Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərəçəkmiş qismində Rübabə Ağayeva ifadə verib.

O deyib ki, ilk dəfə Hüseynin, sonra da anasının əməllərinin qurbanı olub.

“Evlərinə gedib Hüseynlə görüşdüm. Fala baxacaqdı, Quran açacaqdı. Xalamın qızı vasitəsi ilə onu tanıdım. Mənə dedi ki, sənə cadu ediblər. Anası da bunu dedi. Cadu təmizləmək üçün məndən dəfələrlə pul aldılar. İlk dəfə 2 min verdim.

Sonra anası ilə birlikdə dedilər ki, guya ərimə də cadu ediblər. Ağır xəstəliklər tutacaq. Cinlərlə əlaqə qurub cadunu pozacaqdılar”- deyə zərərçəkmiş ifadəsində bildirib.

Rübabə Ağayevanın ifadəsində daha ilginc məqamlar üzə çıxıb.

O deyib ki, ərinin, nəvəsinin, övladının öləcəyi ilə bağlı ona sözlər deyiblər.

“Dedilər ki, bu söhbəti kimsə bilsə, həmin gün gecə ilə nəvəsi öləcək. Məndən əvvəlcə manat, sonra avro aldılar. Dəfələrlə pul aldılar. Deyirdilər ki, evinizin həyətində küp var. Bu adla da məni aldatdılar”- deyən Rübabə Ağayevanın sonrakı dedikləri zaldakıların gülüşünə səbəb olub.

Belə ki, Rübabə Ağayeva heç bir nəticə olmadığı halda dəfələrlə “cindarlara”a pul verməsinin səbəbini belə izah edib: “Manat verdim, dedilər ki, cinlər bu pulu tanımırlar. Sonra sterlinq verdim. Deyirdilər ki, cinlər ancaq dollar tanıyırlar”.

Rübabə Ağayeva hansı üsullarla falına baxıldığını deyib. O söyləyib ki, cadu pozmaq adı ilə ona dırnaq, saç, rəngbərəng sular verilib: “Məndən pul alanda deyirdilər ki, cadunu pozmaq üçün göbək almalıdırlar”.

Suallara cavab verən Rübabə Ağayeva qeyd edib ki, ana və oğlu ondan həyətlərində olan qızıl küpünü çıxarmaq üçün də pul alıblar: “Mənə dedilər ki, küpdən verdiyim pulun üç qatı qədər də pul çıxacaq. Heç kimə deməyimə icazə vermirdilər. Şantaj edirdi ki, balam, nəvəm ölə bilər”.

Rübabə Ağayeva ümumilikdə 216 min 800 manat zərər gördüyünü deyib.

Daha sonra Lalə İbrahimovanın vəkili zərərçəkmişə sual verib. Soruşub ki, Lalə Ibrahimovanın ona qızıl alması ilə bağlı qəbzlər var. Həmin qəbzlərdə də Rübabə Ağayevanın imzası var.

Rübabə Ağayeva bunu belə izah edib ki, ana və oğlu onu təsir altına salıb:

“Mənə məcburi sular içirirdilər, yemək verirdilər. Deyirdilər ki, bu, cinlərin planıdır. Ona görə də qızılların alınması ilə bağlı qəbzə imza atdım. Nə deyirdilərsə, edirdim. Bədənimə ərəb əlifbası ilə yazılar yazırdılar. O qədər təsir altında idim ki, yatanda da onlardan icazə alırdım”.

Bu işdəki 13 zərərçəkənlərə ümumilikdə təxminən 600 min manat ziyan dəydiyi iddia olunur. İttihamda yazılıb ki, təkcə R.Ağayeva cadu çıxarmaq, mal-mülkü təmizləməkdən ötrü 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib. Pulların bir hissəsi xarici valyutada olub: 57 min dollar, 15 min funt-sterlinq. Qızılların çəkisi isə təxminən 600 qram olub.

R.Ağayevanın həyat yoldaşı L.İbrahimova və H.Əlizadədən polisə şikayət edib. Həyat yoldaşı “Azinko” şirkətinin Audit Departamentinin rəhbəridir.

Məlumata görə, “Cindar Hüseyn”in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə İbrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.