“Eurovision”da siyasi qalmaqal

Amerika pop-ulduzu Madonna və İslandiyanın “Hatari” qrupu “Eurovision”un beynəlxalq mahnı müsabiqəsinin İsrailin Tel-Əviv şəhəridə keçirilən finalında Fələstin bayrağı nümayiş etdiriblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, müsabiqədənkənar proqramla çıxış edən Madonnanın nömrəsində kürəyində İsrail və Fələstin bayraqlarının əks olunduğu iki rəqqas əl-ələ tutaraq qucaqlaşıblar.

Finalın 26 iştirakçısı arasında 10-cu yeri tutan islandiyalılar birbaşa televiziya efirində nəticələri elan olunan zaman üzərində “Palestine” yazılmış və Fələstin bayrağı rənglərinin əks olunduğu ən azı iki şərf nümayiş etdiriblər. Sonradan onlar müsabiqə təşkilatçılarının qadağan olunmuş atributu qrup üzvlərinin əlindən almalarını əks etdirən fideoçarx paylaşıblar.

“Biz hər şeyə rəğmən səhnədən siyasi platforma kimi istifadə edirik. Hərdən qaydalara riayət etmək lazım gəlir. Lakin işğala son qoyulmalıdır, İsrail məsuliyyət daşımalıdır”, – deyə “Hatari” qrupunun üzvləri bildirib.

Qeyd edək ki, Niderland təmsilçisi yarışmanın qalibi seçilib.

Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə yarışmanın birincisi olub. O, səsvermə zamanı 492 xal toplayıb.

Yarışmada ikinci yeri İtaliya təmsilçisi, üçüncü yeri isə Rusiya ifaçısı tutub.

Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sırada başa vurub. Qeyd edək ki, finalda 26 ölkə ifaçısı mübarizə aparıb.