Dünyanın ən zəngin xanımı: "Heydər Əliyev məndən soruşdu ki, bunların hamısı sənindi?" - FOTOLAR

Bu dəfəki müsahibimiz dünyanın ən dəyərli xəzinəsinin sahibi, kolleksioner xanım, əfsanəvi rəssam Tahir Salahovun bacısı Zərifə Salahovadır.

– Zərifə xanım, təklifimi qəbul edib, müsahibəyə razılaşdığınız üçün minnətdaram.

– Buyur, Leyla.

– Bu yaxınlarda məşhur “Pole çudes” verilişində iştirak etdiniz və Leonid Yakuboviç sizi Azərbaycanın mənəvi dəyəri adlandırdı.

– Bəli, çox maraqlı buraxılış alındı. Yakuboviçə Azərbaycan, onun tarixi mədəniyyəti haqda bir neçə miniatür kitab hədiyyə etdim.

– Zərifə xanım, dünyada ilk və yeganə miniatür kitab muzeyini yaratmağınızdan artıq 16 il ötür. Xahiş edirəm, muzeyin tarixindən danışın.

– Aprelin 23-ü muzeyimiz 16 yaşını qeyd edəcək. Məhz bu tarixdə İçəri Şəhərdə Şirvanşahlar sarayının yanındakı ərazidə dünyanın hələ ki, ilk və tək miniatür kitab muzeyini yaratdıq.

– Bəs niyə məhz bu tarix və bu sehirli məkan?

– Məkan seçimi ulu öndərimiz Heydər Əliyevin şəxsi tapşırığı ilə oldu. Həmçinin 1616-cı il 23 apreldə dünya ədəbiyyatının klassikləri Uiliyam Şekspir və Migel de Servantes həyatdan köçüblər. Ona görə bu tarix YUNESKO-nun qərarı ilə dünyada Beynəlxalq Kitab Günü kimi qeyd olunur. Miniatür Kitab Muzeyi yaratmaq üçün də bundan ideal tarix ola bilməzdi.

– Ümumiyyətlə, miniatür kitab kolleksiyanızın neçə yaşı var?

– 1982-ci il idi. Moskvada İttifaqın Könüllü Kitabsevərlər İcmasının tədbirinə qatılmışdım. Elə orada mənə Krılovun əsərlərindən ibarət miniformatlı kitabları 23 rubla almağı təklif etdilər. O vaxtlar bu kifayət qədər böyük məbləğ idi, amma özümü bu zövqdən məhrum etmədim. Kitabı götürmək üçün satıcı ilə birgə anbara getdim. Mini kitablarla ilk tanışlığım da orada başladı. Həmin gündən artıq 35 il keçib və mənim kolleksiyamda 8000-dən çox kitab var.

– Maraqlıdır, neçə ölkənin nəşrləri var kitablar arasında?

– Düz 76 ölkənin nəşrləri var.

– Bəs ən nadir mini-kitablar hansılardır?

– Yaponiyanın “Toppan” nəşriyyatının 0,75×0,75 mm ölçülü “İlin dörd fəslinin rəngləri” adlı mikrokitabıdır. Kitab 22 səhifədən ibarətdir. İlin dörd fəslinə aid illüstrasiyalarla bəzədilib. Həmçinin Almaniyada nəşr olunan 2,0×2,9mm-lik mikrokitabların adını deyə bilərəm. Ekspozisiyamızda ümummilli liderimiz Heydər Əliyev başda olmaqla, bir sıra dünya liderlərindən bəhs edən və şəxsən özlərinin muzeyimiz üçün imzaladıqları mini-kitablar yer alır. Bu siyahıda cənab İlham Əliyev, Abdullah Gül, Vladimir Putin, Boris Yeltsin, Aleksandr Lukaşenko və digər şəxsiyyətlər var. Həmçinin Fidel Kastronun qızının imzası ilə muzeyimizə hədiyyə olunan mini-kitabın da adını mütləq çəkməyə bilmərəm.

– Zərifə xanım, bildiyim qədərilə ötən ilin yay aylarında Tailand şahzadəsi muzeyinizə gəlmişdi.

– Təsəvvür et ki, sırf bizim muzeylə tanış olmaq üçün Şahzadə Maha Çakri Sihindron şəxsi təyyarəsilə Bakıya gəldi. Onun marağı, həvəsi məni heyrətləndirdi. Muzey haqda məlumat verirəm, o isə dəftər, qələm çıxarıb, qeydlər aparır. Sonda isə atası, mərhum Kral Adulyadejin kolleksiyasından olan 28 kitabı bizə hədiyyə etdi.

