Siyaku kəndi ərazisində torpaq sürüşməsi

Astara rayonunda bir ailə evsiz qalıb. Son günlər yağan yağışlardan sonra rayonun Siyaku kəndi ərazisində torpaq sürüşməsi aktivləşib. Nəticədə 1948-ci il təvəllüdlü Təcrübə İskəndərovaya məxsus 2 otaq və 1 eyvandan ibarət olan ev yararsız vəziyyətə düşüb.

Ev sahibinin oğlu Şükür Ağayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, torpaq sürüşmələri ötən aydan başlayıb: “Martn 26-dan başlayaraq kənddə torpaq sürüşmələri meydana çıxıb. Son 2-3 gün ərzində yağan yağışlardan sonra isə sürüşmə daha da aktivləşdi və evimiz bu hala düşdü”.

“Aprelin 22-ə keçən gecə bayırdan bərk tappıltı səsi gəldi. Yoldaşım çölə çıxıb gördü ki, divar uçub. Sanki ev gedir. Hay-küy salıb qonşuları çağırdıq və köməkləşib evdən uşaqlarla anamı çıxardıq. Təxminən, 100-150 ədəd sitrus ağacı torpaq sürüşməsi nəticəsində kökündən çıxaraq məhv oldu. Kənd icra nümayədəsinə müraciət etdik, o da gəlib baxdı və çıxıb getdi. O gündən bizim harayımıza baxan yoxdur” – Ş.Ağayev bildirib.

O, aidiyyəti qurumlardan kömək istədiklərini dilə gətirib: “Gündən-günə torpaq sürüşmələri artır, artıq burada yaşamaq mümkün deyil”.

Astara rayon Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev isə məsələ ilə bağlı Sputnik Azərbaycan-a deyib ki, T.İskəndərovanın evinin yararsız hala düşməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib: “Evin uçması haqqında Astara Rayon İcra Hakimiyyətnin Memarlıq şöbəsinə müraciət etdik. Memarlıq şöbəsinin əməkdaşları hadisə yerinə gələrək evə baxış keçirdilər və bundan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin 112 “qaynar xətt”inə zəng edərək məlumat verdik”.

  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi

“Ondan sonra FHN-ə rəsmi məktub göndərilib və nəticəsini gözləyirik, nəticə barədə də məlumat verəcəyik. Hazırda ərazidə sürüşmə davam edir və hesab edirik ki, yağıntıların miqdarı artarsa, sürüşmə nəticəsində başqa evlərə də ziyan dəyə bilər” – deyə R.Dədəyev vurğulayıb.

Məlumat üçün bildirək ki, 5 nəfərdən ibarət Ağayevlər ailəsinin 2 üzvü azyaşlıdır və indi onlar qohumlarının evində qalırlar. Hazırda ərazidə 10-dan çox ev təhlükə qarşısındadır.