Müasir dünyada diaspora və lobbiçilik fəaliyyətinin əhəmiyyətini izah etmək bəlkə də, çox yersizdir.

Qloballaşan dünyada konkret dövlətlərin maraqlarının ölkə xaricində təmin olunmasında təşkilatlanmış diasporanın mövcudluğu çox mühüm amildir. Bununla belə, çağdaş dövrdə ola bilsin, “diaspora nəyə lazımdır” sualını verən və ona cavab axtaran yeganə millətik. Ancaq konkret örnəklərə baxanda, bu sualın qətiyyən yerinə düşmədiyini aydın görərik. Hazırda dünyada on, hətta yüz illərdir ortada olan yəhudi, yunan, hətta erməni diasporalarının və onların vasitəçiliyi ilə həyata keçirilən lobbi fəaliyyətini qeyd etmək kifayətdir. Ümumiyyətlə, erməni diasporası olmadan Ermənistanın varlığını təsəvvür etmək mümkün deyil.

Adları çəkilən diasporalarla müqayisədə Azərbaycanın xarici ölkələrdə təşkilatlanmaq tarixi çox deyil – bu çərçivədə aşağı-yuxarı iyirmi illik fəaliyyətdən danışa bilərik. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və istiqamətlərini də Ulu Öndərin müəyyənləşdirdiyi diaspora fəaliyyətimiz bütün qitələrə yayılmaq üzrə, intensiv surətdə davam edir. İyirmi illik tarixə malik diasoporamızın fəaliyyətində müəyyən qüsurların olduğunu heç kəs inkar etmir – çünki təcrübənin qazanılması sövq-təbii yol verilən səhvlər üzərində qazanılır. Səhvlərsiz inkişaf olmur. Ötən həftə Niderlandın paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayında iştirak etdik.

Tədbirdən əvvəl qurultay təşkilatçılarının hazırladıqları və avropalılar üçün nəzərdə tutlan Azərbaycana həsr edilmiş rekviyem təqdim olundu. Etiraf edək ki, həmin rekveyim yüksək peşəkarlıqla hazırlanmışdı və orada görməyə alışdığımız qanlı məzmundan əsər-əlamət yoxdu. Rekviyevdə sadəcə, Xocalıya ədalət tələbi, bu məzmunla uzlaşan, yüksək ustalıqla seçilmiş klassik Avropa və Azərbaycan musiqisinin müşayiəti vardı. Bir sözlə, tədbir yüksək səviyyədə baş tutdu. Bir gün sonra baş tutan Qurultayda isə AAK-ın sədri və seçkili orqanlarının yeni tərkibi seçildi. AAK-ın qurultayı həm də azərbaycanlıların nümunəvi təşkilatçılıq qabiliyyətini avropalılara nümayiş etdirmək üçün əla vasitə oldu.

AAK-ın Qurultayına mən də dəvət edilmişdim və yüksək səviyyəli heyətin tərkibinə daxil edilməyim bir gənc olaraq, məni hədsiz qürurlandırırdı. Xüsusilə, dövlət böyükərimizdən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun tövsiyələrini bu qədər yaxından dinləmək imkanı qazanmaq məni bir gənc kimi çox fərəhləndirirdi. Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin sədri cənab Nazim İbrahimovun Qurultay nümayəndələri ilə az qala bir-bir görüşərək söhbətləşməsi, hətta gecə saatlarınna qədər bizi tək buraxmaması, o cümlədən, Komitə əməkdaşlarının qonaqlarla yaxından maraqlanmaları xüsusi qeyd olunası məqamlardır. Əlbəttə ki, AAK sədri Sahil Qasımovun Qurultayın yüksək səviyyədə keçirilməsi üçün göstərdiyi təşkilatçılıq bacarığını da vurğulamalıyıq. Qurultayda çıxış etmək şərəfi mənə də nəsib oldu və diaspora siyasəti ilə bağlı fikirlərimi bildirdim.

Eyni zamanda, Qurultayın xüsusi panelində imzalarına hörmətlə yanaşdığım Azərbaycanın media generalları ilə birlikdə müzakirələrdə iştirak etdim. Sözsüz, yüksək səviyyədə təşkil olunmuş Qurultayda bir “xaric not” səslənməliydi. Hər halda, belə vacib tədbirdə kimsə özünü hamıdan fərqlənən “Ağ qarğa” kimi göstərməliydi. Ancaq təəssüf ki, həmin “Ağ qarğa” özünün fərqlilik istəyinin “barıt”ını zəruri dozadan xeyli artıq elədi. Qurultayı media vasitəsilə izləyənlər söhbətin Eynulla Fətullayevdən getdiyini dəqiq təxmin etdilər. Hə, məhz Fətullayev Avropa azərbaycanlılarının həmrəylik tədbirində “axına qarşı çıxmaq” üçün boş cəhdlərinə yenə ara vermədi.

Azərbaycan ictimai rəyi Fətullayevi kosmopolit düşüncənin əsas daşıyıcılarından biri kimi tanıyır və heç kəs ondan milli mövqe gözləyəcək qədər sadəlövh deyil. Düşmən ermənilərlə Sülh Platforması yaradan, onların Bakıya hər gəlişini bayram edən, redaksiyasında iş verib himayəsinə götürən adamdan bəhs edirik. Ancaq onun sözügedən Qurultayda bunca irəli gedərək, Azərbaycan qadın və kişilərini aşağılayacağını, ən yeni tariximizdə yeri olan siyasətçilər barəsində vulqar ifadələr işlədəcəyini mən də gözləmirdim. Onun adlarını çəkdiyim yüksək vəzifəli dövlət rəsmilərinin yanında milli dəyərlərimizə, adi ədəb qaydalarına zidd davranışlara yol verməsi və bunu öz üstünlüyü kimi göstərməyə çalışması gerçəkdən, ikrah doğururdu. Lakin onun bu hərəkətlərinə əsla təəccüblənmədik. Çünki onun Amsterdama xüsusi missiya ilə gəldiyini bilirdik.

Yəni konkret desək, adam öz xislətindən irəli gələn vəzifəsini yerinə yetirirdi. Zatən, yazdığı “Qarabağ gündəliyi” ilə erməni dəyirmanına su tökən Fətullayev bu çıxışı ilə kimlərin sifarişini yerinə yetirdiyini açıq göstərdi.