Dünyada xeyriyyə məqsədi ilə yaradılan onlarla, bəlkə də, yüzlərlə təşkilat var.

Onların bəziləri böyük, bəziləri isə kiçik büdcə və ya güclə insanlığa fayda verməyə çalışırlar. Məqsədləri sırf cəmiyyətə, tanımadıqları insanlara kömək etmək olan belə təşkilatlardan biri də “Rotary”-dir.

Minval.info xəbər verir ki, bu təşkilat 1905-ci ildə yaranıb. Dünyanın demək olar ki, hər yerində üzvləri olan “Rotary” 10 ildən çoxdur, Azərbaycanda da fəaliyyət göstərir.

Türkiyədən Bakıya gələn ”Rotary” heyəti ilə söhbətləşmək imkanı tapan saytımızın əməkdaşları onlara maraqlı suallar verib və çox diqqət çəkən cavablar alıblar.

Bu il üçün başqan seçilən Altan Arslan “Rotary” ilə bağlı ətraflı məlumat verib: “”Rotary” dünya üzərində 540 bölgəni əhatə edən yardım təşkilatıdır. Hər bir bölgənin öz kod nömrəsi var. Bizim bölgənin kod nömrəsi  ”D.2430”-dur. Bizim ərazi coğrafi olaraq ən böyük ”Rotary” bölgəsidir, çünki burada 8 ölkə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) yerləşir. Bundan əlavə bizim bölgədə 93 klub, 2250-yə yaxın rotaryan (“Rotary” üzvləri özlərinə rotaryan deyir – Red) var. Ümumi olaraq, dünyada 1 milyon 200 mindən artıq rotaryan var. 

– ”Rotary” necə quruldu, necə bu səviyyəyə çatdı?

– ”Rotary” iki qurumdan ibarətdir. Birincisi 1905-ci ildə qurulmuş ”The Rotary International”, ikincisi isə 1917-ci ildə yaranmış ”The Rotary Foundation”dır. Bu iki qurumun ikisi də, Amerikada qurulub.

Türkiyədə  ”Rotary” -nin qurulması üçün ilk təşəbbüsü 1954-cü ildə sizin həmkarlarınız, yəni jurnalistlər irəli sürüb. Əslində, Türkiyədə ”Rotary”-nin qurulma hekayəsi daha əvvələ gedib çıxır. Bunun üçün ilk addım 1928-ci ildə  əczaçı Mazhar Osman və iki dostu tərəfindən atılıb, lakin ulu öndər Mustafa Kamal Atatürk Braziliyaya elçi göndərir və məlum olur ki, ”Rotary” klublarına qadın üzv qəbul edilmir. Əslində, həmin dövr üçün başa düşülə biləcək bir vəziyyətdir. Bu səbəbdən Türkiyədə bu təşkilatın qurulması 30 il gecikir.

– Bəs qadınlar daha sonralar bu təşkilata necə üzv olaraq qəbul edildi?

– 80-ci illərdə ABŞ-da bir qadın “Rotary”-ə üzv olmaq üçün müraciət edir, lakin qəbul olunmur. Daha sonra bunun məhkəmə qərarı ilə insan hüquqlarına zidd olması təsbit edilir və həmin qadın təşkilata qəbul olunur. Və bundan sonra qadınlar rahat şəkildə üzv ola bilir. Hazırda dünyadakı ”Rotary” üzvlərinin 25%-i qadınlar təşkil edir və üzv sayının artması üçün ”Qadın Rotaryanlar Komiteti” qurulub.

– ”Rotary” -nin dünya üzərindəki hədəfləri nədir?

– BMT-nin 17 Davamedici İnkişaf Hədəflərindən (SDG) 6-sı bizim hədəflərimizə aiddir.

Bu hədəflərə hansılar daxildir?

Xəstəliklərlə mübarizə.

Təmiz su.

Oxuma-yazma qabiliyyətinin inkişafı

İctimai və İqtisadi inkişaf.

