“Vine” adlanan 1 dəqiqəlik videolar çəkməklə bir çox gənc sosial media fenomeninə çevrilməyi bacarıb. Bəlkə də öz aralarında əylənmək üçün çəkdikləri bu videolar bir çoxlarına məşhurluğu gətirib.

Artıq vinerlər də müzakirə edilən, fikirləri cəmiyyətə keçən, insanların gözləntisi olan və bu gözləntilər qarşılanmayanda tənqidlə üzləşən bir kütlədir. Qısa videolardan böyük səhnələrə çıxanlar az deyil. Bu dəfəki həmsöhbətim Elvin İbra hələ filmlərdə və ya böyük arenalarda özünü göstərməsə də, istedadı ilə diqqət çəkir.

Elvin İbra ilə hazırda səsləndirməsində iştirak etdiyi “Balta” animasiya filmindən, öz deyimi ilə desək “saxtalaşmış” film sənayesindən və elə niyə bu filmlərdə yer almaq istəməməsindən bəhs etdik.

Bu küləkli, soyuq, tutqun havalar səni depressiyaya salmır?

–        İsti havalar məni daha çox depressiyaya salır. Yayı sevmirəm, Ümumiyyətlə, mən heç nəyi sevmirəm. Bu aralar pessimist yaşayıram.

Bəs, özünü sevirsən?

–        Özümü bəyənirəm, ən çox özümü sevirəm.

“Balta” animasiya filmində də iştirak edirsən. Necə gedir işlər?

–        Balta mənim öz layihəm deyil. Elə onlarla da bu layihələri yazdığımız yerdə tanış olmuşuq, digər otaqda da onlar çalışır. Mənə təklif elədilər ki, hər hansı bir personajı səsləndirə bilərsən mi? Mən də, təbii, qəbul etdim, onlara dəstək oldum.

Bəs ssenariyə baxıb, bəyənib-bəyənmədiyiniz tərəflər olur?

–        Ssenarini  yazan Rəvandır, hər bölümü yazanda bizə göndərir, oxuyub fikrimizi deyirik, amma dəyişiklik etmirik. Mən elə professional ssenarist deyiləm, amma Erkin professionala yaxın – pre-ssenaristdir. O daha yaxşı bilir bu işləri.

“Əvvəl  fikirləşirdim ki, “Ramina bazarımı bağlayıb”.

Vinelara da davam edirsən. Bir çox videoda da səni Ramina Abbasova ilə görürük. Çəkirmirsən ki, bir azdan sənə də Hüseyn Əzizoğlu kimi “qızlarla vine çəkir”-deyib irad tutalar?

–        Yox, deyə bilməzlər. Hər viner qızı bir başqa cür istifadə edir. Mən videolarda qıza o qədər də yer vermirəm. 70-60 faiz özüm oluram. Amma Hüseynin elə videosu var ki, qız baş roldadır. Burada ssenari səhv yazılıb: qız əsas roldadır, Hüseyn yalandan yanında gedir-gəlir. Təkcə Hüseyn yox, o biri qızla vine çəkənlər də bu səhvi edirlər. Hüseyni qızla çəkdiyi üçün qınamırlar, Hüseyni video tərzinə görə qınayırlar. Hamımız qızsız tanınıb, sonra qızla video çəkməyə başlamışıq. Əgər biz özümüzü qızla tanıtmış viner olsaq, onda deyərdilər ki “hərəsi yanına bir qız salıb”.

Sən videonda oynayacaq qızları necə seçirsən, bəs? Hüseyn kimi sənə də qızlar şəkillərini atır ki, videonda iştirak etsinlər?

–        Mənim izləyici kütləm elə deyil. Mən elə kütlə də istəmərəm heç, istəyirəm izləyicilərim mənim kimi olsun. Qızlar da, oğlanlar da mənim yumorumu anlayan, məşhurluq ardınca qaçmayan olsunlar. Əgər o qızlar Hüseynə şəkil atırsa, deməli məşhur olmaq, Hüseyndən istifadə etmək istəyir. Mənim kütləm isə məni sevdiyi üçün videoma çəkilmək istəyər. Mənə də bəzən qız lazım olur, “İnstagram”da story bölməsində yazıram. Yaşına, danışıq qabiliyyətinə fikir verib həvəsli olanlardan birini seçirəm, məşhur olmaq həvəsində olanı yox…

Sən ilk bir neçə videonu atanla birlikdə çəkirdin. İndi Sərraf Kərimov da nənəsi ilə birlikdə çəkdiyi videoları çox izlənilir. Düşünmürsən ki, “mən də atamla çəkməyə davam edə bilərdim?”

