Əsgərlikdən qayıtdıqdan sonra xalasının başqa bir şəxslə kəbin kəsdirdiyini öyrənən gənc əlini bıçağa atıb. O, qisas məqsədi ilə xalası ilə kəbin kəsdirən şəxsi bıçaqlayıb. Bu səbəbdən də ömrünün bir hissəsini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.

Minval.info xəbər verir ki, 1994-cü il təvəllüdlü Ruslan İbrahimov tanışı, xalası ilə ər-arvad münasibətində olan Ramil Şıxəliyevi ov bıçağı ilə vurub.

Hadisə ötən ilin sentyabrında Sumqayıt şəhərində baş verib. Ruslan xalası Ruhiyyə Rzayeva ilə qeyri-rəsmi nikahda olan Ramil Şıxəliyevin yaşadığı evə gələrək, onu həyətə çağırıb. Bu zaman Ramil Şıxəliyevi xalasının daimi yaşadığı evdən köçməsinə səbəb olmaqda günahlandıraraq ov bıçağı ilə ona bir neçə zərbə endirib.

Ruslan İbrahimov ifadəsində deyib ki, Sumqayıtda yaşayan xalası Ruhiyə Rzayevanın Baloğlan Rzayevlə rəsmi nikahdan iki övladı olub. Bir müddət sonra xalası ilə Baloğlan Rzayev ayrı yaşamağa başlayıblar, amma nikahları pozulmayıb.

Ruslan bildirib ki, 2017-ci ilin yay aylarında xalası ona yaşadıqları evdən çıxıb oranı kirayəyə verəcəyini deyib:

“Məktəb və bağçaya yaxın ev tutacağını dedi. Belə olacağı halda, işə də gecikməyəcəyini söylədi. Evi mənə kirayəyə verməyi xahiş etdim və razılaşdıq. Xalam köçməmişdən əvvəl Ramil Şıxəliyev ailəvi dost kimi onlara gəlib gedirdi. Onunla normal münasibətim var idi. Sonra xalamın kirayə köçdüyü evə gedib-gələn zaman da Ramili bir neçə dəfə orada gördüm. Xalamdan soruşanda dedi ki, Ramillə dostdular. Bir neçə ay sonra Ramili yenə orada gördüm. Ramildən həmin evə gəlməsinin səbəbin soruşdum. Ramil ora xalama görə gəldiyini, kəbinləri olduğunu, xalamın ərini atdığını, qardaşının həbsxanada olduğunu və buna görə də ailə kimi sahib çıxdığını dedi”.

Ruslanın ifadəsindən məlum olub ki, xalasının keçmiş əri ailəsi ilə barışmaq istəyib. Lakin Ruhiyyə Rzayeva bu təkliflə razılaşmayıb. Ruslan isə bunun günahkarı kimi Ramili görüb və gecə ilə onun evinə gedib. Ramili bıçaqladığını etiraf edən Ruslan bunu xuliqanlıq niyyəti ilə deyil, namus üstündə etdiyini deyib.
Məhkəmə iclasında zərərçəkmiş Ramil Şıxəliyev də ifadə verib.

O, deyib ki, Sumqayıt şəhəri Nizami parkının yaxınlığındakı geyim mağazasında satıcı işləyib. Ruhiyə Rzayevanı da həmin mağazaya müştəri kimi gəlib-gedərkən tanıyıb və aralarında münasibət yaranıb. Sonradan Ruhiyə Rzayeva da həmin mağazada satıcı kimi işə düzəlib.

“Ruhiyə ilə söhbət zamanı ailəli olduğunu, ərinin 60 yaşı olduğunu, ailə qurduqdan sonra yaxşı münasibətlərinin olmadığını, işi ilə maraqlanmadığını, onu işə aparıb-gətirmədiyini dedi. Aramızda əvvəlcə dostluq münasibəti yarandı. Yoldaşımla Ruhiyəgilə qonaq da getmişik. Ruhiyə ilə yoldaşı arasında münasibətləri bərpa etmək üçün 9-10 ay çalışmışam. Lakin mümkün olmadı. Onlara gedib-gələrkən Ruslanı tanıdım. Ruslan hərbi xidmətdə olanda Ruhiyə ilə bir neçə dəfə onun yanına da getmişik”- deyən Ramil Şıxəliyev qeyd edib ki, bir müddət sonra Ruhiyə ilə aralarında qarşılıqlı sevgi münasibətləri yaranıb.

Ramil Şıxəliyev bildirib ki, bu münasibətlər yaranandan sonra Ruhiyə ilə kəbin kəsdirərək ər-arvad kimi yaşamağa başlayıblar. Bu münasibətdən Ramilin arvadının da xəbəri olub. Ramil Şıxəliyev söyləyib ki, Ruhiyədən bir qız övladı da var və onu öz ailəsi kimi saxlayır. O, qeyd edib ki, Ruslan əsgərlikdən gəldikdən sonra bu məsələlərə görə aralarından danışıq olub və bıçaqlanıb.

İş üzrə şahid qismində dindirilmiş Ruhiyə Rzayeva da zərərçəkmiş Ramil kimi eyni məzmunlu ifadə verib. Əlavə edib ki, hadisə günü Ramil “Whatsapp”dan ona zəng edib və Ruslanın onu küçədə bıçaqladığını deyib.

Qeyd edək ki, Bu əməlinə görə Ruslana Cinayət Məcəlləsinin 126.2.4-cü (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ruslan İbrahimovun vəkili apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb. Vəkil apellyasiya şikayətini əsaslandırarkən qeyd edib ki, müdafiə etdiyi şəxsin əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmadan, qəsdən sağlamlığa ağır zərər vurmaya tövfis edilməlidir.

Məhkəmə vəsatəti təmin edib. Ruslan İbrahimovun cəzası 7 ildən 4 ilə endirilib.

Minval.info