Azərbaycan ədəbiyyatının görkəmli şəxslərinə “ilişib” gündəmə gəlmək artıq dəb halını alıb.

Hər yerindən duran, diqqət cəlb etmək istəyən bununla sanki “mən də varam”, “nooolar mənə baxın” deyir. Ardıcıl olaraq belə statusların yazılması heç də təsadüfi görünmür. Necə olur ki, bu şəxslərdən biri yazır, bir müddət sosial şəbəkədə söyülür, müzakirə olunur, az sonra eyni vəziyyət yenidən yaranır. Digəri bu “mühüm” missiyanı davam edir.

Hətta bu yaxınlarda belə şəxslərdən biri sərxoş olduğundan etiraf edib ki, onlar bir araya gələrək gündəm olmaq üçün bu cür yola əl atırlar. Məsələn, toplantıda “sən sabah bu şəxs haqqında yaz, o biri gün başqası haqqında mən yazacağam” kimi “mühüm” tapşırıqlar verilir.

Minval.info xəbər verir ki, özünü istedadlı, yazıçı, şair kimi qələmə verənlərdən biri Elşən Filankəsov* (filankəsov haqda aşağıda) yazdığı statusu ilə özünü gözə soxmağa çalışıb. Belə ki, o, Mikayıl Müşfiqin mənasız adam olduğunu yazıb: “Onun bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması, təsadüfdür”.

Bu şəxs hətta bir az da irəli gedərək şairin “qıjı” düşüncəyə sahib olduğunu qeyd edib: “Düşüncəsi 15 yaşlı qaqaşın düşüncəsindən aşağıymış. Mənə elə gəlir onun bütün şeirləri, mənim bir şeirimə dəyməz. Sadəcə, o, nakam ölüb deyə, caamatın ona yazığı gəlir”.

Bir insan barədə fikir bildirmək, kimisə tənqid etmək hamının haqqıdır. Lakin bu şəxsin yazdıqları təbii ki, tənqid yox, təhqirdir. Sağlam düşüncəli insan nəyə görə kimisə durduq yerdə təhqir etsin axı?!

Filankəsov soyadına gəlincə, Elşən adlı şairin istəklərinin gerçəkləşməməsi, yəni diqqəti çəkmək arzusunun çin olmaması üçün soyadını qeyd etmədik. Onun haqqında artıq yazılıbsa belə, Mikayıl Müşfiq barədə fikirlərinə görə soyadını Filankəsov yazmaq Elşən adlı şəxsə canlı kimi hörmət əlamətidir.

Samir Mirzə / Minval.info