Mərhum Elinanın rəfiqəsinə göndərilən hədə, təhqir, söyüş dolu səs yazısını dinləyəndə adam istər-istəməz fikirləşir ki, bu jarqonda danışan adam(lar) hər şeyə qadirdirlər, onlar hər şey edərlər.

Ayrıca özünü “qlamurlar”dan sayan bir qadın o qədər pis söyüşü popurri kimi necə ard-arda düzə bilir, mat qalmalı işdir. Ömrünün uzun illərini qadın həbsxanasında keçirmiş stajlı məhbuslar belə o cür zəngin jarqonla, latayırlı dildə danışmırlar.

Təhdidlərin məqsədi isə birdir: zərərçəkən tərəf sussun, intihar həddinə çatdırılmış, iki saat boyunca tibbi yardımdan kənar tutulmuş, köməksiz vəziyyətə salınmış, bir növ girov götürülmüş 14 yaşlı uşağın qanının batırılmasına mane olmaq istəyənlər geri çəkilsin.

Kəsəsi, kimlərinsə məqsədi cinayətin ört-basdır edilməsinə nail olmaqdır.

Hiss olunur ki, cavabdeh tərəf bu məqsədə istənilən yolla çatmaq əzmindədir. Buraya tələbkar tərəfi qorxutmaq və şantaj etməkdən tutmuş, uzun illər ərzində qazanılmış əlaqələrin və vəsaitlərin “səmərəli” istifadəsi də daxildir.

Hər şey göz önündədir. Məktəb direktorunun ev dustağı edilməsi, İH başçısının müavininin quru bir ifadəsinin alınması heç də ciddi cəzalar deyil. Güman ki, bu kimi tədbirlər ictimai hiddəti müəyyən qədər səngitmək üçündür.

Bir müddətdən sonra ajiotaj tamamən bitəcək, Elinanın intiharı\qətli unudulacaq, o zaman indiki cavabdehlərin üzərindən bütün ittihamlar götürüləcək və onlar öz fəaliyyətlərinə qaldıqları yerdən davam edəcəklər.

İctimai hiddət isə həzin-həzin səngiməkdədir. Bir həftə öncə sosial şəbəkələr, saytlar, telekanallar Elinanın intiharı barədə xəbərlərlə dağılırdı. Hər kəs öz mövqeyini açıqlayır, hiddətini bildirir, səbəbkarlara cəza tələb edirdi. Bu gün gündəm dəyişib, başqa məsələlər müzakirə olunur.

İctimai-siyasi gündəmi fitrətində var, istənilən mövzunun ömrü uzağı üç gündür. Sonra başqa mövzular çıxır və artıq bütün şəhdi-şirəsi getmiş mövzu arxa plana keçir. Ona görə də bəzən gündəmdəki mövzu ətrafında gedən müzakirələrin hərarətindən həyəcanlanmağa, “gündəmdəyişmə” qayğısı çəkməyı lüzum yoxdur. Onsuz da özü dəyişir.

Budur, indi əksinədir, mövzunu gündəmdə saxlamaq, ictimaiyyətin diqqətini bu mövzuya yönəltmək çətindir. Yenə bir çoxları kamera qarşısında gecə paltarında erotik rəqs edən müğənni qadının “biabırçılığı”ndan, bəziləri başqa bir müğənninin efirdə biədəb sözlər işlətməsindən danışır, yazır. İtmiş iti üçün ağlayan qadının videosu da, rus dili öyrənərkən “spokoynı noçi” əvəzinə “ispasibo, konşu” deyən uşağın görüntülərinin trend olması da müasir gənclər demişkən, başqa bir temadır.

Hanı o bir həftə əvvəlki hiddət? Ədalət yerini tapdımı? Tapmadı. Günahkarlar cəzalandırıldımı? Cəzalandırılmadı. İctimai müzakirələr “yaxşı nədir, pis nədir” sualının dəqiq cavabını verdimi? Vermədi.

Sadəcə, hərəmiz əlimizdəki “dayan, doldurum” növlü silahdan havaya bir atəş açdıq, bir-iki qəzəbli status yazdıq, məsələ bitdi.

Hər işimiz belədir. Çox tez-tez hansısa mövzu ətrafında tozanaq qaldırırıq, əsib-coşuruq, amma üç gündən sonra unuduruq, kütləvi hiddətimizə səbəb olan vaqiənin sonuna çıxmadan, ciddi bir nəticəyə nail olmadan başqa bir, həm də qat-qat əhəmiyyətsiz mövzunun müzakirəsinə başlayırıq.

Elinanın müsibəti isə sıradan bir şey deyildi. O qızın ölümündə bu və ya digər şəkildə 10-dan artıq adam iştirak edib. Onlar 14 yaşlı bir qızcığazı qovublar, təqib ediblər, axırda özünü uçurumdan (məktəbin 3-cü mərtəbəsindən) atandan sonra da əl çəkməyiblər və onun fiziki yoxluğuna nail olublar. İndi heç biri məsuliyyət daşımaq istəmir, cəzadan yayınmaqdan ötrü yalnız söyüşlərdən ibarət bir leksikonla “terror rüzgarı” əsdirirlər.

Ötən həftənin bu günləri ictimaiyyət “qanbatırma” cəhdlərinə görə də çox qəzəbliydi. Artıq o qəzəb keçib.

Yazıq Elina… Gərək sənin asfaltda qalan, sonradan yuyulan qanın batmasın.

 

Xalid Kazımlı