Dermatoloq Fərhad Qarayev: “Günəş şüaları dərini siqaretdən və spirtli içkidən daha çox məhv edir”

Yay fəslinin gəlişinə az qalıb. Yazın sonlarından başlayaraq dəri günəş şüalarının təsirinə daha çox məruz qalır, allergiyalar artır, dəriyə ləkələr düşür.

Musavat.com məsələnin aktuallığını nəzərə alıb dermatoloq Fərhad Qarayevdən müsahibə alıb:

– Ziyanlı şüalardan necə qorunmaq lazımdır?

– Dərinin qorunması çox aktual problemdir. Dağlıq ərazidə günəş şüalarının təsir intensivliyi daha çox olduğu üçün, orada yaşayan insanların dərisi bu baxımdan daha çox zədələnir. Bəzən insanlara həddin artıq günəşlənməyi məsləhət görürlər. buna səbəb D vitamiin  çoxalması göstərilir Vitamin D çatışmazlığını bəhanə edib, həddən artıq günəşlənmək məntiqsizdir. Belə ki, Azərbaycan yay-qış günəşli ölkədir. Günəş qədər dəriyə ziyan verəcək ikinci amil yoxdur. Təbii ki, söhbət ətraf mühitin təbii təsirlərindən gedir. Hətta siqaret, spirtli içki, çirkli hava günəş qədər dərini məhv etmir. Daimi günəşlənən adam 10 il yaşlı görünür. Cavan qalmaq üçün birinci görüləcək iş günəşdən qorunmaqdır. Günəşdən dərini SPF tərkibli kremlər qoruyur. SPF akronimininin açıqlaması Günəş Əleyhinə Müdafiə Faktoru (Skin Protection Factor) deməkdir. Onun da dərəcələri var. SPF-i 30-dan yuxarı olan istənilən keyfiyyətli krem günəşdən qorunmaq üçün kifayətdir. Onu da nəzərinizdə saxlayın ki ən keyfiyyətli Günəşdən qoruyucu kremin belə təsir müddəti cəmi 2-3 saatdır. Əsasən sükan arxasında oturan sürücülər SPF kremlərdən istifadə etməlidir. Bir başa günəş şüalarının altında olmamaq, hələ tam müdafiə olunmaq demək deyil. Belə ki, Günəş şüaları ətraf mühitdən, oradakı cisimlərdən əks olunaraq, olduğumuz məkanın və ya avtomobilin pəncərə şüşəsindən də keçərək dərimizə nüfuz edə bilir.

 

– Azərbaycanda dəri-zöhrəvi xəstəlikləri ilə bağlı mövcud vəziyyət necədir?

– Siz yəqin statistik məlumatları bilmək istəyirsiniz. Təəssüflər olsun ki, ölkəmizdə nəinki dəri-zöhrəvi xəstəliklər, tibbin hər hansı başqa sahəsində, zənnimcə, istənilən sahədə statistik məlumatların qıtlığı ilə üzləşmiş oluruq. Bu sualınıza hər həkim şəxsi təcrübəsindən qaynaqlanaraq cavab verə bilər ki, bu da obyektiv reallığı əsla əks etdirməyəcək.

– Son illər dəri xərçəngi geniş yayılıb. Azərbaycanda vəziyyət necədir?

– Statistik məlumat verə bilməyəcəyəm. Lakin onu deyə bilərəm ki, Qafqaz coğrafiyasında yaşayan xalqların şimali Avropa, slavyan, bir sözlə daha ağ dəri tipinə sahib xalqlara nisbətən dəri xərçənginə davamlılığı daha çoxdur.

Снимок1.JPG (55 KB)

– Fəsil dəyişikliyi insan orqanizmində allergik fəsadlara səbəb olurmu?

– Xüsusilə yaz fəslində ağacların çiçəklənməsi ilə əlaqədar olaraq toz allergiyası artır. Bundan əlavə digər nadir allergiyalar da var ki, bunlar günəş və istilik allergiyasıdır. Buna şəraiti havaların isinməsi yaradır.

– Qadınların daim cavan və təravətli qalmaları üçün etməli olduqları gigiyenik qaydalar hansılardır?

– Daha öncə dediyim kimi, ilk olaraq Günəşdən qorunmaq… 2-ci önəmli tədbir isə dərinin nəmliyinin qorunması, yəni daim nəmləndirilməsi… Xüsusi ilə də dəri qurumağa meyllidirsə və yaxud az rütubətli coğrafiyada yaşayırsınızsa, tez-tez hamamlanırsınızsa (bu zaman dərinin təbii yağ örtüyünü yuyub aparmış oluruq), daha tez qocalacaqsınız.