–        İndi siz deyəndə ağlıma gəldi bu. Heç belə düşünməmişdim ki, atamla başlamışdım vinelara, o da nənəsi ilə. Mən atama “gəl birlikdə çəkək, tanınaq” deməmişdim. Biz elə-belə öz aramızda video çəkmişdik. Amma mən atama partnyor kimi baxmırdım, əylənmək üçün çəkirdik. Sərraf isə daha çox partnyor kimi yanaşır nənəsinə, onun üstünə çox gedir, suallar verir, cavab almağa çalışır. Eqoistlik edib heç kim özümdən ön planda olmasın demirəm, amma heç kimin hesabına qabağa getmək istəmirəm. Öz bacardığım nədirsə, onla da tanınmaq istəyirəm. Bununla da tanına bilmirəmsə, deməli heç nə bacarmıram da. Heç kəsdən istifadə etmək istəmirəm.

“Twitter”də Elvin İbra yazıb axtarış edəndə, oğlanların “ona niyə gülürsünüz” dediyini, qızların isə “Niyə çox şirindir axı”- deyə cavab verdiyini görürəm

–        Mən heç vaxt güzgüyə baxanda “Necə şirinəm, ya da yaraşıqlıyam” demirəm. Mənə elə gəlir ki, danışıq tərzim onlara səmimi gəlir. Mənim səsim də incədir. Danışığı uşaq səsinə çevirən proqrama yükləyəndə mənim səsim lap yox olur. Belədə də uşaq səsi kimidir deyə. Məncə, şirinliyim də elə bundadır. Görünüşcə isə şirin olduğumu düşünmürəm. Ola bilsin, ssenaridə özümə əzik rol yazıram. İstənilən adama o rolu yazsam elə şirin görünər. Onsuz da oğlanların məni bəyənməyi elə də yaxşı olmaz (gülür). Bir oğlan çıxıb mənə nə şirin oğlansan desə, pis olaram.

Ramina ilə rol almağın sənin bəxtini bağlamır ki?

–        Əvvəl  fikirləşirdim ki, “Ramina bazarımı bağlayıb”. O dövrlər təzə-təzə qalxdığım vaxtlar idi, adam istəyirdi çox aktiv olsun, qızlar falan (gülür).  Amma yaş artdıqca, professional olmağa çalışıb, daha çox əziyyət çəkdikcə, bu düşüncələri kənarlaşdırırsan. Bilinir ki, Ramina ilə mənim aramda heç nə ola bilməz.

Peşəkarlaşdığını düşünürsən?

–        Yox, özümü peşəkar saymıram. Professionallıq anlayışına bir az fərqli yanaşırlar. Kamera ilə video çəkənlər elə bilir ki, işi professional görürlər. Amma peşəkar çəkiliş aparmırlar. Mən telefonla daha professional çəkirəm, sadəcə bir kadr istifadə etmirəm, müxtəlif bucaqlardan çəkirəm. Çəkiliş peşəkardır, ancaq avadanlıqlar peşəkar deyil. Onsuz da vine-da bunlara ehtiyac yoxdur, internetdə professionallıq nəyə lazımdır ki?  Nə istəyirsən elə, heç kim qadağa qoymur sənə. Professional olsan da olar, olmasan da. Əsas odur ki, mövzun, yumorun, aktyorluğun yaxşı olsun.

