Rusiyadakı dünya çempionatında təmsil olunan daha 2 ölkənin milli assosiasiyası baş məşqçiləri ilə vidalaşmağı qərara alıb.

“Report”un məlumatına görə, bunlar Kosta-Rika və Yaponiya Futbol federasiyalarıdır.

Oskar Ramires 2015-ci ildən rəhbərlik etdiyi Kosta-Rika yığması ilə vidalaşıb. DÇ-2018-in qrup mərhələsində Serbiyaya 0:1, Braziliyaya 0:2 hesabı ilə uduzan mərkəzi amerikalılar İsveçrə ilə heç-heçə edib – 2:2. Nəticədə Kosta-Rika E qrupunda 1 xalla sonuncu yeri tutub.

Akira Nisino isə apreldən rəhbərlik etdiyi Yaponiya millisini tərk edəcək. Onunla iyulun sonlarınadək nəzərdə tutulan müqavilə uzadılmayacaq. Hərçənd “gündoğar ölkə” komandası mundialda 1/8 finaladək irəliləməyi bacarıb. Bu komanda Belçika ilə görüşdə 2:0 hesabı ilə öndə olduğu vaxt qapısından 3 top buraxararaq, mübarizəni dayandırıb. Nisinonu Yurgen Klinsmannın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, dünya çempionatının başlamasına bir gün qalmış Xulen Lopetegi İspaniya yığmasının baş məşqçi postundan kənarlaşdırılıb. Çempionatın gedişində isə Xorxe Sampaolinin Argentina, Ektor Kuperin isə Misir yığmalarından istefa verəcəkləri açıqlanıb. Dünya çempionatına iyulun 15-də yekun vurulacaq.