“Nəqliyyat Nazirliyi tərəfindən piyada keçidlərinin təşkili prosesinin təməli necə qoyulumuşdusa, indi də elə davam edir”.

Bakıda piyada keçidlərinin təşkilində problemlər hələ də qalmaqdadır. Xüsusən nəqliyyatın intensiv hərəkət etdiyi yollarda insanlar təhlükə ilə üz-üzə qalırlar. Bəzi ərazilərdə yerüstü və yeraltı, eyni zamanda zolaqlı piyada keçidləri arasındakı məsafə uzun olduğundan piyadalar məcburiyyətdən dolayı özlərini təhlükəyə atırlar. Belə olan halda, çox zaman qəzalar baş verir, piyadalar ya canından olur, ya da ağır xəsarətlər alır. Bu üzdən sürücülər də öz növbəsində ciddi problem yaşayır və onlar sözügedən hadisələr səbəbindən məsuliyyətə cəlb edilir. Hər iki tərəf – ölkə vətəndaşları mövcud vəziyyətdən əziyyət çəkir. Sürücülər adətən, bu mövzuda piyadaları qınayır, onların yanlış etdiyini düşünürlər. Piyadalar isə piyada keçidlərinin yanlış ərazilərdə təşkil olunduğunu deyirlər.

Minval.info-ya mövzu ilə əlaqədar yol-nəqliyyat eksperti Elməddi Muradlının fikirlərini öyrənib.

Ekspert deyir ki, insanlar piyada keçidləri ilə bağlı mövcud durumda həqiqətən əziyyət çəkirlər:

“Yol-hərəkət qaydalarını pozan piyadaları qınamıram. Çünki onların arasında azyaşlı, qoca, fiziki məhdudiyyətli olanlar var. Yəni bu insanlar 3-5 km qət edib piyada keçidi axtarmaq məcburiyyətində deyillər. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Məsələn, yenicə təmirdən çıxan Babək prospektində piyada keçidlərinin təşkilini unutmuşdular. Hələ indi yolun iki hissəsində yeraltı keçid inşa ediləcək, 4 hissəsində isə piyada zolağı çəkiləcək. Bunu vaxtında həll etməliydilər. Bakının əksər küçə və yolları belə olub. Laqeyd münasibət, özbaşınalıq, yeyinti… Nəticədə bu gün biz bunun əziyyətini çəkirik”.

elməddin muradlı ile ilgili görsel sonucu

Yol-nəqliyyat eksperti Elməddin Muradlı

“Hansısa vəzifəli həbs olunsaydı, qeyd etdiyimiz problemlər yaşanmazdı”.

E.Muradlının sözlərinə görə, bəzi inşa edilən yeraltı keçidləri istifadəyə yararsız olduğundan orada quş yuva salıb, hörümçək toru bağlayıb: “Nəqliyyat Nazirliyinin işçiləri vaxtilə otururdular kabinetlərində, xaritə ilə haraya keçid qoyacacaqlarını müəyyən edirdilər. Müşahidə aparmadan piyada keçidi təşkil olunurdu. Ərazidə piyadaların keçib-keçməməsini araşdırmırdılar. Məsələn, Nobel prospektində olan keçidlərin əksəriyyətindən piyadalar istifadə etmir. Yeraltı keçidlər tor bağlayıb, quş yuva salıb. Heydər Əliyev pospekində də oxşar vəziyyətdir. ASK Arena (keçmiş adı: Şəfa stadionu – red.) qarşısındakı yoldan minlərlə insan keçir. Hər axşam həmin ərazidə piyadalar qaçır. Axı, cavan adam həmin yolu keçə bilsə də, yaşlı insan qaça bilmir. Buzovna-Bilgəh yolunda kiminsə məsuliyyətsizliyi ucbatından hər həftə bir nəfər həyatını itirir. Buna görə,   Təəssüf ki, həmin şəxslər məsuliyyətdən yaxalarını qurtara bilirlər. Bu da vətəndaşların başında çatlayır, insan həyatı məhv olur. Qanun deyir ki, yaşayış məntəqələrində 50-300 metr arası piyada keçidi təşkil edilməlidir. Yaşayış məntəqələrindən kənarda isə bu rəqəm 700-800 metr olmalıdır. Bir il deyək ki, keçid dövrüydü, iki il böhranıydı və s. nə qədər səbəb gətirək? Amma bitmir, bu məsələlər indidək həllini tapmalıydı. Nəqliyyat Nazirliyi bacarmadı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “yeni başlayıram” deyir, Bakı Nəqliyyat Agentliyi “səlayihhətlərim tam formlaşmayıb” söyləyir… Yaxşı, kim həll etməlidir bu problemləri?”

“Həmin ərazidə şəhid qızı daxil olmaqla bir neçə qadın həyatını itirdi”.

Elməddin Muradlı həmçinin qeyd edib ki, hazırda BNA 100-ə yaxın piyada keçidinin təşkili üçün təkliflər hazırlayıb.

“Bəzi zəruri keçidlərdə eskalatorlar işləmir.  Bayıl qəsəbəsindən keçib Bayraq Meydanı olan hissədən maşrut avtbusuna minmək istəyən şəxs piyada keçidindən Dənizkənarı Bulvara çıxır. Dayanacağa getmək üçün yenidən 500 metr yol qət etməlidir. Belə mexanizmi kim qurur? Bu nə məsuliyyətsizlikdir? Həmin ərazidə şəhid qızı daxil olmaqla bir neçə qadın həyatını itirdi. Sözügedən yol çoxzolaqlı olduğundan onlar qaça bilmirlər. Bu yaxınlarda isə həmin ərazinin sürət həddini artırdılar. Belə əcaib yanaşmalar mövcuddur” – ekspert bildirib

Müsahibin sözlərinə görə, bu sahədə aidiyyatı qurumlar vahid mərkəzi sistem şəklində fəaliyyət göstərməlidir:

“Deyək ki, sürət həddini yol polisi qaldırır, piyada keçidinin təklifini BNA verir, təşkilini AAYDA həyata keçirir. Düşünürəm ki, bu səlahiyyətləri parçalamaq effektiv nəticə göstərmir. Hansısa bir yolda nöqsan aşkarlandıqda, AAYDA-ya müraciət edirsən, deyilir ki, həmin ərazi Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. BŞİH-ə müraciət etdikdə, bildirilir ki, bələdiyyənin nəzdindədir. Artıq qurumlar bu sahəni vahid mərkəzdən idarə etməlidirlər, yaxud da birləşməlidirlər. Ötən ilin dekabr ayında Prezident yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı təsdiqləyib. Həmin sənəddə göstərilir ki, aidiyyatı qurumlar mərkəzləşdirilmiş qaydada vahid sistem şəklində fəaliyyat göstərsin. Ümid edək ki, belə olduğu halda, nə vaxtsa sözügedən problemlər həllini tapacaq”.

Samir Mirzə / Minval.info