Amma özünü tam aktyorluğa həsr etməmisən. Məsələn, hamı filmə çəkildi, bircə sən yox

–        Məni çağırmırlar, aktyorluğuma güvənmirlər (gülür). Təbii ki, zarafat edirəm. Hər kəs filmə ətrafındakı tanışlara görə çəkilir. Mən o “kruqda” yoxam. Özümə elə ətraf toplaya bilməmişəm. Film sektoruna girəndə çox saxtalaşırsan. Mən onlar kimi saxtalaşa bilmirəm. Kiməsə saxta davrananda, həm gülməyim gəlir, həm də pis oluram. Film sektoru saxtalıq tələb edir. Demirəm ki, filmlərdə çəkilən hər kəs saxtadır. Sadəcə olaraq elə hər adamla xasiyyətim tutmur, Erkinlə, Vüqarla işləyirəm, onlarla dil tapa bilirəm. Mənim qala gecələrindən heç xoşum gəlmir. Orada hamı bir-birinə saxta-saxta gülür, çünki bilirlər ki, işi bu adamdan keçəcək. Mən də film çəksəm öz dostlarımı dəvət edərəm, niyə kənardan adam çağırım? Düzü, xoşuma gəlir bu film sektoru, saxta insanları görəndə maraqlı gəlir mənə. Amma mən də artıq bu sektorun içində olacağam. Artıq 2 film ssenarisi yazmışıq, üçüncüsünü də yazırıq. İki film də bu il çıxacaq, hamısında da rol alacam. Kənardan gələn təklifləri isə qəbul etməmişəm. Çünki mənə həmişə eynəkli, əzik rollar verirlər, bilmirəm niyə? Əslində bilirəm (gülür). Öz potensialımdan aşağı rollar təklif edirlər.

Məsəl üçün hansı obrazı istəyirsən?

–        Daha ciddi bir rol. İndi Vüsal Əhmədzadə ilə birlikdə “Youtube” üçün dram janrında bir şey yazmışıq. Biz bununla həm rejissor olaraq, həm də aktyor kimi özümüzü göstərmək istəyirik ki, pis obrazı da oynaya bilirik, ağlamağı da bacarırıq.

Tamaşaçılar dramatik rolda səni qəbul edəcək?

–        Bilmirəm, belə şeyləri sınamaq lazımdır. Bizim cəmiyyət ağlaşmanı, dramı, damar söhbətləri sevir. Küçədə bir pişik öləndə heç fikir verməyənlər, filmdə kiminsə pişiyi öləndə yaşadığı acıya şərik olur. Yəqin bunu da sevərlər.

Son vaxtlar nə qədər film çəkilsə də, çoxu bəyənilmir. Sən də qorxmursan ki, uğursuzluq yaşayarsan bu sahədə?

–        Film sahəsində mənim itirəcəyim heç nə yoxdur. Mən aktyor, məşhur bir ssenarist deyiləm. Film kommersiya işi kimi tutmasa belə, yeni bir kütlə gətirəcək.

 “Əvvəl pis, yaxşı heç  bir günümdə yanımda olmayan insanlar mən tanınan kimi istifadə etməyə çalışdılar”.

Deyəsən, sənin imicin də özünü əzik kimi göstərməkdir.

–        Yox, videoda əzik kimi görünürəm bəzən. Müəyyən bir izləyici toplayandan sonra “Elvin də çox dəyişib” desinlər istəmirəm. Ona görə də, əzik kimi yox, öz daxilimi göstərirəm sadəcə. Yolda da başı aşağı gedən, sakit duran adamam. Elvin İbra profili ilə müəyyən izləyiciyə sahib, tanınan biri kimi davransam gərək başqa cür olum, dünya vecimə olmasın, heç verilən salamı da almayım. Ancaq İbrahimzadə olaraq qalmalıyam. Özümü başqa cür aparsam izləyici də məndən soyuyar. Məktəbdə, universitetdə populyar, aktiv biri olmamışam, indi tanınsam da, öz keçmişimi itirmək istəmirəm.

İndi sinif yoldaşların deyir ki, “Elvin də sakit uşaq idi, necə qabağa getdi”.

–        Bəzi sinif yoldaşlarımla artıq 17 ildir ki, dostam. Qardaşımla da eyni sinifdə oxumuşam. Əvvəl pis, yaxşı heç  bir günümdə yanımda olmayan insanlar mən tanınan kimi istifadə etməyə çalışdılar. “Elvin dəyişib” sözünü də ancaq onlar deyə bilər, yersiz ağız əyirlər ki, “məşhur oldun, ona görə belə edirsən”. Açığı, əvvəl də nəsə istəsələr, kömək etməzdim.

