Adını Gəncə olayları qoyduğumuz, bizə tarixin bir ironiyası kimi illər sonra bənzər qorxu və həyəcanları yaşadan bu dönəm media olaraq bir çox həqiqətləri anlamamıza yardımçı oldu. Siyasi detalları politoloq və siyasi şərhçilər dəfələrlə anladıb, yazıblar. Mən məsələnin daha çox media yönümündən yazacam. Hansı ki, son 2 həftədə jurnalistlərimiz vasitəsilə üzə çıxdı və cəmiyyətə açıq mesaj kimi ötürüldü.

Birincisi, bu dönəm ölkədə media peşəkarlığının hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Heç bir əsası, təsdiqi olmayan statuslardan xəbər düzəldib, sensasiya yaratmaq istəyənlərin kimliyi bəlli oldu. Ya da olayı xəfiflətmək, onun masştabını kiçiltmək üçün öz “imza”sını qurban edib, yalan-yanlış bilgiləri and-amanla sosial şəbəkədən mediaya yayanları tanıdıq. Onsuz da bilirdik, bir daha əmin olduq. Təsdiqləndi ki, bundan sonra ölkə üçün əhəmiyyətli olaylar zamanı hansı media orqanına etibar etməliyik, hansının səhifəsinə belə …. baxmamalıyıq.

Üzə çıxan daha və çox önəmli bir detal isə bu sınaqda bəzi deputatların, ictimai fikir adamlarının özlərini necə aparması, daha dəqiq desək, necə dayanıqsız olması idi. Girişdə də dedim, iki həftədir “Yeni Müsavat” olaraq bəlkə də ilin ən gərgin xəbər seli ilə qarşı-qarşıyayıq. “Hər saatın bir hökmü var” məsəlindəki kimi, gələn məlumatlar, onların təhlilinə duyduğumuz ehtiyac, fikir adamlarının, ölkənin taleyində mühüm rol oynamağa iddialı şəxslərin baxışları, proqnozları hər zamankı kimi işimizin ən önəmli hissəsi idi. Amma biz nə yaşadıq? Bu sətirlərin müəllifi olaraq, mövzu ilə bağlı keçirdiyim canlı yayım verilişlərinə qonaq tapmaqda cəhənnəmin əzabını yaşadım rəsmən. Ölkədə müsahibmi yoxdur? Var. Danışa bilmirlər, yoxsa məhz bizə danışmaq istəmirlər? Qətiyyən yox. Nəticə budur ki, adamlar sadəcə danışmaq istəmədilər.

Gəncə olaylarının kuliminasiya nöqtəsi günü, 10 iyul axşamı, cəmiyyətə iki polis yetkilisinin öldürülməsi xəbəri bomba kimi düşdü. Hamımız evlərimizdən (olay baş verəndə iş saatı bitmişdi artıq) ekspertlərə, deputatlara, siyasət adamlarına zəng etdik, onların sosial şəbəkə statuslarını izlədik. Və… şoku da elə bu anda yaşadıq. Ölkənin “qaymağ”ını yeyən YAP deputatlarından biri əməkdaşımızın Gəncədəki təxribat cəhdinə rəy alma istəyini elə bu şəkildə də rədd etdi: “İndi rəy vaxtıdır? Futbola baxıram”… Bir başqası zəngə sadəcə cavab vermədi, o biri telefonu məşğul rejiminə keçirdi. “Hələ bilmirəm nə baş verir, sonra danışarıq”, deyib kobudluq edənlər də oldu. Anlamadıq ki, baş verən bu vəhşəti anlamaq üçün daha nə qədər vaxt lazımdır? 2 yüksək rütbəli polis öldürülüb, iğtişaşa cəhd edilib. Bunu pisləmək, iki həftədir davam edən olayı təhlil etmək üçün nəyi, kimi gözləyirdilər?

Allah və redaksiyadakı səhər planlaşdırmasındakı həmkarlarım şahid idi. Mən 10 iyul Gəncə olaylarını təhlil etdirmək üçün redaksiyaya qonaq çağıranda necə zülm çəkdim. İclas otağından ən azı 10 dəfə ekspertlərə zəng etmək üçün çıxdım. 11-ci telefon cəhdim uğurlu alındı, verilişə təhlükəsizlik üzrə ekspert Arzu Nağıyevi qonaq çağırdım. İclas otağındakılar “gözün aydın” dedilər, baş redaktor zarafatla əl çalıb təbrik etdi. Halbuki bu qədər əziyyətli bir iş olmalı deyildi. Amma deputatın biri deyirdi, mən sizə danışsam, sonra şərhlərdə məni söyəcəklər. İzah edə bilmirdin ki, bu, artıq şəxsi eqoları düşünəcək zaman deyil, millət, vətən üçün taleyüklü dönəmdir. Bir başqası deyirdi, mən indi istirahətdəyəm, gəlmirəm. Anlamırdın ki, bunlar kimin vəkilidir, hansı gün üçün lazımdır? Ölkənin belə qarışıq günündə sən ictimaiyyətə müraciət etmirsənsə, yaranan narahatçılıqları ən azı səngitmək üçün səsini çıxarmırsansa, guya özünü, gələcəyini qorumaq üçün fəndlər işlədirsənsə… sənin o kürsüdə nə işin var? Nə haqla? Ən öldürücü zərbəni isə yaşlı deputatlardan biri vurdu: “Mən bir az düşünüm…” Qan tökülmüşdü, ölkənin ikinci şəhərinin altı-üstünə dəymişdi, adam isə hələ düşünürdü…

Dünən maraqlı bir xəbər vardı saytlarda. Falçı Hüseyn kimi tanınan Hüseyn Əlizadə insanlardan külli miqdarda pul alıb aldatmaqda ittiham edilirdi. Ortada çılğın rəqəmlər dolaşırdı. Falçıya 300 min manat, 57 min ABŞ dolları, 15.000 Böyük Britaniya sterlinqi, 600 qram qızıl…verənlərin adları açıqlanmışdı. Özü də bu pullar insanlardan “cinlərə qonaqlıq vermək” adı ilə alınıbmış. İnsan düşünmədən edə bilmir ki, bu qədər pulu olan və ya bunu qazanmağı başaran şəxsin falçıya niyə ehtiyacı olsun? Ya da falçıya ehtiyacı varsa, bu pullara niyə ehtiyacı var? Amma xəbərin canalıcı məqamı falçının müştəriləri arasında yüksək vəzifəli məmurların və deputatların olması idi… Hə, bu ölkədə millətin dərdinə yanmadan susduğu halda, falçıya milyonlar yedirənlər var.

Kim bilir, bəlkə onların arasında falçının cinləri ilə məsləhətləşmədən mediaya danışmayanlar da vardı? Siz gülürsüz, amma mən məhkəmin detalları üzə çıxanda birgə gülməyi təklif edirəm…. Ağlamaq yerinə.

Sevinc TELMANQIZI