Hikmət Hacızadə: “Övladını rus məktəbinə qoymaq istəyən valideyn də vergi ödəyir, onların da haqqı var pulsuz oxusunlar”; Kamran Əsədov: “Rus bölməsini pullu etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadəlövhlük olardı”

Zaman-zaman orta məktəblərdəki rus bölməsi ilə bağlı müzakirələr yaşanır. Son bir neçə ildə isə bu müzakirələr xüsusilə intensivləşib. Səbəb rus bölmələrində yerlərin az olması, valideynlərin öz övladlarını rus bölməsində oxutmaq üçün dava-dalaşa çıxmasıdır.

BDU-nun professoru, deputat Kamilə Əliyeva bir neçə gün bundan öncə ölkədəki rus məktəblərinin ödənişli olmasını təklif edib: “Əvvəllki illərlə müqayisədə övladlarını rus dilində tədris həyata keçirən məktəblərdə oxutmaq istəyənlərin sayı artır. Hətta bir çox valideynlər uşaqlarının rus dilində danışması, bu dilə mükəmməl yiyələnməsi üçün onları pullu hazırlıq kurslarına, ”repetitor” yanına hazırlığa göndərməkdədirlər. Dil, xüsusilə çox dilmək yaxşı əlamətdir. Bu, həm də mənəvi bir üstünlükdür. Amma bəzən bu məsələdə ifrata varmaq, əndazəni aşmaq halları da var. Uşaqlarını rus məktəblərində yerləşdirə bilmədikləri üçün hay-küy salan, az qala aləmi bir-birinə vuran insanlarımız yaxşı olardı ki, başqa ölkələrin təcrübəsini də öyrənəydilər və biləydilər ki, orada xarici dil üçün dövlət pullu təhsil-tədris keçirir. Dövlət müəyyən qədər əlavə vəsait ayırır və məhz o vəsaitə uyğun şəkildə də yerləşdirmələr aparır, yəni heç də hər kəs övladını xaric dildə tədris keçirən məktəbdə oxuda bilmir. Odur ki, bizdə də, nəhayət, bu təcrübədən istifadə etmək, yararlanmaq olar və vacibdir”.

Bəs son bir neçə ildə rusdilli məktəblərə olan aşırı diqqətin kökündə nələr dayanır?

Politoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ 3-4 ildir müzakirə olunur. Müsahibimiz hesab edir ki, rusdilli məktəblərdə təhsilin pullu olması söhbətini müzakirə etməzdən əvvəl “valideynlərin nəyə görə rusdilli məktəblərin qapısını sındırmasının” səbəbini öyrənmək lazımdır: “Soruşmaq lazımdır ki, ay valideynlər, özünüzü niyə öldürürsüz rus bölməsi üçün? Niyə tapşırıqla, rüşvətlə uşağınızı 50 nəfərlik siniflərə salırsınız? Bu, elə-belə, səbəbsiz ola bilməz. Kim ki bunun dəb olduğunu deyir, səhv edir. Belə dəb olmur”.

Müsahibimiz bildirdi ki, ümumiyyətlə, rus məktəblərinin ödənişli olması təklifi absurddur. Onun sözlərinə görə, həmin məntiqlə Azərbaycan bölməsi büdcədən formalaşır, büdcə isə vergilərdən: “Övladını rus məktəbinə qoymaq istəyən valideyn də dövlət büdcəsinə vergi ödəyir. Onların da haqqı var pulsuz oxusunlar. Bu, ayrı-seçkilikdir. Bu ölkədə 150 min rusdilli var. Bu, onların doğma dilidir. Onların dilini təmin etmək lazımdır”.

H.Hacızadə vurğuladı ki, “onsuz da uşaq rus dilini öyrənəcək”  deyərək, övladını rus dilində individual məşğələyə göndərən, televizorda rus dilində filmlərə baxdıran valideynlər məqsədlərinə nail ola bilmirlər. Müsahibimizin fikrincə, rus dilini bilməklə rus dilində oxumaq tamam fərqli anlayışlardır: “Sən nə qədər ingilis dilini bilsən də, ingilisdilli bir mühitə düşəndə nə onların zarafatını, nə də söhbətləri anlaya bilərsən. Çünki konteksti bilməlisən”.

