Azərbaycanda əvvəllki illərlə müqayisədə övladlarını rus dilində tədris həyata keçirən məktəblərdə oxutmaq istəyən insanların sayında artım müşahidə edilir.

Mətbuatda isə tez-tez orta və ali məktəblərdə rus bölmələrinin sayının azaldılması və ya ümumiyyətlə ləğv edilməsi ilə bağlı çağırışlar mütəmadi olaraq gündəmə gəlir.

Hətta mütəxəssislər qeyd edirlər ki, rus dilində tədris həyata keçirən məktəblərdə oxuyan insanların sayında artımın müşahidə edilməsi, gələcəkdə Azərbaycan dilinin sıxışdırılmasına gətirib çıxaracaq.

Məsələ ilə bağlı Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arif Rəhimzadə Modern.az-a açıqlama verib.

Deputat Azərbaycanda rus bölmələrinin sayının azaldılması və ya ümumiyyətlə ləğv edilməsi ilə bağlı çağırışların tamamilə əsassız olduğunu bildirib.

“Bu cür düşüncələrin heç bir əsası yoxdur. Onda ingilis bölmələri qalmalıdır? Bu, düzgün yanaşma deyil axı. Azərbaycan dilinin sıxışdırılması məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, rus bölmələrinin fəaliyyət göstərməsi Azərbaycan dilinə heç bir təsir göstərə bilməz. Azərbaycan dili inkişaf edir. Sadəcə olaraq, tədrisin səviyyəsini, tələbkarlığı artırmaq lazımdır”.

Onun sözlərinə görə, elə etmək lazımdır ki, uşaqlar bütün biliyi məktəbdə alsınlar.

“Həmçinin müəllimlərin maaşlarını artırmaq lazımdır. Onlar vicdanla, üzərlərinə düşən məsələləri həll etməlidir. Rus bölmələrininin bağlanmasının, Azərbaycan dilinin inkişafına heç bir müsbət təsir olmayacaq”.