Снимок3.JPG (74 KB)

– Xanımların çoxunun müraciət etdiyi və dəriyə zərər verən prosedurlardan biri də solariumdur.

– Qadınlar daha çox qaralmağı xoşlayır. Son illər solariumun reklamlarının artması dəri problemlərini artırıb. Solariumdan uzaq qalan adam cavan qalır. İnsanlar bunu görüntü üçün etsə də, zərərlərini anlamır. Solarium dərini neçə il qocaldır. Bu sualınıza günəşin ultra-bənövşəyi (UB) şüalarının təsirindən danışarkən ətraflı cavab vermiş oldum. Qısaca onu deyə bilərəm ki, biz solariuma girəndə süni olaraq bu təsiri daha da artırmış oluruq, təbii ki, zərərləri də eyni nisbətdə artmış olur. UB şüaların təsirindən dərimizin elastikliyini və quruluşunu təyin edən elastin və kollagen lifləri zədələnir, tamlığı pozulur. Bu da daha tez üz dərisində dərin qırışların əmələ gəlməsinə, elastikliyin itməsinə gətirib çıxarır.

– Lazer epilyasiyası haqqında nələr deyə bilərsiniz?

– Lazer epilyasiyası bildiyiniz kimi istənilməyən tüklərin daha effektiv və uzun müddətli götürülməsi üçün istifadə olunan olduqca yayğın bir metoddur. Bu cihazlardan ayrılan lazer enerjisi tüklər tərəfindən udulur və bu enerji yüksək istilik ayıraraq tükləri məhv edir. Burda qeyd ediləsi məqamlar nədir: demək bu enerjinin tüklər tərəfindən udulmasının səbəbi onların tünd rəngdə olmasıdır. Bunu təmin edən melanin piqmentidir. O ən çox tüklərdə olur. Lakin təkcə tüklərə deyil, elə dərimizə də rəng verən o melanin piqmentidir. Bu piqmenti çox olan insanlar. Yəni rəngi tünd olan dəri bu prosedur zamanı lazer enerjisinin bir qismini udur. Və bu dərinin qızmasına daha ağır hallarda yanıqların əmələ gəlməsinə də səbəb olur. Dəri nə qədər tünd olsa, yanma ehtimalı bir o qədər artır. Bundan başqa bu prosedur düzgün həyata keçirilmədikdə dəridə tünd ləkələrin əmələ gəlməsinə və ya əksinə ağ ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Xüsusiylə prosedurdan sonra ultra-bənövşəyi şüalardan qorunmadıqda dəridə problemlər yaranır. Bu prosedur zamanı gözlərimizi qorumağı da unutmamalıyıq. Prosedur zamanı və ya sonra dəridə keçici qaşınmalar da ola bilər. Bu elə də qorxulu hal deyil. Bir neçə gün davam edən qızartılar, tük follikullarının ətrafında şişkinlik, ağrı, iynə batma hissiyyatı da ən çox gözlənilən yan təsirlərdəndir ki, bu ciddi narahatçılığa səbəb deyil. Bunlar keçicidir. Bir də epilyasiyadan sonra tövsiyə olunur ki, həmin ərazini təmiz saxlayın. Belə ki, tüklərdən azad olmuş nahiyə infeksiya üçün açıq qapı rolu oynayır. Nadir rast gəlinən hal olsa da, xanımlarımız və bəylərimiz lazer epilyasiyasından sonra ehtiyatı əldən verməsinlər.

Снимок4.JPG (70 KB)

– Solarium və ya lazer epilyasiyası hər hansı xəstəlik yaradırmı?

– Dərisində tünd rəngli xalları olan şəxslərə bu prosedurlar əks göstərişdir. Belə ki, həmin törəmələr bu cihazların hasil etdiyi şüaların təsirindən bəd xassəli törəmələrə çevrilə bilərlər. Lazer epilyasiyası zamanı həmin törəmələrin toxunulmazlığı təmin edilməlidir. Solariumda bu texniki cəhətdən (xüsusi örtük vasitələri ilə) mümkün olsa da, mahiyyətcə həyata keçirilməsi məntiqsizdi. Daha aydın desək, heç kəs solariuma ala-bəzək qaralmaq üçün getməz.