Ermənistandakı ictimai-siyasi vəziyyət daha da gərginləşir.

İşğalçı ölkənin vətəndaşları hökumətdən sosial problemlərin həllini tələb edirlər. Aksiyalara gənc alimlər də qoşulub.

“Biz də varıq” şüarı səsləndirən etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasına narazılıqlarını bildirirlər. Gənclərin sözlərinə görə, onlar üçün ölkədə heç bir perspektiv yoxdur. Cüzi məbləğdə əməkhaqqı ilə elmi nailiyyət əldə etmək mümkün deyil. Üstəlik, dövlət mövcud problemləri aradan qaldırmaq əvəzinə, institutların binalarını satmaqla onların fəaliyyətini məhdudlaşdırır. Məsələn, bu günlərdə Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzinin yerləşdiyi bina biznes fəaliyyəti ilə məşğul olan şəxsə verilib. Bunun pis nümunə olduğunu vurğulayan etirazçılar təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim etməyə hazırlaşırlar.

Vaxtilə Ermənistana gəlib burada məskunlaşan ailələr də hakim dairələrdən narazılıq edirlər. Onların sosial rifahının yaxşılaşdırılması gələn ilin dövlət büdcəsində də əksini tapmayıb. Aksiya iştirakçıları bildirirlər, burada uzun müddətdir məskunlaşsalar da, yaşayış yerləri ilə təmin olunmayıblar: “Bizə deyirlər ki, siz gəlməsiniz. Bizə yuxarıdan aşağı baxırlar, sanki düşmənik. Niyə bizim övladlarımız utanc içərisində yaşamalıdır. Uşaqlarımız məktəbə belə gedə bilmirlər. Bizim vətəndaşlıq pasportumuz, seçim hüququmuz belə yoxdur”.

“Qaçqınların səsi” təşkilatının rəhbəri Oksana Musaelyan baş nazirin müavini Tiqran Avinyonla görüşdüyünü açıqlayıb. O deyib ki, verilən vədlər reallığı əks etdirmir. Avinyon onlara donor təşkilatlara müraciət edəcəyini bildirib. Lakin donor təşkilatlar bunun Ermənistanın daxili işi olduğunu bildirib. Problemi hakim dairələr həll etməlidir. Ermənistan hökuməti heç 30 il əvvəl baş vermiş zəlzələnin nəticələrini aradan qaldıra bilmir. Təbii fəlakətdən zərər çəkən Gümrü sakinlərin yoxsulluğuna görə ilk yerdədir. Burada yaşayanların yarıdan çoxu ifrat dərəcədə yoxsul həyat sürürlər. Lori sakinləri isə deyirlər ki, onlar artıq bu yerlərdə yaşaya bilmirlər. Spitakda da eyni vəziyyət hökm sürür. Zəlzələdən 30 il keçməsinə baxmayaraq, problemlər olduğu kimi qalır. Bu isə insanların həyatını cəhənnəmə çevirib. (AZƏRTAC)