“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidov hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehtiram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Fədail Mövsümov şahid qismində dindirilib.

O, həmin gün hadisə baş verən yerə gedən polis əməkdaşlarından biri olduğunu deyib.

O bildirib ki, hadisə yerinə çatanda sonradan tanıdığı Bəhruz Dilbazinin xəsarət aldığını görüb: “Sonra da Ehram Məcidovu gördüm. O da ayağından xəsarət aldığını dedi. Təcili yardım çağırıldı”.

Fədail Mövsümov suallara cavabında qeyd edib ki, Ehram Məcidovun əlində və ya hadisə yerində beşbarmaq görmədiyini deyib.

Hakim elan edib ki, şahidin istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyət var. Belə ki, şahid polis əməkdaşı istintaqda söyləyib ki, hadisə yerinə çatanda Ehram Məcidov söyüş söyürmüş. O, həmçinin Ehram Məcidovun qayınatasını beşbarmaqla vurduğunu, lakin polislər hadisə yerinə çatana qədər həmin soyuq silahı gizlədə bildiyini deyib.

Bu ziddiyyəti izah edən şahid söyləyib ki, istintaqdakı ifadəsini xatırlamır və məhkəmədə dedikləri həqiqətdir.

Məhkəmədə işi araşdıran Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Mehman Ələsgərov da dindirilib. Ona məhkəmədəki ziddiyyətlərlə bağlı suallar verilib.

Mehman Ələsgərov şahidlərin hamısının sərbəst ifadə verdiyini, heç bir təzyiq göstərilmədiyini deyib. O bildirib ki, şahidlər ifadələrini oxuyaraq imzalayıblar.

Hadisənin baş verdiyi yerdə olan əsas şahidlər, icra şöbəsinin əməkdaşlarının istintaqa və məhkəməyə fərqli ifadə verməsinin səbəbi müstəntiq Ələsgərovdan soruşulub.

Müstəntiq bildirib ki, icraçı Vüqar Alıyevin Ehram Məcidovla tanışlığı var. Buna görə də onun əleyhinə ifadə vermək istəməyib və həmçinin iş yoldaşlarını da buna sövq edib.

Müstəntiq əlavə edib ki, Vüqar Alıyev buna görə də ikinci dəfə ifadə verməkdən imtina edib.

Hakim sual verib ki, niyə bunu protokollaşdırmadınız?

Müstəntiq isə cavabında deyib ki, Vüqar Alıyev ifadəsini təsdiq etdiyini deyib.

Mehman Ələsgərov şübhəli şahid ifadələri ilə bağlı Məhkəmə Xəttşünaslıq Ekspertizasının keçirilə biləcəyini bilsirib.

Müstəntiqdən o da soruşulub ki, niyə ekspertiza təyin olunması ilə bağlı qərarı Ehram Məcidova təqdim etməyib. Müstəntiq isə cavabında deyib ki, qərar E.Məcisova təqdim edilib.

Polis mayorunun dediklərinə Ehram Məcidov da münasibət bildirib. Mayor söyləyib ki, Vüqar Alıyev heç bir tanışlığı yoxdur. Onu da qeyd edib ki, ekspertiza ilə bağlı qərar ona təqdim edilməyib: “Mehman Ələsgərov mənim yanıma gəlmişdi. Mən ona dedim ki, dövlətin sənə verdiyi vəzifəni layiqincə, vicdanla yerinə yetir. O da mənə dedi ki, onluq heç nə yoxdur. Bildirdi ki, bu işi ancaq Əli Nağıyevə demək olar. Başa düşmürəm ki, bu işdə Əli müəllimin adı niyə çəkilməlidir?”.

Daha sonra hakim Cavid Hüseynov polis mayoruna sual verib:

“İlk dəfədir ki, bir prosesdə şahidlər kütləvi şəkildə ifadələrini oxumadan imzaladıqlarını, belə ifadə vermədiklərini deyirlər.

