Son günlər kosmetoloq  və plastik cərrahların adı müxtəlif qalmaqallarda səslənir. Öncə öz-özünə “İnstagram”-da şərh yazıb, tərifləyiblər, sonra isə haqlarında bir çox iddialar ortaya atılıb.

Minval.info xəbər verir ki, başqasının adından özünə şərh yazmaq istəyərkən biabır olan kosmetoloq Elnarə Rzayevadan sonra, daha bir həkim yalançı şərhlərlə özünü gülünc vəziyyətə salıb. Hekimtap.az saytında qeydiyyatdan keçən plastik estetik cərrah Günel Bayramlının profilində şərhlər diqqət çəkir. Tərif dolu şərhlərin dördü eyni gündə – 25 apreldə yazılıb, digər 3 rəy isə ondan bir gün sonra. Belə olduqda bəziləri bu şərhlərin həkimin özünün yazdırdığını düşünür. Belə iddia olunur ki, cərrah sadəcə bir gün vaxtını həsr edib saxta profillər yaradaraq imicini formalaşdırmaq istəyib.

Həkimlər peşəkar, öz işində təcrübəli olsalar da, bu cür addımlarla özlərini gözdən sala bilərlər. İddialarla bağlı Minval.info doktor Günel Bayramlı ilə əlaqə saxlayıb. Həkim bildirib ki, hətta onun yazılan şərhləri belə oxumağa vaxtı olmayıb: “Həmin sayt mənlə əlaqə saxlayıb, müsahibə almışdı. Mən hətta girib öz müsahibəmi belə oxumağa vaxt tapmamışam. Kifayət qədər tanınan həkim olduğum üçün bu cür addımlar atmağa ehtiyacım yoxdur. Yenə də şərhlərə nəzər salacam”.

Minval.info