ABŞ Prezidenti Donald Tramp vaxtilə işğal olunmuş və uzun illərdir mübahisəli sayılan daha bir ərazinin İsrailə verilməsi barədə qərar qəbul edib.

Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə yəhudi dövlətinin beynəlxalq hüquqla Suriyanın ərazisi hesab olunan Colan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb. Binyamin Netanyahu bu addım qarşılığında ABŞ liderinə minnətdarlığını bildirib: “İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb”.

O, sənədin imzalandığı günü də “tarixi hadisə” adlandırıb.

2017-ci il dekabrın 6-da isə Donald Trump Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. O, bunu Yaxın Şərqdə sülh proseslərinə təkan vermək üçün “uzun zaman gecikmiş addım” olduğunu bildirmişdi.

Qüds şəhəri İsrail və Fələstin arasında mübahisəli məsələlərdən biridir.

Donald Trump bildirib ki, ABŞ Dövlət Departamentinə ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi barədə verdiyi göstərişə əməl edilib.

Həmin il dekabrın 21-də isə BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Qurum ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib.

Bundan əvvəl isə Donald Tramp BMT-nin Qüdsün İsrailin paytaxtı kimi tanımaması qətnaməsini dəstəkləyən ölkələrə maliyyə yardımını dayandıracaqlarını bildirərək, qərarının əleyhinə olan dövlətləri hədələmişdi.

Ağ evin indiki sahibi ötən günkü çıxışında prezident seçkisi qabağı belə bir vədinin olduğunu xatırladaraq, onu yerinə yetirdiyini deyib. Daha əvvəl Tramp İsrailin Colan yüksəklikləri üzərində suverenliyinin tanınmasının vaxtı gəldiyini demişdi.

Bəs Colan yüksəlikləri kimindir? İsrail işğalınadək bu ərazidə Colan (Kolan) türkləri yaşayıb. İşğaldan sonra onlar yurd-yuvalarını təkr edərək, Suriyanın başqa bölgələrində yerləşdiriliblər. Colan türklərinə vəd edilib ki, işğaldan sonra onlar öz torpaqlarına qaydacaqlar. Ancaq həmin vaxtdan 52 il keçməsinə baxmayaraq, colanlılar, kolanlılar hələ də öz dədə-baba torpaqlarına qayıda bilməyiblər.

Qeyd edək ki, Colan təpələri 1944-cü ildən Suriyanın ərazisi sayılır. 1967-ci ildə 6 günlük müharibə zamanı İsrail bölgəni ələ keçirib. 1981-ci ildən ərazi İsrailin hüquqi nəzarəti altına keçməklə faktiki olaraq ilhaq edilib. BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinə əsasən, rəsmi Təl-Əviv bu qərarını ləğv etməli idi. Ancaq İsrail həmin ərazidə 30 yaşayış məskəni saldı və hazırda orada 20 minə yaxın insan yaşayır. Bu köçürmə qanunsuz olsa da yəhudi dövlətinin rəsmiləri buna məhəl qoymurlar. Colana köçürülən yəhudilərlə çiyinə-çiyinə əsasən druzlardan ibarət olan suriyalılar yaşayır.

Qüdsün ABŞ tərəfindən birtərəfli tanınmasına beynəlxalq etirazlar olduğu kimi, Donald Trampın Colanla bağlı sənədinə də etirazlar göstərilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb: “ABŞ İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanımaqla, yenidən beynəlxalq hüquqa etinasızlıq edib. Bu, regiondakı gərginliyi daha da gücləndirməklə yanaşı, Yaxın Şərqdə sülh istiqamətində göstərilən səyləri əngəlləyəcək”.

ABŞ Prezidentinin qərarı beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıqdır. Donald Trampın məlum addımı Suriyanın parçalanmasının başlanğıcı sayıla bilər. Çünki bu ölkədəki İŞİD-ə qarşı mübarizədən əvvəl və antiterror əməliyyatları zamanı Colan yüksəkliklərinin qaytarılması məsələsi də gündəlikdə idi. Belə ehtimal etmək olar ki, Suriyanın ərazisinin bölünməsi və separatçı–terrorçu qruplaşmaların dəstəklənməsi bundan sonra da güclənə bilər. Hətta İsrail hökumətinin Türkiyəyə qarşı olan terrorçu PKK qruplaşmasını müdafiə etməsinin də əsl mahiyyəti üzə çıxdı.

Narahatedici məqamlardan biri də dünyanın istənilən bölgəsində zəbt edilən torpaqlar üzərində ABŞ-ın işğalçının hüququnu tanımasıdır. Dünyada belə ərazilər az deyil. Həmin məntiqlə rəsmi Vaşinqton Krım yarımadasının Rusiyanın olduğunu da qəbul edə bilər. Çünki Colanla Krım arasında oxşarlıq var. Krım kimi Colan da türklərin torpaqları olub. Sonradan tarixi hadisələr nəticəsində başqa bir dövlətin ərazisinə çevirilib. Daha sonra baş verənlər isə uzaq keçmişdə deyil.

ABŞ həm də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi ilə bağlı münaqişənin həllində beynəlxalq vasitəçilərdəndir. Başqa sözlə, ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Donald Trampın bu addımı münaqişəli məsələlərin həllinə ABŞ-ın ədalətli münasibət göstərəcəyinin üzərinə ciddi şəkildə kölgə salır.

Beynəlxalq hüquq “güclüsənsə haqlısan”nın əleyhinədir. Çünki “güclüsənsə haqlısan” prinsipi daha çox meşə qanunlarına xasdır. İnsanlar isə “güclüsənsə ədalətli ol” düşüncəsi ilə tərbiyə edilir. Təəssüf ki, birinci hələ də hakimdir. Görəsən, Qüdsdən, Colandan sonra növbə işğal altındakı hansı ərazi olacaq? Hansı torpaqlar ədalətsizliyin qurbanına çevriləcək?

“Report”