Xəbər verdiyimiz kimi, Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib. F.Abbasovun həbs olunması bir daha sübut etdi ki, bölücü siyasətlə məşğul olan, separatizmə yönəlik ideologiyanın təbliğatını aparmaq heç bir ədalətli dövlətlərin maraqında deyil. Amma görünən odur ki, Abbasov illərdir separatçı fəaliyyəti məşğul olaraq, Azərbaycan dövlətinə qarşı apardığı kampaniyasından əl çəkmirdi. Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayan Ermənistanın hakim dairələri ilə birlikdə eyni kampaniyanın aparıcısı olan F.Abbasov dəfələrlə qanunsuz olaraq Ermənistana səfər edib və öz əqidədaşları ilə konfranslar, yığıncaqlar, tədbirlər təşkil edərək daşıyıcısı olduğu separatçı ideologiyanın geniş təbliğinə yol verib.

F.Abbasovun həbsini İnterpress.az-a şərh edən Azərbaycan-Türkiyə Evinin (ATEV) icraçı direktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili bildirib ki, onun həbsi gözlənilən idi:

“F.Abbaszadənin həbsi zatən gözlənilən idi. Çünki dövlət başçısının apardığı uğurlu xarici siyasət nəticəsində Rusiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur. Hansısa separatçıların iki dövlət arasında mövcud olan dostluq münasibətlərinin pozulmasına yönəlik addımlar atması təbii ki, yolverilməzdir. Bunun da qarşısı alınmalı idi və alındı. Bildiyiniz kimi, o, illərdir ki, Rusiyada yaşayır və yaşadığı dövlətdən vətəndaşlıq istəyirdi. Amma məsələnin ən yaxşı tərəflərindən biri də odur ki, Rusiya dövləti hansısa separatçıya vətəndaşlıq verib öz adına ləkə gətirə bilməzdi və belə də oldu. Təbii ki, Rusiya ona vətəndaşlığını vermədi. Bunu Rusiyada yaşayan vətəninə bağlı azərbaycanlılar çox gözəl bilir ki, F.Abbasov Rusiyadakı həmvətənlərimiz arasında separatçılığı, Azərbaycan əleyhinə kampaniyalar aparmağa dəfələrlə cəhd edib”.

Ekspertin sözlərinə görə, Abbasovun tərəfdaşları da Azərbaycana düşmən kəsilən qüvvələrdir: “Sirr deyil ki, Abbasov dəfələrlə Ermənistana səfərlər edib və Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni əqidədaşları ilə birlikdə kampaniyalar aparıb. Diqqətlə fikir versək görərik ki, Abbasovun ətrafında azərbaycanlı dəstəkçiləri demək olar ki, yox idi. Ona cənub bölgəsindən olan Azərbaycan vətəndaşları tərəfindən heç bir dəstək olmadığı da məlumdur. Azərbaycanın cənub bölgəsindən olan bacı-qardaşlarımızın da F.Abbasova olan nifrətindən xəbərimiz var. Bizim cənublu, şimallı, şərqli, qərbli – bütövlükdə dövlətinə, millətinə, xalqına və Vətəninə bağlı olan cəmiyyətimiz heç zaman separatçı fikirlərin təbliğatçısının oyunlarının qurbanı olmaz. Onun tərəfdaşlarının da kimliyi hamıya bəllidir. O, sadəcə olaraq, Ermənistanın hakim dairələrinin və müttəfiq olduğu erməni diasporlarının nümayəndələrinin bahalı sifarişlərini yerinə yetirirdi”.

T.Allahverdili hesab edir ki, Abbasovun həbsi ilə bir daha haqq-ədalət öz yerini tapdı: “Bununla da, Abbasovun, onun yaxın silahdaşlarının və eləcə də onunla birlikdə Azərbaycan xalqına qarşı çiyin-çiyinə silahlananların arzuları ürəklərində qaldı. Hesab edirəm ki, bu həbslər F.Abbasovla bitməməli, bunun davamı da gəlməlidir”.

ATEV-in icraçı direktoru bildirib ki, separatçıların carçısı kimi Rusiyada Azərbaycana qarşı fəaliyyət kampaniyası aparan “OTV” kanalı da bağlanmalı və bununla da bağlı qanuni ölçü götürülməlidir: “”OTV”nin rəhbəri Zabil , eyni zamanda, Rusiyada Azərbaycan əleyhinə separatçılıqla məşğul olan, ən böyük separatçılardan biri kimi tanınan İsmayıl Şabanov da həbs olunmalıdır. Çünki bunların azadlıqda olmaları Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə, həmçinin Azərbaycanda bir sıra fəsadların artmasına yol aça bilər. Təbii ki, bu separatçıların erməni diaspor təşkilatları ilə sıx əməkdaşlıq etmələri zaman-zaman aşkara çıxıb. İsmayıl Şabanov bir müddət əvvəl qondarma Osetiya Respublikasının müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirlərdə “Talış Respublikası”nın nümayəndəsi kimi iştirak edib”.

Qeyd edək ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Fəxrəddin Abbasov Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı hədyan çıxışlar edib. O, Ermənistanda dəfələrlə səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib.

Məlumat üçün bildirək ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Minval.İnfo