Gələn tədris ili üzrə ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, abituriyent bu balın 300-nü maksimal olaraq buraxılış imtahanında, maksimal 400 balı isə qəbul imtahanında toplaya biləcək. Balları cəmlədikdə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur. M.Abbaszadə deyib: “Hazırda qəbul imtahanında hər bir ixtisas qrupu üzrə beş fənn təqdim olunur. Gələn ildən isə imtahan fənlərinin sayı azaldılaraq üçə endirilib”.

M.Abbaszadə əlavə edib ki, gələn il qəbul imtahanlarının suallarının tərkibində də müəyyən dəyişikliklər olacaq. “Bu isə ölkəmizdə tətbiq olunan kurikulum sistemindən irəli gəlir. Eyni zamanda, sualların təqdimolunma formatı da dəyişdiriləcək. Yəni daha çox açıq tipli suallar, eləcə də təkcə biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq. Keçən ilin yazında bu modelə uyğun sınaq imtahanı keçirdik. Bu imtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu, noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı keçirəcəyik”, – deyə M.Abbaszadə diqqətə çatdırıb. (AzərTAc)

Minval.info