Image result for eldar mansurov
Tanınmış bəstəkar, xalq artisti Eldar Mansurov ” Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan “Onda başladıq” verilişində bəzi ifaçıları sərt tənqid edib. Minval.İnfo Ölkə.az-a istinadən xəbər verir ki, xalq artisti həmçinin Maestro Niyazi barədə qalmaqallı açıqlama verib:

“Klassik estrada janrı və mahnıları çoxdan qurtarıb. Keçmişi basdırdıq, gələcək də hələ doğulmayıb. Hazırda xaos gedir. Hələ bilinmir ki, doğulan oğlan olacaq, yoxsa qız. Doğulsun, böyüsün, nə olduğu bilinəcək. Amma baxıram ki, Azərbaycan estrada musiqisi yoxdur. Əvvəl Azərbaycan bəstəkar mahnılarının öz istiqaməti, üslubu var idi. Baxın, “Eurovision”dakı təmsilçilərimizin ifa etdiyi mahnılar da ingiliscədir. Azərbaycanca oxunan mahnılar da ingilis, fransız mahnılarına oxşayır”.

E.Mansurov aranjemanların da keyfiyyətsiz edildiyini söyləyib:

“Xalq musiqisi istiqamətində yazılanlar isə ya ərəbə, ya özbəyə, ya da əfqana oxşayır. İfaçı gəlir yanıma, mahnı istəyir. Sonra mahnımı aparıb tanınmayan, qeyri-peşəkar aranjimançıya aranjiman elətdirir. Baxıram ki, yalnız nəqarətdə mənim yazdıqlarım var. Deyirəm ki, axı bu adam mənə şərik çıxır, qabırğalıq edir. Elədirsə, ikimizin də adını bəstəkar kimi yazın da. İndi kim kompüteri bilirsə, aranjimançıdır. Rus mahnılarını da “üç badam bir qoz” formasına salıb oxuyuruq.

Müğənninin bacarığı lirik mahnılarla bilinir, amma “dingili-qoz” mahnılarla yox. Elariz toylarda oxuyur. Amma ona lirik mahnı verdim – “Gəl sevimli yar”. Klipi bir az efirdə getdi, yığışdırdılar. Camaatın zövqü dəyişib. Amma Elarizi, Nurlan Əzizbəylini çağırırlar ki, “sən mahnı oxu”. Şanson da lirikadı, “çıkıdı-çıkıdı” deyil. Savadsız yazarlar elə oxuyanları şanson ifaçısı kimi təqdim edirlər”.

Bəstəkar bildirib ki, musiqi bəstələmək üçün təhsil vacib deyil:

“Maestro Niyazi konservatoriya bitirməmişdi. Ona sonradan diplomu hədiyyə etdilər. Heç Vaqif Gərayzadə də konservatoriya məzunu deyil. Amma yaxşı musiqilər bəstələyir”.