“Analar, qızlarınızı oxudun!”

Bu il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi qeyd edilir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2018 “Cumhuriyyət ili” elan edilib və dövlət səviyyəsində tədbirlər təşkil edilir. Şərqin ilk demokratik dövləti həmçinin şərqdə qadınlara ilk dəfə seçim hüququ verən ilk ölkədir. Ümumiyyətlə, AXC dövründə ziyalı qadınların da əvəzsiz xidmətləri var. Cümhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçilik, sosial, ictimai sahədə fəaliyyət göstəriblər.  Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmayıblar. Belə qadınlardan biri Cümhuriyyət parlamentinin yeganə qadın əməkdaşı Şəfiqə Əfəndizadədir. O, eyni zamanda Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir.

Minval.info Cümhuriyyət dövrünə işıq salan, parlamentin tək qadın əməkdaşı Şəfiqə Əfəndizadə barəsində araşdırmanı təqdim edir:

Şəfiqə xanım  1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi olub. Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından alıb. On dörd yaşında o, Şəki şəhərində atasının çalışdığı “Darrüssiyada” məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlayıb. Daha sonra Bakıya gəlib və qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla birlikdə çalışıb.

Şəfiqə 1901-ci ildə Tiflisə yollanıb, orada imtahan verib və müəllimlik attestatı alıb. Sonra yenidən Bakıya dönüb və rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyib.

Şəfiqə xanım Cümhuriyyət dövrünün ən fəal xanımı hesab olunur. O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətə sahiblənib. Həmçinin, Cümhuriyyət parlamentində stenoqramçı kimi çalışaraq, orada bütün Azərbaycan qadınlarını təmsil edib.

Bu xanım mütərrəqqi fikirlərinə görə xeyli təzyiqlərə də məruz qalıb. Məsələn, bir gün yas məclisində kişilərin yığışdığı məkana daxil olub və mollanın səhvini düzəldib. O zaman qadının kişi məclisində girişi yasaq olsa da, Şəfiqə xanım savadsız molla ilə mübahisə edib və bu da məclisdəkilərin hiddətinə səbəb olur.

1917-ci ilin aprelində Bakıda İsmailiyyə binasında Zaqafqaziya müsəlmanlarının qurultayı keçirilib. Qurultayda müxtəlif təbəqələrdən olan kişilərlə yanaşı, cəmi üç qadın – Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova iştirak ediblər.

Şəfiqə xanım, həm də dövrün digər ziyalı qadını Sara xanım qurultayda başıaçıq çıxış edəndə az qala böyük “İsmailiyyə” binası alqışlardan titrəyib. İnsanlar bir ağızdan “yaşasın hüruriyyəti nisvan!” deməklə bu iki xanımı alqışlayıblar. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasını tələb edib.

Qadınların çıxışından sonra  Bakının hörmətli şəxslərindən sayılan Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında çıxış etdiklərinə görə mühakimə edib. Bu zaman bütün zalda ara qarışıb, kimin kimlə savaşdığı məlum olmayıb. Maarifpərvər ziyalılar aranı sakitləşdirərək, qadınları gizlincə arxa qapıdan cıxarmağa nail olublar.

“Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır”

 Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının ağladığını görərək, ona yaxınlaşıb. Nə üçün ağladığını soruşanda qadın “Bu ki mənim həyatımdır, çəkdiyim əzablardır”, – deyə həyəcanla cavab verib. “Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır”, – deyə Şəfiqə xanım onu sakitləşdirib.

Sovet dövrü

Cümhuriyyət dövrünün adlo-alovlu yazıları, çıxışları ilə yadda qalan fəal qadını Şəfiqə Əfəndizadə Sovet dövründə də dinc dayanmayıb. Bu illərdə də müəllimliklə yanaşı, publisistik fəaliyyətini davam etdirib. 1923-cü ildə nəşrə başlayan “Şərq qadını” jurnalının redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olub. Jurnal o zaman onun haqqında yazıb:

“Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalisti və publisisti olub”. 

Tədqiqatçıların yazdığına görə, 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə xanım Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirak edib.

Şəfiqə Əfəndizadənin şagirdləri içərisində respublikamızın görkəmli dövlət xadimi olan Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova və Azərbaycan xalq şairi Mirvarid Dilbazini qeyd etmək olar. Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə “Analar! Qızlarınızı oxudun!” deyə ilk dəfə qadınlara müraciət edib. “Qadınlar hər hüquqdan məhrum qalırlarsa, o millət irəli gedə bilməz” – deyə yazıb.

Bütün ömrünü Azərbaycan qadınının maariflənməsinə, azadlığına həsr edən, 1937-ci ildən sonra hər gün qapısının döyüləcəyi qorxusu ilə bəraət illərinə gəlib çatan edən Şəfiqə xanım Əfəndizadə 1959-cu ildə Bakıda dünyasını dəyişib.

Dəniz Kərimzadə

Minval.info