5.Ana və uşaq sağlamlığının qorunması.

Sülh naminə münaqişələrin həlli.

Əslində, əvvəlki 5 hədəf 6-cını dəstəkləyir. Təmiz su olsa, sülh olar, savadsızlıq aradan qaldırılsa sülh olar, ictimai inkişaf mövcud isə sülh olar və s. Bunların hamısı sülhü dəstəkləyir. Dünyada 6 fərqli ölkədə “Rotary”-nin 6 fərqli mərkəzi var və bu mərkəzlərdə hər il 140-a yaxın sayda  insan təlim görür və bu insanların hədəfi dünyada mövcud olan münaqişələri həll etmək üçün çalışmaqdır. “Rotary”-də bütün hədəflər 365 gün (1il) davam edir. “Rotary” öz işinə 1 iyulda başlayıb, 30 iyunda  bitirir. Hər il yeni başqan seçilir.

Qısaca, Rotary-nin təşkilat daxilində üzvlərlə bağlı, dörd əsas hədəfi var:

*Üzvlər arasında dostluq əlaqələrini genişləndirmək

* Xidmət etmək fürsətlərini dəyərləndirmək

* İnsanlara xidmət etmək ideyasını şəxsi həyatımızda da tədbiq etmək

* Qarşılıqlı anlayışı və beynəlxalq əlaqələri inkişaf etdirmək

– ”Rotary”-nin yardım kampaniyaları haqqında nə deyə bilərsiz?

– Əvvələ bunu nəzərə çatdırmaq istəyirik ki, biz yardım kampaniyalarını maddi maraqlara görə etmirik. Biz daha çox ideyalarla, fikirlərlə iş görürük. Layihələrimizdə bir model yaradırıq və dövlətin bizi izləməsini istəyirik. Lakin dövlətdən də heç bir dəstək almırıq. Fəaliyyətimizi tam şəkildə müstəqil aparırıq. Yardım kampaniyaları çərçivəsində hər bir üzvümüzlə fikir mübadiləsi aparırıq. Məsələn, sağlamlıqla bağlı problemləri hansısa həkim öz ixtisasına uyğun dəyərləndirirsə, mən bir iqtisadçı olaraq fərqli dəyərləndirirəm. Beləcə, ortada kifayət qədər fikir formalaşır.

Sülh və anlaşılmazlıqlar üzrə komitə rəhbəri Ayfər xanım da öz fikirlərini bölüşüb:

“Daim sülhə xidmət edən bir sıra lahiyələr planlaşdırılır. Problemin olduğu bölgələrdə həlli yolunda adım atmaq, kütləvi sülhü qorumaq üçün bir sıra lahiyələr təşkil etməyə çalışırıq. Xidmət sahələrindən biri də budur. Yeni rotaryan dostlar qazanaraq məqsəd üçün daha çox çalışmağı planlayırıq”.

Suat Doruk isə qeyd edir ki, fəaliyyətlərini ölkədən kənarda da davam etdirmək hədəfini əsas götürürlər:

“Göstərilən bölgü prinsipi də hər bir bölgə komitəsinin bölgəsinə xidmətini əks etdirir. Çatışmazlıqlar olan bölgələrə də əməkdaşlıq yolu ilə kömək edilir. Bütün üzvlərimiz könüllü olaraq və layihələrin ağır məsuliyyətlərini üzərilərinə alaraq çalışırlar. Üzvlərdə olan əsas xüsusiyyətlərdə məhz bunlardır: Könüllülük və məsuliyyət. Hər birimiz öz iş sahəsində uğur qazanmış bir komandayıq. Fəaliyyətləri daha da genişləndirmək üçün bölgə rəhbəri ilə Əfqanıstana qədər çatmaq planlaşdırılır. Azərbaycanla, Türkmənistanla, Qazaxıstanla, Əfqanıstanla ortaq işlərin olması düşünülür”. 