– Ən maraqlı məqamlardan bir də odur ki, muzey “Ginnesin Rekordlar Kitabı”na düşüb. Maraqlıdır, bu hadisə necə baş verdi?

– Qəzet oxuyurdum. Gördüm bir qadın dırnağını, başqa bir kişi saqqalını uzadıb, “Ginnesin Rekordlar Kitabı”nda birincilik qazanıblar. Düşündüm ki, mənim kitablarım da bu diqqətə layiqdirlər axı. Bugünədək London qəzetləri, Amerika saytları, hətta “EuroNews” kanalı bizim miniatür muzey haqda maraqlı yazılar yazıb, süjet hazırlayıblar. Özüm də Los-Ancelesdəki Miniatür Kitabsevərlər Assosiasiyasının üzvüyəm. Niyə də muzeyim Ginnesin siyahısına düşməsin?! 3 ay ərzində lazımlı sənədləri toplayıb, kitabların siyahısını çıxardıq. Yazıçı Çingiz Abdullayev də rəsmi şahidlik etdi ki, saxtakarlıq yoxdur. Beləcə bir müddət sonra mənə sertifikat göndərildi. İlk və yeganə miniatür kitab muzeyi adını qazandıq.

– Ulu Öndərimizlə bağlı zəngin xatirələriniz var. Bölüşə bilərsinizmi bizimlə?

– Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı, bu gün nə muzey vardı, nə sertifikatım, nə də mükafatlarım. Düz 11 il müddətində Ulu Öndərimizlə birgə Mərkəzi Komissiyada işləmişəm. 1993-cü ildə Heydər Əliyev prezident seçildi. Bugünkü Heydər Əliyev Sarayında andiçmə mərasimindəki çıxışı məni heyrətə gətirdi. Bu parlaq, ziyalı, vətənə məhəbbət dolu nitqi mütləq kitab şəklində çap etdirməyə qərar verdim. Çünki o vaxt kolleksiyamda artıq Kennedinin andiçmə mərasimindəki nitqi çap edilmiş mini-kitab vardı. Moskvaya yollandım. “Vətənə, dövlətə, millətə sədaqət andı” adlı mini-kitabı Azərbaycan, rus, ingilis dillərində çap etdirdim. 1995-ci ildə Axundov adına Kitabxanada 2000-ə yaxın kitabımı nümayiş etdirdim. Açılış mərasimindəki çıxışımda da bildirdim ki, mənə məkan verilsə, məmnuniyyətlə muzey açardım. Ulu Öndərimiz də çıxışı zamanı diqqəti mənim təklifimə yönəltdi. Sonra soruşdu ki, Zərifə, bu kitabların hamısı sənindir? Dedim, cənab prezident, burda cəmi 2000 kitab var. Amma mənim kolleksiyamda 4000 mini-kitab toplanıb. Heydər Əliyevin tapşırığı ilə İçəri Şəhəri gəzib, istədiyim məkanda muzeyi açmağa qərar verdim. Beləcə kolleksiyam da günbəgün zənginləşdi.

Похожее изображение

– Yəqin ki, muzeyin ziyarətçiləri arasında xarici vətəndaşlar çoxluq təşkil edir?

– Öncə onu deyim ki, muzeyimizə giriş pulsuzdur. Bugünədək 380 mindən çox ziyatətçimiz olub ki, onların da çoxu əcnəbilərdi. İstərdim ki, öz vətəndaşlarımız da kitaba belə maraq göstərsinlər. Bu məqsədlə Naxçıvanda, Gəncədə və Şəkidə filiallarımızı açmışıq.

– Zərifə xanım, bunu çoxdandır sizə demək istəyirdim. Mənim üçün siz dünyanın ən zəngin qadınısınız. Belə böyük sərvət hər kəsə nəsib olmur.

– Eyni sözləri mənə vaxtilə muzeyimizə səfər edən Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel də demişdi. Hətta xatirə kitabımızda belə bir cümlə yazıb: “Əzizim, Zərifə! Çox sağ olun – Siz dünyanın ən varlı qadınısınız”. Jerar Depardye isə “Qəlbinizdəki böyük məhəbbət üçün minnətdaram, belə unikal kolleksiya üçün Bravo!” deyə öz hisslərini yazıya köçürmüşdü. Məni yaşadan da bu dəyərdir. (Publika.az)

Minval.İnfo