Azərbaycanı bu il “Eurovision” mahnı yarışmasında təmsil edən və 8-ci pillədə qərarlaşan müğənni Çingiz Mustafayev musavat.com saytının suallarına cavab verib.

Onunla müsabiqədə yaşanan təxribatlar, insanların sevgisi və səsləndirilən tənqidlərdən danışdıq:

– “Eurovision” bitdi, amma insanların sizə olan marağı davam edir. Çoxları bu qədər diqqətin qarşısında ulduz xəstəliyinə tutulur. Müsabiqədən sonra həyatınızda nələr dəyişdi?

– Bu günə qədər ulduz xəstəliyinə tutulmamışamsa, bundan sonra da dəyişməyəcəyəm. Bizim komandanın üzvləri də dedilər ki, səndə heç bir dəyişiklik yoxdur. Bu müsabiqədən sonra psixologiyanın dəyişməsi çox asandır. Çünki bütün dünya səni görür, çoxları tanıyır, insanların sənə olan marağı artır. Psixologiyan düzgündürsə, bu dövrü sakit keçirəcəksən. Əks halda müsabiqədən sonra depressiyaya da düşə, intihar belə edə bilərsən.

– Müsabiqədən sonra Çingiz istirahətə çəkilib, yoxsa müsabiqədən stimul alıb yeni işlərə imza atır?

– Hazırda dostlarım üçün darıxıram. Bizim komanda çox maraqlı komanda idi, 45 nəfərdən ibarət idik. Hər biri öz işində peşəkar insan idi. Onlar üçün darıxıram. Hazırda yeni layihələr üzərində işləyirəm. Vaxtımı yeni işlərə həsr edirəm.

– Son illərdə “Eurovision” izlənmirdi, maraq azalmışdı. Sizə təklif gələndə heç tərəddüd etdinizmi?

– Mən 2011-ci ildə müsabiqənin seçimlərinə qatılmışdım, lakin seçilməmişdim. Bu il mənim üçün gözlənilməz oldu. Amma düşünmədim ki, mənim iştirakım maraqsız olacaq. Çünki 10 ildir ki, Azərbaycan səhnəsindəyəm. İstər pop janrında, istər vətənpərvərlik ruhunda mahnılarım sevilib. Heç vaxt kommersiya ifaçısı olmamışam, öz kütləm olub. Bilirdim ki, məni izləyəcəklər. Çox şükür ki, alını açıq bu sınaqdan çıxdım. Mən daha ön yerlərə sahib olub, lakin sevilməyə bilərdim.

– Ötən gün ironiyalı status yazmışdınız ki, gözləyirəm, gələn həftə qalib olacağam. 7-ci pillədən 8-ci pilləyə düşdünüz. Bu dəyişiklik sizə necə təsir etdi?

– Qalib deyiləm. 7 də, 8 də eyni yerdir. Həqiqətən içimdə qalibiyyət hissi var. Çünki nə xaricilərdən, nə də bizimkilərdən mənfi rəy almamışam. Orada haqsızlıqlar çox oldu. Açığı bu qədər haqsızlıq gözləmirdim.

– Əvvəlki illərdə də təmsilçilərimizə qarşı təxribatlar olmuşdu. Sizə qarşı da haqsızlıqlar olması gözlənilən idi.

– Bilirəm, amma bu qədərini gözləmirdim. Bayrağı tərsinə yapışdırmaları, xəritədə Naxçıvanı təhrif etmələri böyük haqsızlıq idi. Mən ön sıraya irəliləyəcəyimi gözləyirdim, lakin 8-ci pilləyə düşdüm. Ola bilməz ki, bizə 100 xal versinlər. Çünki Avropada böyük maraqla qarşılandım. İnsanlar hələ də mənə sevgilərini bildirirlər.

– Sizin ölkəni təmsil edəcəyiniz açıqlanandan sonra xarici ölkə mətbuatı ilk diqqəti xarici görünüşünüzə çəkdi. Bir iştirakçının, müğənninin xarici görünüşü uğur qazanmağa nə dərəcədə yardım edir?

– Xarici görünüş, əlbəttə, önəmlidir. Ondan da vacib enerjidir. Ola bilər ki, çox yaxşı görünüşün var, amma mahnınla, səsinlə, baxışınla insanlara xoş enerji ötürmürsən. Hər bir halda insanlar ilk olaraq xarici görünüşə baxır.

– Müsabiqə hazırlığı dövründə Çingiz özünü tam olaraq təşkilatçılara təslim etdi, yoxsa kaprizləri də oldu?

