“Türkiyə bu məsələdə qətiyyətli davranmasa, Moskva Ankaranın üzərinə daha çox gələcək”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərinin iki ölkə arasında münasibətlərə və regional proseslərə mümkün təsirini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

– Ukraynanın yeni prezidenti Vladimir Zelenski seçkilərdən dərhal sonra istirahətə getdiyi Türkiyəyə artıq rəsmi səfər edib. Onun Türkiyəyə bu münasibəti nə ilə bağlıdır?

– Türkiyə Ukrayna üçün vacib tərəfdaşlardan biridir. Düzdür, son illər Ukrayna daha çox Avropaya inteqrasiya edir və qərbə meyllənir, NATO-ya, Avropa İttifaqına üzv olmaq istəyir. Adətən, Ukraynada yeni seçilən prezidentlər ilk səfərlərini Fransa, Almaniya kimi ölkələrə etdiklərini xatırlayırıq. Zelenskinin səfər üçün ilk ölkə olaraq, Türkiyəni seçməsi əsasən, iqtisadi amillərlə bağlıdır. Zelenski çox yaxşı bilir ki, Türkiyənin böyük şirkətləri Ukraynaya sərmayə yatırmağa hazırdır. Bu da Ukrayna iqtisadiyyatını dirçəltməyə hesablanmış bir addımdır. Dünən Zelenski Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında da bu məsələləri vurğuladı. O dedi ki, istəyirəm, Türkiyə şirkətləri Ukraynanın yolları, zavodları, fabriklərini yenidən qursunlar. Bu mənada Zelenski Türkiyənin investisiyalarına böyük önəm verir. Təbii ki, məsələnin siyasi tərəfi də var. Türkiyə Rusiya ilə yaxşı tərəfdaşlıq münasibətləri qurub. Amma Ukrayna da Türkiyə ilə əlaqələrin zəifləməsini istəmir. Krım məsələsində də Ukrayna Türkiyənin dəstəyini istəyir və Ankara da bu istəyə tam qarşılıq verir. Ərdoğan açıq şəkildə bəyan etdi ki, Türkiyə
Krımın ilhaqını tanımır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu da Ukrayna və Zelenski üçün çox vacib məsələdir. Düşünürəm ki, iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələr Zelenskinin vaxtında daha da möhkəmlənəcək.

– Qərbin Türkiyəyə indiki münasibəti fonunda Zelenskinin Ankaraya bu qədər əhəmiyyət verməsi nəyin göstəricisidir?

– Yenə də deyirəm, Ukrayna ilə Türkiyə yaxın qonşu dövlətlər olmaqla yanaşı, həm də aralarında sıx münasibətlər olub. Qərb indiki halda Ukraynaya böyük yatırımlar etmir. Ancaq Türkiyə Ukraynaya irihəcmli sərmayə investisiyaları yatırmağa hazırdır. İndiki halda Ukraynanın iki böyük problemi var: ərazi bütövlüyünün bərpası və iqtisadiyyatı dirçəltmək. Çünki iqtisadiyyat ağır vəziyyətdədir və ölkədə sosial gərginlik davam edir. Ukrayna iqtisadiyyatının bu vəziyyətdən çıxmasında Türkiyənin investisiyası böyük rol oynaya bilər. Zelenski də bunun fərqindədir.

– Zelenskinin Türkiyəni Donbasın bərpasında fəal iştiraka səsləməsi də maraqlı məqamdır…

– Açığı, inanmıram ki, Donbas məsələsində Türkiyə aktiv rol oynasın. Çünki Ankara bu məsələdə Moskva ilə üz-üzə gəlmək istəməz. Amma Türkiyənin Krım məsələsində prinsipial mövqeyi var. Çünki Krımda türklər yaşayır və bu məsələ Türkiyə üçün son dərəcə həssasdır.

– Ərdoğanın Krımın Rusiya tərəfindən ilhaqını qəbul etməyəcəklərini bir daha bəyan etməsi Ankara-Moskva əlaqələrinə necə təsir göstərəcək?

– Rusiyanın bu barədə nə deyəcəyi, nə edəcəyi, onun öz işidir. Ortada Türkiyənin prinsipial mövqeyi var. Rəcəb Tayyib Ərdoğan özünə və siyasətinə güvənən bir liderdir. Bizdə də yanlış bir fikir var ki, Türkiyənin Krım məsələsində Ukraynanın yanında olması Türkiyə-Rusiya münasibətlərini korlayacaq. Belə fikirlərdən uzaq olmalıyıq. Çox təəssüf ki, bu fikir bizim cəmiyyətə də hopub. Moskvada kimlərinsə xətrinə dəyər deyə, Krımın Rusiya tərəfindən ilhaq edildiyini açıq şəkildə demirik. Bu, yanlış düşüncədir. Bunu deməməklə, Dağlıq Qarabağ məsələsində mövqelərimizi zəiflətmiş oluruq. Bəli, Putinlə Ərdoğan son zamanlar çox yaxınlaşıb. Hətta mən deyərdim ki, dostlaşıblar. Lakin bu, o demək deyil ki, Putin istəyir deyə, Ərdoğan Ukraynanın ərazi bütövlüyünü tanımamalıdır. Biz Rusiyanın siyasətini yaxşı bilirik. Türkiyə bu məsələdə qətiyyətli davranmasa, Moskva Ankaranın üzərinə daha çox gələcək. Bunu başa düşən Ərdoğan heç vaxt o siyasətə getməz.

– Zelenskinin bu mövqeyi Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığına Ukraynanın da qoşulması üçün zəmin yaradır?

– Ukrayna ilə GUAM formatında əməkdaşlıq var. Düzdür, GUAM artıq passiv bir təşkilata çevrilib. Bu məsələlərə ayrı-ayrılıqda baxmaq lazımdır. Biz elə etməliyik ki, Zelenski Cənubi Qafqaza səfər edəndə, ilk baş çəkəcəyi ölkə Azərbaycan olsun. Ukrayna Türkiyə kimi, Azərbaycanın da oraya sərmayə yatırmasında maraqlıdır. Düşünürəm ki, Zelenskinin dövründə regional tərəfdaşlıq daha da inkişaf edəcək və iki ölkə arasında əlaqələr genişlənəcək.