Münasibətlərindəki ərkyanalıq D.Tramp və V.Putini kimsəyə tam aydın olmayan tellərin bir-birinə bağladığını göstərir; Ancaq Tramp-Putin görüşünün uğur qazanmasına çalışanlarla yanaşı, onun pozulmasına can atanlar eyni vaxtda hərəkətə keçiblər

Bütün dünyanın maraqla gözlədiyi önəmli görüş baş tuta bilər. Artıq vaxtı və yeri də açıqlanıb. Görüşdə müzakirə olunacaq məsələlər də təxmini də olsa, məlumdur. Belə ki, ABŞ və Rusiya prezidentləri 16 iyulda Finlandiyanın paytaxtı Helsinki şəhərində görüşəcəklər.

Halbuki son vaxtlara qədər Donald Tramp və Vladimir Putin arasında görüşün mümkün ola biləcəyi müəyyən şübhələrlə qarşılanırdı. Hesab olunurdu ki, onların görüşünü vacib edən faktorlarla yanaşı, əngəlləyə biləcək kifayət qədər ciddi amillər də mövcuddur.

Onu da qeyd edək ki, ABŞ və Rusiya liderlərinin görüş niyyətlərini dəstəkləyənlərlə yanaşı, onların biraraya gəlməsindən narahat olanlar da var. Yəni artıq indidən aydın olur ki, bu iki superdövlət liderinin görüşü bir çox beynəlxalq problemlərin düyününü aça biləcəyi kimi, həm də bəzi önəmli məsələlərdə ortalığı daha da qarışdıra bilər.

Məsələ ondadır ki, ABŞ siyasi dairələrində Rusiyanın D.Trampın qələbəsiylə yekunlaşmış son prezident seçkilərinə həlledici səviyyədə müdaxiləsi ilə bağlı nə inkar, nə də birmənalı təsdiq edilə bilməyən iddialardan hələ də narahatdırlar. Və həmin siyasi dairələr ABŞ-ın həm ədalətli, həm də toxunulmaz hesab edilən seçki sisteminə əsas beynəlxalq rəqibin maraqlarının bulaşması barədə mövcud olan şübhələri Kreml sahibinə bağışlaya bilmirlər.

Похожее изображение

Ona görə də bəzi siyasi dairələr ABŞ-Rusiya münasibətlərinin gərginləşməsində maraqlı görünürlər. Eyni zamanda Ağ Ev sahibinin Rusiya ilə gizli əlaqələrdə suçlanaraq, siyasi reputasiyasının korlanması da həmin siyasi dairələrin mənafelərinə cavab verir. Çünki bu, yaxın gələcəkdə prezident D.Trampı “impicment kəndiri”nə aparmaq üçün yetərli olmasa belə, növbəti seçkilərdə Ağ Ev sahibinə qarşı “siyasi başqaxıncı” anlamında təsirli antitəbliğat materialı rolunu oynaya bilər.

Təbii ki, Tramp-Putin görüşünün uğurlu nəticələnməsində maraqlı olanlar da kifayət qədərdir. Həm ABŞ daxilində, həm də Avropada Ağ Evlə Rusiyanın münasibətlərinin normallaşmasından xüsusi mənfəət güdənlər var.

Hər halda, ABŞ-ın israrlı təşəbbüsüylə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bəzi ölkələrin siyasi və iqtisadi, bir çox nəhəng şirkətlərin isə ticari əməkdaşlıq maraqlarını zərbə altında qoyub. Və heç kim bu sanksiyalar ucbatından milyardlarla dollar məbləğində maliyyə itkisinə səbr göstərməyə həvəsli deyil.

Onu da qeyd edək ki, Tramp-Putin görüşünü xüsusi həssaslıqla gözləyən ölkələrin arasında Ukrayna ön planda yer alır. Rəsmi Kiyev bu görüşə həm ümidlə baxır, həm də ciddi şəkildə narahatdır.

Похожее изображение

Maraqlıdır ki, Ukrayna üçün superdövlət liderlərinin görüşünün uğursuz nəticələnməsi ən arzuolunan variant kimi qəbul olunur. Belə ki, rəsmi Kiyev hələ həmin görüşlə bağlı ilkin niyyətlər ortaya çıxdıqda ABŞ-la Rusiyanın dil tapmasının mümkün olmadığını qabarıq şəkildə gündəmə gətirirdi. Əsas arqument kimisə, prezident V.Putinin müzakirələrə və anlaşmaya uyğun xarakterə sahib olmadığı iddia edilirdi.