– Təhsillə bağlı layihələriniz nələrdir?

Ayfər xanım: “Bizim hədəfimiz dünyadakı sülhü bərqərar etmək olduğundan bu yolda atdığımız addımlardan biri də, təhsil səviyyəsini qaldırmaqdır. Çünki dünyadakı savaşlara əsasən cahil və savadsız insanlar səbəb olur. Əgər təhsil səviyyəsini qaldıra bilsək, müharibələrin də qarşısıni ala bilərik. Bizim özümüzə aid təhsil proqramları var. Təhsil proqramları hər il təzələnir. Bu il 7 ölkədə tətbiq olunan bu proqram gələn il 8 ölkə üçün nəzərdə tutulur. Bundan əlavə, ”Rotary” təşkilatı tələbələri öz hesabına təqaüdlə xaricə təhsil almağa da yollayır. Dünyada hər il minlərlə gənc bu yolla təhsil alır. Azərbaycandan da 10-a yaxın tələbə təqaüdlə təhsil alır”.

– “Rotary” təşilatına üzv olmaq üçün hansı tələblər var və prosedur necədir?

Bogaçhan bəy:” Öz iş sahəsində seçilən, peşə əxlaq kodekslərinə malik liderlik qabiliyyəti olan şəxsləri dəvət edirik. Vətəndaşlığından asılı olmayaraq bir şəxsin rotaryan olması üçün bir rotaryan tərəfindən təşkilata tövsiyə edilməsi lazımdır. Bir rotaryanın ailə və iş əxlaqının yüksək, işində məsuliyyətli olması vacibdir. Daha sonra həmin şəxsin ”Rotary”-ə  qəbul olunması  barədə  dəyərləndirmə aparılır. Əgər uyğun gələrsə, təşkilatımıza qəbul olunur. Rotary-nin üzvlərlə bağlı ən birinci tələbi yaxşı insan olmaqdır. Bizim sıralarımızda yaxşı insanlara hər zaman yer var. Əsas tələbimiz də budur.

– ”Rotary” üzvlərinin yığıncaqları necə təşkil olunur?

– “Rotary” üzvləri hər həftə toplanır və  fikir mübadiləsi edir. Azərbaycanda da yaşayan üzvlərimiz hər həftə bir araya gəlib toplanır. Toplantılara gəlmək üçün ”Rotary”-ə üzv olmaq şərt deyil. İstənilən sıravi şəxs bizə qoşularaq müzakirələrdə iştirak edə bilər.

– Gələcək planlarda daha da böyümək nəzərdə tutulur?

Suat bəy: “Rotary-nin olmadığı ölkələrdə fəaliyyətə başlamaq əsas hədəfimizdir. Ərəb yarımadası və Asiya istiqamətində fəaliyyət göstərmək planlaşdırılır. Elə bizim əsas hədəfimizdə bu bölgələrdə olan çatışmazlıqları aradan qaldırmaqdır”.

Ayfər xanım: “Bizim digər QHT-lərdən əsas fərqimiz yalnız bir mövzu ilə əlaqədar deyil, geniş şaxəli işlər aparmağımız və mövcud problemləri tez bir zamanda həll etmə yolunda çalışmağımızdır. Bu problemlərin həlli zamanı da qısa müddətli səthi yox, uzun müddətli və daha təsirli həllər həyata keçirməkdir. Ümumiyyətlə federasiya rəhbərimizin də dediyi kimi, təşkilatda əsas tələblərin başlıcası yaxşı insan olmaqdır. Sülh və anlaşılmazlığın həlli üzrə komitə rəhbəri olaraq Türkiyə və Azərbaycanda sülhün mümkün olduğunu və mümkün olduqda hər şeyin həll olacağını vurğulamaq istəyirik. Bakıda Sülh Konfransı təşkil etməyi planlayırıq.

Emil Nəcəfli

Vüqar Mirzəbəy

Minval.info