır, avtobus dayanacağını zəbt edir. Bu maşın saatlarla orada dayansa və sadəcə 20 manat cərimə yazılsa, yolda mənzərə dəyişmir. Yenə də sıxlıq o maşın çıxarılana qədər davam edir. Ona görə də zərurət yaradır ki, bu cür avtomobillər təxliyə olunsun. Burada bir məsələ də var ki, təxliyə haqqı cərimə meydançasında ödənilir. Ancaq qayda pozuntusuna görə tətbiq edilən cərimənin sürücüyə sadəcə olaraq protokolu verilir. Sürücü də nə vaxt istəsə banka gedərək, elektron qaydada cəriməsini ödəyə bilər. Sadəcə olaraq məsələ burasındadır ki, dayanma-durma ilə bağlı yerli azdır. Hesab edirəm ki, ilk növbədə bu barədə düşünmək lazımdır. Park üçün yeni yerlər təşkil olunmalıdır ki, sürücülər avtomobillərini orada saxlaya bilsinlər. Kobud qayda pozan sürücülər varsa, onların barəsində istisnasız tədbirlər görülməlidir. İstər cərimə yazmaq, istərsə də cərimə meydançasına aparmaq olsun”.

Ekspert bildirib ki, vacib məqam odur ki, sürücülər avtomobillərinin hansı cərimə meydançasına aparıldığını yalnız sms vasitəsilə öyrənə bilərlər:
“Bunun üçün də onlar ASAN ödəniş sistemində, elektron kabinet yaratmalıdırlar. Bu, ödəniş tələb olunmayan bir sistemdir. Sürücülər oradan qeydiyyatdan keçib, öz mobil nömrələrini qeyd edirlər. Onların barəsində tətbiq görülürsə, dərhal foto, video çəkilir, protokol tərtib olunur və sürücüyə bu barədə sms göndərilir. Hələ ki, bu sistemin qurulması, sürücülərin maarifləndirilməsi daha çox önəmlidir, nəyinki, birbaşa evakuasiya. Ancaq bununla yanaşı qeyd etdiyimiz kimi evakuasiya da vacibdir. Çox kobud qayda pozuntusuna yol verən sürücülər var ki, onlar barəsində hansısa yumşaq cəza tədbiri görmək mümkün olmur. Bir avtobus dayanacağını zəbt edib, avtobusların saatlarla hərəkətinə maneə yaratmaq nə deməkdir?”

Muradlı bu qaydaların sui-istifadə hallarına səbəb olub-olmayacağı məsələsinə də toxunub:

“Evakuasiyanın özünün də qaydası var. Bu barədə “Yol hərəkəti haqqında” qanunda konkret olaraq yazılıb ki, zəruri halda evakuasiya etmək olar. Zərurət olmadıqda, avtomobili cərimə meydançasına aparmaq doğru deyil. Qanunda göstərilib ki, avtomobil digər hərəkət iştirakçılarına maneə olursa, yol ayrıcında saxlanılıbsa, piyadaların hərəkətinə maneə yaradırsa, avtomobil cərimə meydançasına apara bilər. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi də öz əməkdaşlarını təlimatlandırmalıdır ki, avtomobilləri yeri gəldi-gəlmədi evakuasiya etməsinlər. Belə olarsa, sui-istifadə hallarının da qarşısı alınar”.