Bu isə o deməkdir ki, Ukrayna Tramp-Putin anlaşmasının mümkün ola biləcəyindən ciddi şəkildə narahatdır. Çünki belə bir anlaşma Ukraynanın milli maraqlarına ciddi zərbələr vura bilər.

Məsələ ondadır ki, Tramp-Putin görüşündə anlaşma olarsa, bu, ABŞ-ın Ukraynaya dəstək məsələsinə yenidən baxmasına yol aça bilər. Belə ki, bu halda, ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyinin məhdudlaşdırılaraq, formal xarakter daşıya biləcəyi qətiyyən istisna deyil.

Картинки по запросу tramp putin ukrayna

Hətta Ağ Evin Krımı Rusiyanın tərkib hissəsi kimi tanıma ehtimalı da gündəmə gələ bilər. Hər halda, Ağ Evə yaxın siyasi dairələr artıq bunu üstüörtülü mesajla anons da ediblər. Bu isə Ağ Evin Kremllə düşmən etdiyi Ukraynanı Rusiya qarşısında taleyin ümidinə buraxması anlamına gələ bilər. Və rəsmi Kiyev prosesin belə istiqamət ala biləcəyindən ciddi şəkildə narahatdır.

Ancaq Tramp-Putin görüşü uğursuz olarsa, bu halda Ukrayna özünü daha rahat hiss edə bilər. Çünki bu halda, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının daha sərt məzmun alma ehtimalı tamamilə inandırıcıdır. Üstəlik, görüşün uğursuzluğu Ukraynaya yönəlik siyasi və hərbi dəstəyin daha da artırıla biləcəyini vəd edir.

Maraqlıdır ki, Ağ Evə yaxın siyasi dairələr bunu da üstüörtülü mesaj kimi artıq anons etməkdən özlərini saxlaya bilməyiblər. Belə ki, bu halda, Ukraynaya ən müasir NATO silahlarının satıla biləcəyinə eyham vurulub. Bu isə rəsmi Kiyevin arzu edə biləcəyi ən böyük nailiyyət olardı.

Картинки по запросу tramp putin

Göründüyü kimi, Ağ Evə yaxın siyasi dairələr eyni görüşlə bağlı iki müxtəlif ssenarinin gündəmdə saxlandığını qabartmağa çalışırlar. Bu isə müəyyən mənada, ikibaşlı oyun vərdişlərinə sahib olan Ağ Ev tərəfindən Rusiya liderinin hərbi-siyasi məzmunda şantaj olunması anlamına gəlir.

Ona görə də Helsinki görüşünün necə nəticələnəcəyi böyük maraq doğurur. Xüsusilə də iki superdövlət liderinin arasında özəl münasibətlərin mövcudluğunun müşahidə edilməsinin fonunda siyasi sürprizlərin istisna olmadığı da diqqətdən yayınmır.

Belə anlaşılır ki, D.Tramp və V.Putin öz aralarındakı şəxsi münasibətlərin keyfiyyətinə dayanaraq, görüşün gözlənilməz nəticəsi ilə bütün dünyanı təəccübləndirə də bilərlər. Hər halda, onların indiyə qədər müxtəlif beynəlxalq tədbirlərdə qısamüddətli də olsa, təmasda olarkən ərkyana şəkildə bir-birinə “göz-qaş” etmələri diqqətdən yayınmayıb. Bu ərkyanalıq D.Tramp və V.Putini kimsəyə tam aydın olmayan tellərin bir-birinə bağladığını düşünməyə əsas verir.

Bütün bunlar onu göstərir ki, ölkələri bir-birinə düşmənçilik səviyyəsində rəqib olsalar da, D.Tramp və V.Putin səhnəarxasında müəmmalı şəkildə dostdurlar. Ona görə də, bu məcburi “mehriban düşmənlər”in “dostluq manevrləri”nin məzmun və nəticələrini anlamaq üçün o qədər də uzun müddət gözləməyə ehtiyac olmayacaq.

Elçin XALİDBƏYLİ,
Musavat.com