Müsahibimiz valideynlərin öz uşaqlarını rusdilli məktəblərə qoymasının arxasında ciddi səbəblər olduğunu dedi: “Hamımız qəbul etməliyik: rus məktəblərində şagirdə münasibət başqa cürdür. Orada aqressiya azdır, qıza-qadına münasibət başqa cürdür. İnsanın azadlığına, fərdiyyətinə münasibət başqa cürdür. Bütün bunlar Tolstoydan gəlir”.

H.Hacızadə arqumentlər sırasında eyni zamanda bir məqamı da vurğuladı. Dedi ki, sovet vaxtında rus dilinin yayılması Azərbaycan dilinin itirilməsi demək idi və həmin vaxt  Azərbaycan xalqı assimilyasiya təhlükəsi qarşısında idi. Amma indi o təhlükə yoxdur. Kimsə rus bölməsində oxumaq istəyirsə, oxusun. Bununla Azərbaycan dilinə, təhsilinə töhfə verər. Rus  dili Azərbaycana Avropa mədəniyyətini gətirib”.

Müsahibimizin fikrincə, rus dili bizə pilot dil olaraq lazımdır. H.Hacızadə dedi ki, biz rus dili vasitəsilə bütün dillərin məhsulunu alıb, oxuya, mənimsəyə bilərik, “Rus dilini bilən dünya dilini bilir” deyən ekspert Azərbaycan bazarının çox kiçik olduğunu, 10 milyonluq ölkədə kitabların 300-500 nüsxə ilə buraxıldığını xatırlatdı: “İnsanlar kitabları rusdilli mənbələrdən əldə edirlər. Türk dili ilə bağlı o cür imkanlar yoxdur. Ruslar bura illərlə müəllim, kitab  töküb. Bu, milyardlıq bir xərcdir. İstəyərdim ki, türkdilli məktəblər də olsun. Amma türk dili dünyada pilot dil ola bilməyib. Rus dili xarici mənbələrdən materialları oğurlayır, nəticədə kitablardan pulsuz istifadə edirik. Bunun faydaları böyükdür”.

Qeyd edək ki, hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.

Kamran Əsədov ile ilgili görsel sonucu

Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a açıqlamasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etdi. Dedi ki, qanuna əsasən, dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bu, şagirdlərin təhsil bölməsindən asılı olmayaraq həyata keçirilir: “Bu təklif ona görə irəli sürülür ki, son illərdə rus bölməsində təhsilə ciddi maraq oyanıb. Rus bölməsini pullu etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadəlövhlük olardı. Bu, birincisi, vətəndaşların hüquqlarının pozulmasıdır. Çünki maddi vəziyyəti aşağı olan ailələrin övladları bu təhsildən məhrum olacaqlar. İkincisi, bu daha ciddi sıxlığa gətirib çıxara bilər. Çünki ödənişli təhsildə hansısa say məhdudiyyəti tətbiq etmək olmaz. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir”.

Xatırladaq ki, daha öncə təhsil üzrə ekspert Nadir İsrafilov mediaya açıqlamasında, ümumiyyətlə, rus bölməsinin ləğvini təklif etmişdi. Onun fikrincə, ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək. Ekspertin sözlərinə görə, dövlət büdcəmizdən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi öyrədilməlidir.

Ekspert həmçinin təklif etmişdi ki, rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Pulu və həvəsi olanlar belə məktəb aça bilərlər. Bir məqamı da qeyd edək ki, rus bölmələrində əsl problem ibtidai siniflərdən sonra başlanır. Çünki savadlı rusdilli fənn müəllimləri ya təqaüdə çıxıb, ya ölkəni tərk edib xaricə gediblər, ya da dünyalarını dəyişiblər.  Gənc kadrlar isə heç bir halda yaşlıları əvəz edə bilmirlər.