Yenə gəldi maşın “sezon”u. Saytları informasiya almaq ümidi ilə açanlar bir manısın digər manısın üstünə su tökməsi, “düüt”lü söyüşlər söyməsi, reklam arasında saçyolmasının baş verməsi xəbərləri ilə tanış olur. Böyük əksəriyyət isə bunu saytlardan yox, elə dava gedən vaxt canlı-canlı efirdən izləyir.

Tumunu, çipsini alıb qoyur qabağına. Onlar söyür, bu, feyziyab olur. Onlar dalaşır, bu SMS göndərir. Kanal bir cür qazanır, şoumen başqa cür, qonaq gələn müğənni-aparıcı tayfası bir alayı fason. Heç kəs adına şou deyilən bu məzhəkədən əli boş çıxmır. Necə deyərlər, alan məmnun, satan məmnun…

Bizim camaat dava-dalaşı sevir, məlum. Yolda iki nəfər dalaşsın, yüz nəfər seyr etmək üçün başına toplaşacaq. Ya da avtomobil yolunda səbəbsiz bir tıxac baş verəndə əmin olursan ki, qabaqda bir maşın digərini vurub, sürücüləri düşüb məsələni aydınlaşdırırlar. Onların yanından keçən hər maşının sürücüsü də minimum 10-15 saniyə bunu seyr etmək istəyir, hətta videoya çəkir. Nəticədə sən, mən, o… tıxacda əlləşir.

İndi də eyni vəziyyətdir. Verilişin formatında dava-dalaş var. Əgər kimsə orda sənətdən danışsa, ya da sürəkli mahnı oxuyub, bir əlini maşından çəkmədən istedadını nümayiş etdirməyə çalışsa, ona baxan olmayacaq.

Yenə də yumurta-toyuq söhbətinə dilemmasına girməyə gərək yoxdur. Kanal göstərir deyə, tamaşaçı onu seyr edir? Yoxsa tamaşaçının tələbatı var deyə telekanal belə layihə hazırlayır? Məncə, bu, tələb-təklif məsələsindən daha çox “nəyi göstərməyə dövlət təminatımız çatır” söhbətidir. Axı dünyanın bütün ölkələrində, bütün kanallarında bu sayaq şoular var. Bunlar Amerika kəşf etməyiblər. Davalı-dalaşlı, söyüşlü-qarğışlı… şoular yenilik deyil. Amma həmin kanallarda siyasi debatlar da nümayiş etdirilir. Siyasətçilər də dalaşır, məsələn. Məmləkət məsələləri də müzakirə edilir, dartışma ilə çözüm yolları axtarılır. Yəni, İsveç masası kimi. Sən bu “ziyafət”dən istədiyin, arzuladığın təamı boşqabına çəkirsən. Yoxsa ki, bizdəki kimi… Yesən də, yeməsən də…. maşındır.

Kim deyir ki, insanlar şouya daha çox meyllidir? Ölkəsində bir çox sahələrdə problem olan vətəndaş bu problemlərin həllinə həsr olunan verilişlər istəyir. Öz təcrübəmizdən bilirəm. “Yeni Müsavat”ın Facebook üzərindən yayımladığı canlı yayım debatlarına əks fikirli insanlar çıxanda, hərarətli şəkildə bir-birinə opponentik edib, xalqın problemlərindən danışanda reytinq tavana çıxır. Yox, əgər, mövzu insanlarımızın həyatına birbaşa təsir etməyən səpkidədirsə, ya da qonaqlar tam adekvat sayılmırsa, o zaman aktivlik də aşağı düşür. Xalqı aşağılamaq lazım deyil. Onun zövqünü də həmçinin. Siz ona Mariya Antoniettanın məşhur sitatında olduğu kimi, “çörək yoxdursa, tort yeyin” desəniz, təbii ki, qıcıqlanmasına səbəb olacaqsız. Qıcıq isə heç bir halda müsbət nəticə vermir.

Səhərlər işə basabas metroda, avtobusda gedən millətimiz indi o maşının başına dolananların maşın qazanmasını arzulayır. Oturduğu hər kafedə dərhal internetin şifrəsini soruşub, 10 dəqiqəlik də olsa, öz internetinə qənaət edənlər indi səxavətlə SMS göndərir. Acığa düşüb, hər dəqiqə SMS göndərənlər də var, məsələn. Yekə-yekə yazmağıma baxmayın, oyunun qaydalarını mən də bilmirəm. Amma bayaq saytda bir aparıcının açıqlamasını oxudum. Dedi, mesaj göndərdiyi halda Mətanəti şoudan çıxarmayan Aytənə haqqını halal etmirmiş, o, millətinin etibarından sui-istifadə etmişmiş, bundan sonra prinsipə düşüb, Aytənin şoudan getməsi üçün konturlarını fəda edəcəkmiş. Ordan bildim ki, ortada belə ciddi prinsipial söhbətlər varmış. İnsanımız iradə, qətiyyət və diqqət nümayiş etdirirmiş sən demə…

Verilişdən söhbət düşmüşkən, təvazökarlıqdan uzaq olmasın, ötən həftə canlı yayıma İTV sədrliyinə namizədlərdən ikisini dəvət etmişdim. Nəbatat bağında elmi işçi olmuş namizəd elan etdi ki, əgər sədr olsa, ilk işi televiziyada interneti, sosial şəbəkəni qadağan etmək olacaq. Həmin an bir qədər güldük, amma indi adam düşünür ki, bəzi kanallarda elə interneti qadağan etsələr, yaxşıdır. Bəlkə kanal çökə… (“Yeni Müsavat”)

Minval.İnfo