Dövlət qurumları tərəfindən ilahiyyatçı kimi tanınan Elşad Mirinin müəllifi olduğu kitaba qoyulan qadağa onu özündən çıxarıb.

Minval.info xəbər verir ki, E.Miri dua kitablarından şəkillər çəkib sosial şəbəkə hesabında paylaşaraq Qafqaz Müsəlmanlar İdarəsini və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə etiraz edir. Belə ki, ilahiyyatçı babasil, qızdırma, ürəyi gedən şəxs üçün duaların yer aldığı kitabı əsas gətirərək onun kitabına qoyulan qadağaya narazılığını bildirir. Mirinin belə paylaşımları insanlar tərəfindən müzakirəyə səbəb olub.

Qeyd edək ki, onun paylaşdığı şəkillərin hansı kitaba aid olduğu məlum deyil. Elşad Mirinin postlarında yalnız dua yazılan səhifələrin fotosu yer alıb.

Dini təhsil alan Səyavuş Yəhyayev onun bu paylaşımlarına münasibət bildirib. O, eyni zamanda QMİ-nin E.Miriyə reaksiya verməməsini sərt tənqid edib:

“Bu adam dini məsxərə obyektinə çevirməkdə davam edir. QMİ deyilən qurum isə ağzına su alıb baxır. İdarənin təsdiqlədiyi kitab deyərkən dolayısı ilə Dini Komitənin də bostanına daş atır. Hanı bəs QMİ-nin “bığı burma” savadlı kadrları? Niyə çıxıb bu Miriyevin iradlarına cavab vermirlər. Axı onlar kifayət qədər maaş alırlar. Yoxsa gözləyirlər ki, həmişəki kimi başqaları onların işini görsün?”

S.Yəhyayev Miriyevin iradına gəlincə isə bunları deyib: “Əgər dua təkcə sözlərin ifadəsi olsaydı, Quran Musaya “Biz: “(inəyin) bir parçasını ona (ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz”. Əgər bir parça ət bir ölünü diriltməyə qadirdirsə, niyə yüzlərlə dua yazmaq və bu yolla şəfa tapmaq haqqında olan peyğəmbər hədisləri qəbul olunmasın? Bir halda ki, Allah Quranın özünü şəfa olaraq təqdim edir. Buyurur ki, “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”.

Səyavuş bəyin sözlərinə görə, xəstələrə dua yazmaq vasitəsilə onlara psixoloji təsir müalicəsi danılmazdır: “Amma hər sahədə olduğu kimi bu sahədə də şarlatanların olması istisna deyil. Bu isə ayrı bir məsələnin mövzusudur. Miriyevə gəlincə, xüsusi psixoloji məqamları taparaq dini məsxərə obyektinə çevirən, cəmiyyətdə dinə və dindara nifrət aşılayan, buna görə “muzd” istəməyən bu şəxs hədəf olaraq əslində İslam dininin özünü seçib”.

Samir Mirzə

Minval.info