“Zavodun təmirə bağlanması “Ai-92” markalı benzinin qiymətinə təsir edə bilər”Baş nazir Novruz Məmmədov Azərbaycanda qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlərin müəyyənləşməsi ilə bağlı qərarı təsdiqləyib.

Qadağan edilmiş ərazilərdə yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s) üçün 1, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s) – 2, itburnu – 2, çaytikanı – 3, digər dərman bitkiləri – 2, şabalıd – 2, fındıq -2, qoz – 3, fıstıq toxumu -1,5, palıd – 1, cökənin yığılmasına görə -1,5 manat cərimə nəzərdə tutulub.

Sənəddə qeyd edilib ki, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır.

Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ötən il Azərbaycan meşələrindən 60 ton meyvə, ağac və kol toxumları yığılıb.

“Açığını deyim, bizim Quba, Qusar zonasındakı meşələrdə meyvələr tökülüb gedir, heç onları yığan da yoxdur. İnsanların heç öz bağındakı meyvələri yığıb satmağa o qədər də imkanları yoxdur. Amma bu qərar verilibsə, görünür nəyəsə əsasən verilib. Ancaq ümumilikdə götürəndə isə bu qərara ehtiyac yox idi. Onsuz da meşələrdə meyvələr yığılmayanda yerə tökülür, çürüyür, məhv olur. Əgər həmin meyvələri yığıb istifadə edirlərsə, buna şad olmaq lazımdır. Buna görə cərimənin tətbiq edilməsini başa düşə bilmirəm. Tutaq ki, insanlar həmin meyvələri yığmadılar. Kim gedib onları yığacaq? O meyvələr məhv olub gedəcək. Çünki onları yığıb qurtarmaq mümkün deyil. Ümumiyyətlə, mən bu qərarı başa düşə bilmirəm”.