Səfayə Əhmədova: “Jurnalistin döyülməsinin Səhiyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur”

Bu günlərdə AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsi qalmaqal yaratdı, geniş müzakirələrə səbəb oldu. Bu qalmaqal səngiməmiş daha bir jurnalist, unikal.org saytının əməkdaşı Famil Fərhadoğlunun peşə fəaliyyətini yerinə yetirərkən təhqir və təzyiqə məruz qalması haqda məlumat yayıldı. Jurnalistin iddiasına görə ona qarşı insident törədənlər Səhiyyə Nazirliyinin əməkdaşları olub. Belə ki, hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Qəbiristanlıqda mərhumun dəfn mərasimini lentə alan jurnalist hücuma məruz qalıb, üz və qol nahiyyəsindən xəsarət alıb, həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Jurnalistlərin Həmkarlar İttifaqı məsələyə öz münasibətini bildirib. Qurum sədri Müşfiq Ələsgərov həmçinin qeyd edib ki, digər bir jurnalist də məhkəmə işinə dair quruma müraciət edib:

“Araşdırdıq, yardım etməyə çalışdıq. Proses yekunlaşmaq üzrədir, iddiaçı öz ərizəsini geri götürüb, barışıq da olub, amma “bəzi kənar məmurlar” əl çəkmirlər, jurnalistlə aralarında olan köhnə “hesabı çürütmək” üçün məhkəmə prosesinin yenidən aktivləşdirilməsində təkid edirlər”. Jurnalistin adını ona görə çəkmirəm ki, həmkarımız məsələnin ictimailəşdirilməsini istəmir. Deyir ki, “ölkədə prezident seçkisi keçirilir, insanlar dövlətimizin sabitliyi, inkişafı naminə layiqli namizədin seçilməsi üzərində fokuslanıb. İstəmirəm kimlərsə mənim problemimdən istifadə edib, ölkədə azad sözə basqı olduğunu iddia etsin, aranı qarışdırsın”. Məsələnin kökü də budur, “əziz məmurlar”! Azərbaycan jurnalistləri Dövlətimiz, Millətimiz, Gələcəyimiz adına çalışırılar; Prezident İlham Əliyevin bu yöndə fəaliyyətinə dəstək olmaq istəyirlər; bütün bunları göz önünə alıb bəzən sizlərin anlamazlığınızı gözardı edirlər. Sakit davranırlar ki, bəlkə səhvlərinizi anlayasız, bir gün peşman olasız. Amma görünən budur ki, sakit davranmağımız sizlərdə fərqli assosiasiya yaradır. Belə davam edərsə, cavab tədbirlərimiz çox sərt olacaq! Adına görəv daşıdığınız dövləti bir azca da siz düşünün”.

Müşfiq Ələsgərli həmçinin qeyd edib ki, Jurnalistlərin Həmkarlar İttifaqı media ilə bağlı insidentlərin monitorinqini aparır.

unikal.org saytının əməkdaşı Famil Fərhadoğlu ile ilgili görsel sonucu

Məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı Səhiyyə Nazirliyinin mövqeyini öyrənib. Qurumun mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova jurnalistin döyülməsinin Səhiyyə Nazirliyinə heç bir aidiyyəti olmadığını deyib: “Hadisə zamanı mən özüm də orda olmuşam. Jurnalist dəfn mərasimini yaxından çəkməyə çalışırdı. Mərhumun qohumları ona dedilər ki, “çəkmə”. Mən də Familə yaxınlaşıb xahiş etdim ki, çəkməsin. O da dedi ki, “problem yoxdur”. Daha sonra qəbiristanlığa gedib, mərhumun cənazəsini yaxından çəkməyə çalışıb. Qohumları qışqırıb ki, çəkməsin. Familə yaxınlaşıb çəkiliş aparmasına maneə yaradıblar. Yəni, jurnalistlə insident yaşayan nazirliyin əməkdaşları deyil, mərhumun qohumları olub. Səhiyyə naziri və nazirliyin əməkdaşlarının bu məsələ ilə bağlı heç bir, qətiyyən aidiyyəti yoxdur”.

Jurnalist Famil Fərhadoğlu isə “Yeni Müsavat”a danışaraq, nazirliyin bu açıqlaması ilə razılaşmadığını deyib: “Öncə onu qeyd etmək istəyirəm ki, mərhumun evi önündə çəkiliş edərkən, heç bir problem yox idi. Hətta həmin zaman mənimlə bərabər bir neçə jurnalist həmkarım da var idi. Dəfn mərasimində də heç bir problemlə qarşılaşmadım. Ta ki, səhiyyə naziri Oqtay Şirəliyevin şəklini çəkəndə, bir nəfər işarə etdi. Bu zaman orta və gənc yaşlı iki kişi yaxınlaşaraq mənə hücum etdi, zorla telefonumu əlimdən aldılar. Yalnız telefon kartlarını götürməyimə imkan yaratdılar. Mən də kartlarımı çıxardıb, yerdən uzaqlaşdım. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq insident haqqında məlumat verdim.

Bunun ardınca isə iki nəfər şəxs redaksiyamıza gələrək telefonumu özümə qaytardılar və məni döyən şəxslərin adından üzrxahlıq etdilər. Sonradan məlum oldu ki, mənə hücum edən şəxsin atası məmurdur, anası da səhiyyə nazirliyində çalışır”.

Jurnalist bu məsələyə hüquqi qiymət veriləcəyinə ümid etdiyini dedi: “Mən yalnız öz peşəmi yerinə yetirmişəm. Aidiyyəti qurumlardan, o cümlədən Daxili İşlər Nazirliyi, Mətbuat Şurasından xahiş edirəm ki, tez bir zamanda yaşadığım insidentə hüquqi qiymət verilməsinə köməklik göstərsinlər. Çünki bu insident təkcə mənə qarşı deyil, ümumilikdə bütün jurnalistlərə qarşı bir haqsızlıqdır. Həmin insanlar cəzalandırılmalıdır ki, başqalarına da nümunə olsun. Jurnalistlər “4-cü hakimiyyətdir”, onlara qarşı bu cür təzyiqlər, təhqirlər, hücumlar yolverilməzdir”.