Cinayət işi materiallarından görünür ki, siz 5 şahidə “Ehram Məcidovun qayınatasını vurması haqda nə bilirsiniz” sualını vermisiniz. Hamısı da sözbəsöz eyni ifadəni veriblər.

Hamısı da deyib ki, Ehram Məcidovun qayınatasını beşbarmaqla vurduğunu biliblər, amma həmin soyuq silahı gizlətməyə müvəffəq olub. Bu haqda nə deyə bilərsiniz? Necə olub ki, sizin verdiyiniz sual da, ifadələr də eynidir”.

Müstəntiqin cavabl belə olub: “Əvvəlcə polis əməkdaşları dindirilən zaman hadisə barədə məlumat verdilər. Bunun əsasında da şahidlərə həmin sual verilib”.

Cavabların eyni olmasını isə müstənriq belə izah edib: “Eyni məzmunlu cavablar olduğuna görə eyni ifadələr yazılıb”.

Hakim Eldar İsmayılov bildirib ki, bu hissədə müstəntiqin yaradıcılığı hiss olunur. Məhkəmədə elan olunub ki, şahid Nəbi Allahverdiyevin ifadəsində imzalar fərqli olub. Hakim həmin ifadələrdəki imzalar baxması üçün müstəntiqə təqdim edib. Müstəntiq baxıb və imzalar arasında “nisbətən oxşarlıq” yoxdur deyib. Hakim isə söyləyib ki, imzalar arasında ümumiyyətlə oxşarlıq yoxdur.

Müstəntiq cavab verib ki, ilk ifadəni özü almayıb. Hakim isə bildirib ki, Nəbi Allahverdiyev məhkəmədə dindirilən zaman ikinci dəfə ifadə vermədiyini deyib: “Nəbi Allahverdiyev qeyd etdi ki, siz ona bildirmisiniz ki, imza atmaq lazımdır və işi təcili göndərməlisiniz”.

Müstəntiq həmin şahidin harada olduğunu soruşub. Hakim isə bildirib ki, şahid zalda olmasa da, ifadəsi protokolda qeyd edilib.

Hakim onu da xatırladıb ki, icra şöbəsinin əməkdaşları məhkəməyə müraciət edərək ifadələrinin təhrif olunduğunu deyiblər.

Belə ki, icra məmurları Şəhriyar Şirinov və Nəbi Allahverdiyev məhkəməyə müraciətlərində yazıblar ki, müstəntiq Mehman Ələsgərov çalışdıqları icra şöbəsinə gələrək yenidən izahatlara imza atmalarını istəyib: “Müstəntiq dedi ki, ifadələrdə hərf səhvləri olduğu üçün prokurorluqda müstəntiq onu danlayıb. Buna görə də yenidən ifadəyə imza almağınızı istədi. Biz də imza atdıq. Etibarımızdan sui-istifadə edilib və aldadılmışıq. İfadədə Ehram Məcidovun zərərçəkmişi beşbarmaqla vurması barədə yazılanlar yalandır. Adımızdan yazılan həmin ifadədən imtina edirik”.

Hakim onu da elan edib ki, cinayət işi materiallarında olan ifadələr sadəcə rəqəmlər qələmlə yazılıb. Hamısı kompüterdən çap edilərək çıxarılıb.

Məhkəmədə şahidlərin dindirilməsindən sonra sənədlərin tədqiqi mərhələsi başlayıb.

Elan olunub ki, Ehram Məcidovun qayınatasını Bəhruz Dilbazini döyməsindən sonra zərərçəkmişin xəsarətləri ilə bağlı iki tibbi ekspertiza rəyi var.

İlk rəydə xəsarətlərin dərəcəsinin az ağır olduğu göstərilsə də, 4 ay sonra keçirilən tibbi ekspertizada xəsarətlərin insan sağlamlığı üçün təhlükəli olan ağır xəsarətlər olduğu qeyd edilir.

Ehram Məcidovun vəkili vəsatət verərək təkrar ekspertiza keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib və təkrar ekspertiza keçirilməsi ilə bağlı qərar elan olunub.

Məhkəmə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bildirək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun əməli sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.