-Kaprizli deyiləm. Amma mənim çərçivələrim var. Sevmədiyim bir şeyi mənə etdirə bilməzlər. “Truth” mahnısının klipi çəkiləndə mənə dedilər ki, çəhrayi şalvar geyinməlisən. Razı olmadım. Uzun danışıqlardan sonra mavi şalvar geyindim.
Bundan əlavə Ukraynada dərc olunan “Nvrmind” jurnalının 8-ci buraxılışı üçün kamera qarşısına keçdim. Şəkillərimi tanınmış fotoqraf Dmitri Komissarenko lentə aldı. Şəkillərdə gördünüz ki, üzərimə qara dəsmal atmışam. Əslində mənə demişdilər ki, dəsmalsız çəkilməlisən. Dedim ki, müsabiqədən imtina edərəm, amma yarıçılpaq kamera qarşısına keçmərəm. Sonunda mən dediyimlə razılaşdılar. Mən kaprizli deyiləm. Sadəcə özümü içərisində görmədiyim məqamlar var.

– Bəzi ifaçılar var ki, dəfələrlə müsabiqədə iştirak edib. Siz yenidən iştirakçı olarsınız?

– Niyə də olmasın? Bu haqda düşünmüşəm. İkinci dəfə getsəm, mənim üçün asan olar. Çünki “Eurovision” məktəbini artıq keçmişəm.

– Çingizi biz gündəmdə zaman-zaman görürük. “Yeni ulduz”, sonra sakitlik, “Səs Ukrayna”, yenə sakitlik, “Mən şəhid oldum” mahnısıvə sakitlik, indi də “Eurovision”… Çingiz yenidən sakitliyə qərq olacaq, yoxsa…?

– Bəzən depressiyaya düşürəm, özümə qapanıram. Bəzən istirahətə yollanıram. Elə olur, mahnılar üzərində işləyirəm, amma onları insanlara tanıtmaq istəmirəm. Çingiz arada “zamkaniya” verir. Bu xasiyyətimdir, belə olmasaydım, maraqlı olmazdım. Bundan sonra isə işlərimlə davamlı məşğul olacağam.

– Bildiyim qədəri ilə müsabiqədən öncə Amerikaya köçmək istəyirdiniz. Hazırda planlarınız nələrdir?

– Amerika istəyimi təxirə salmışam. Hələ ki, Avropada uğur qazanmışam. Bu uğuru davam etdirmək istəyirəm. Xarici şirkətlərdən təkliflər gəlir. İTunes mahnı portalında dünya üzrə 25-ci yerdəyəm. Bu kiçik nəticə deyil. Bu qədər sevilib, dəstək görmüşkən, istifadə etmək istəyirəm. Çünki Avropadan çoxlu mesajlar alıram, insanlar məni sevir.

– Ötən gün “Telesəhər” verilişinin studiyasına narıncı “Jeep”inizlə daxil oldunuz. Bu isə birmənalı qarşılanmadı.

– O verilişin formatı odur. Bütün qonaqlar avtomobili ilə gəlir. Sadəcə olaraq mənim simamda “partladı”. Maraqlı şərhlər yazılmışdı. Bir nəfər yazmışdı ki, yaxşı ki, birinci olmayıb, yoxsa studiyaya tankla girərdi. O şərhə çox güldüm.

– Əməkdar artist, eks “Eurovision” təmsilçimiz Səbinə Babayeva yazmışdı ki, ən yadda qalan çıxış Aysel Teymurzadə ilə Araşın çıxışı olub. Sizcə, indiyə kimi “Eurovision”da ən maraqlı çıxışı kim edib?

– Bu onun şəxsi fikridir. Hər şey göz önündədir. Tamaşaçının gözü tərəzidir. Onlar kimin daha yaxşı çıxış etdiyini bilir. Mənə görə bizim çıxış “Eurovision” tarixində ən yaxşı çıxış idi.

– Müsabiqə muğam boğazları ifa etdiniz. Xanəndələrdən hansısa reaksiya aldınızmı?

– Muğam deyildi, muğam oxusaydım, Avropa tamaşaçısı başa düşməyəcəkdi. Mən şərq üslubunda oxudum. Heç kimdən neqativ şərh almadım. Əlbəttə xanəndələrdən soruşsanız, onlar bəyənməyəcək. Çünki oxuduğum muğam deyildi. Bir dəfə “Eurovision”da muğam oxunub. Avropa tamaşaçısı bunu anlamır, onlara ağır gəlir. Əlbəttə, muğam oxuya bilərdim. Amma məsləhət bilmədik. Orada əsas mövzu o idi ki, sevgidən qəlbim sıxılır, o hissəni oxuyuram, ruhum azadlığa qovuşur. Daha mistik səhnə idi, texniki yox.