“Facebook”-da elə də çox status yazmırsan, əsasən, öz videolarını paylaşmaqla kifayətlənirsən. Yəni, demək istədiyin hər şeyi videolarınla çatdıra bildiyini düşünürsən?

–        Sadəcə “Facebook”-a çox girmirəm. Profilimin aktivliyi də ölüb. Bir müddət videoları ancaq “İnstagram”-dan paylaşırdım. “Facebook”- da status yazaraq fikrimi bölüşməyin də bir mənası olduğunu düşünmürəm. Hər şeyi statusda niyə yazaq ki. Statusda yazırlar ki, filankəs mənə bu sözü dedi. Sənə deyib də, biz niyə bilək bunu. Ölkənin iqtisadi-siyasi vəziyyəti barədə yazsalar, bədbəxt bir hadisəni yazıb qabartsalar yaxşı olar. Siyasi məsələlər, iqtisadi vəziyyət haqqında nə yazım? Başım da çıxmır axı. Mən öz dünyamda, öz işlərimi görürəm. Videolarım da öz müşahidələrimə əsaslanır. Çəkdiyim ən ağır mövzu qız tutmaq olub. Özümün eləmək istəyib də, edə bilmədiyim şeyləri çəkmişəm belə videolarda (gülür). Qız tutmaq sözü də çox vulqardır. Heç elə yazmıram, qızla tanış olmaq taktikası yazıram.

Nə vaxt özünə dedin ki, “Elvin, deyəsən, məşhursan artıq?”

–        Universitetdə görüşlərə gedəndə. Orada akt zalı dolu olanda, hər kəs məni alqışlayanda, salam deyirsən gülürlər, onda anladım ki, həyatda nəsə əldə etmişəm.

Sən də reklam çarxlarının çəkilməsi ilə məşğulsan və bu işdə hazırda Taleh Yüzbəyovu 1 nömrə kimi göstərirlər, bir paxıllıq ya rəqabət olmur ki?

–        Taleh də dostumuzdur. Niyə paxıllıq olsun? Yaxşı çəkəndə təbrik edirik, zəif alınanda soruşuruq ki, niyə belə oldu, pis oluruq. Taleh bir markadır artıq.

Amma birlikdə bir layihə həyata keçirmirsiniz, niyə?

–        Videoların ideyasını mən gecə 2-3-də düşünürəm. Saat 12-də oyanıb uşaqlarla çəkiliş edirik. İndi mən Talehə necə deyim ki, “2-də çəkiliş edəcəcəyik, 2 saata tez gəl”. Talehin videolarında isə iştirak etmişəm. Sadəcə hər kəsin öz komandası, öz “kruqu” var.

Əvvəllər nitqində türk dilində sözlər, türk ləhcəsi aydın hiss edilirdi. Bu türk yumorunun, türk dilində film izləməyin təsirində idi?

–        Heç fikir verməmişdim. Türk altyazısı ilə baxıram filmlərə ola bilər, şüuraltı təsir edib. “Mi” sonluğunu çox işlədirəm, bəlkə də ona görədir. Bizim ləhcə ilə “Mənimi çağırajan?” belə işlədirəm. Türk yumorunu isə bəyənmirəm, əvvəllər yaxşı idi. Cem Yılmazın da danışığı gülməlidir, amma filmləri yox.

Ümumiyyətlə kimlərə gülürsən?

–        Cim Keriyə uşaqlıqda çox gülürdüm, indi sadəcə baxıram. Onun komikliyi aktivliyində idi, indi yaşlanıb, daha gülə bilmirəm. 7-8 il əvvəl Tolga Çevikə də gülürdüm, daha sonra özünü təkrarlamağa, eyni tipli zarafatlar eləməyə başladı. İndi heç gülə bilirik ki? Öz videolarım heç gülməli deyil, apar tulla onları. Yanımda biri videoma baxanda, səsimi eşidib əsəbiləşirəm. “Balta”da səsləndirəndə qulaqlıq taxmıram ki, öz səsimi eşitməyim. Qürur duyası bir tərəfim də yoxdur (gülür). Belə amma yaxşı futbol oynamağım var.

Dəniz Kərimzadə

Foto&Video: Fərid Özay

Minval.info