Balıq və balıq məhsullarının insan orqanizmi üçün faydalı olduğu hamıya məlumdur. Payızın gəlişi ilə artıq balıq mövsümünə start verilib.

“Yeni Müsavat”ın reportyor qrupu da balıqların ən çox satıldığı “8-ci kilometr bazarı”na baş çəkib, balıqların qiyməti, saxlanma şəraiti və növləri ilə maraqlanıb. Biz bazara daxil olanda satıcılar balıqları sulayır, alıcı çağırırdı. 10-a yaxın piştaxtanın üzərindəki növbənöv balıqlar isə alıcı gözləyirdi. Bazarda dəniz, göl və çay balıqları alıcılara təklif olunur.

Satıcılar deyir ki, bu il balıqla bağlı qıtlıq yoxdur. İlk həmsöhbətimiz Səmayə İslamova oldu. O, bizimlə söhbətində bildirdi ki, 18 ildir balıq satışı ilə məşğuldur. Əslən Lənkərandan olan xanım satıcı balığın saxlanma şəraitindən danışdı:“Deyirlər ki, balıq yayda yeyilməz. Bizim zonada isə hər mövsüm balıq yeyilir. Balığı sevirik. Bu, işimizə də təsir edir. Təzə balığın qulağından tanıyırlar, qulağı ayrılır. Piştaxtamızda olan balıqla canlı balığın qulağına baxsaz, ikisinin də eyni olduğunu görəcəksiniz. Qiymətlərdə artım yoxdur, mart ayından başlayaraq balıq ucuzlaşır. Qiymətlər ancaq yanvarda bahalaşır. Balığı piştaxtada axşama qədər saxlayırıq. Çalışırıq ki, qalmasın. Ən çox sazan balığı satılır. Dəniz balığı daha bahadır, 8 manatdan başlayır”.

Digər balıqçı isə bildirir ki, alıcılar hər zaman canlı balıq alır: “Gündə iki dəfə balıqların suyunu dəyişirik, alıcılar da canlı balıq alırlar. Bəzən qəribə hadisələrlə də qarşılaşırıq. Balığın təzə olmasını qulağından bilmək olur. Bir dəfə bir alıcı canlı balığın qulağına baxdı və sual verdi ki, bu, təzədir? Gülməli haldır. Bu cür hadisələr çox gəlib başımıza”.

 

Adını açıqlamaq istəməyən satıcı isə təzə balıqla köhnə balığı fərqləndirməyin yollarından danışıb: “Təzə balığı gözündən tanımaq olar. Onun gözü açıq, duru, təmiz olur, Köhnə balığın gözü içəri batır. Sazan, kefal, xanı balığı, belamur, suf növləri var. Akvariumda olanlar süni artırılan balıqlardır, piştaxtada olanlar dəniz, göl balıqlarıdır. Balıqların qiyməti ucuzdur, 4 manatdan başlayır. Qiymət qoyanda camaatı düşünürük. Balıq da ətdən ucuz olduğu üçün Camaat alır, burada təmizləyib, doğrayıb veririk alıcıya”.

 

Könül İbrahim
Foto və Video Elçin Əkbərovundur
Yeni Müsavat