Tanınmış jurnalist Anar Gəraylının həyat yoldaşı Pərvanə Qurbanlıya qarşı fiziki zorakılıq tətbiq etməsi barədə məlumat vermişdik.

Belə ki, məsələ o qədər adi hal alıb ki, jurnalist həyat yoldaşını küçənin ortasında belə döyməkdən çəkinməyib. Gəraylının spirtli içki asılılığı olduğundan belə davranışlara yol verdiyi bildirilir. Lakin Pərvanə Qurbanlı onu sevdiyindən bütün bunlara qatlanıb və Anarın müalicəsi üçün əlindən gələni edib. Gəraylı isə həyat yoldaşına məhəl qoymayıb. Nəticədə isə bıçaq sümüyə dirənib.

Pərvanə Qurbanlının zorakılığa məruz qalması gündəm mövzusuna çevrilib. Sosial şəbəkələrdə insanlar Anarın bu hərəkətini şiddətlə qınayırlar. Eyni zamanda Qurbanlıya dəstək olduqlarını nümayiş etdirirlər.

Minval.info olaraq, hüquq mühafizə orqanından və hüquqşünasdan məsələ ilə bağlı münasibət öyrəndik.

DİN Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Minval.info-ya açıqlamasında qeyd etdi ki, zorakılığa məruz qalan şəxs hüquq mühafizə orqanlarına, ərazi üzrə polis bölmələrinə, 102 zəng mərkəzinə müraciət edə bilər:

“Təqsirli istər jurnalist, istərsə də sadə vətəndaş olsun, kimliyindən asılı olmayaraq, zərərçəkmiş hər hansı qanunsuzluqla, şiddətlə rastlaşdığı halda dərhal hüquq mühafizə orqanlarına bu barədə rəsmi müraciət etməlidir. Onun müraciəti əsasında araşdırma aparılır və araşdırmanın da nəticəsindən asılı olaraq lazımi tədbirlər görülür. Buyursun, kim zorakılığa, şiddətə məruz qalıbsa sosial mediaya deyil, hüquq mühafizə orqanlarına, ərazi üzrə polis bölmələrinə, 102 zəng mərkəzinə müraciət edə bilər. Biz də müraciətdən məsələyə hüquqi qiymət verək”.

Həmçinin mövzu ilə əlaqədar minval.info-ya fikirlərini bildirən hüquqşünas Rövşanə Rəhimova məsələnin ictimailəşdirilməsinə sevindiyini ifadə edib: “Pərvanə xanımın ictimai sektorun adamı olmasına görə bu məsələ gündəm mövzusuna çevrildi. Nə yaxşı ki, bu hal ictimailəşdi. Amma siz təsəvvür edin ki, bu cür vəziyyətlə qarşılaşan yüzlərlə xanımlarımız var. Hansılar ki, ehtiyat edirlər hüquq mühafizə orqanlarına müraciət etməyə. Məsələnin ictimailəşməsindən qorxurlar. Bunun səbəbi isə odur ki, ölkəmizdə məişət zorakılığı ilə mübarizə çox zəifdir. Düzdür, bununla bağlı qanun 2010-cu ildə qəbul olundu. Lakin qanun işləmə mexanizmi, təkminləşməsi hələ də inkişaf etməyib. İnkişaf etməməsinə səbəb isə bu sahədə ixtisaslaşmış kadrların demək olar ki, olmaması, “Ailə, Uşaq, Qadın Komitəsi”nin işlərinin nəticəsiz qalması bu qanunun inkişafını ləngidir. “Məişət zorakılığı ilə mübarizə” qanununa əsasən, Mühafizə Ordeninin verilməsinin ölkəmizdə sayı çox azdır. Halbuki, bunun verilməsi posesi asan və sadə olmalıdır. Zərərçəkmiş order üçün müraciət edib, məsələ dərhal araşdırmalı və zərərçəkmişə order verilməlidir. Həm də təqsirkar da artıq məsuliyyət daşıdığının fərqinə varır. Sözügedən hadisə ilə bağlı da deyə bilərəm ki, jurnalist Anar Gəraylının əməlləri təsdiq olunduğu halda o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinəcək. Əgər Pərvanə xanım əvvəl müraciət etsəydi, buna “Əzab vərmə” bəndi də əlavə olunardı”.

Qeyd edək ki, Pervana Qurbanova artıq vəkilinə müriciət edib və araşdırma başlayıb.

Əcəmi Əsədulla / Minval.info