Bütün dünyada insanların məşhur olub milyonlar qazandığı model sahəsi Azərbaycanda inkişaf edə bilmir.

Buna səbəb həm yerli brendlərin az olması, böyükçaplı moda gecələrinin azsaylı təşkili və bu sahədə çalışıb model yetişdirən peşəkar insanların az olmasıdır.

 

Ancaq hazırda ölkədə bir təzadlı məqam gözə çarpır ki, bu da “Instagram”da “professional model”lərin çoxluq təşkil etməsidir.

Bu “model”lərə nəzər yetirsək, onların 1.50 m boyunda olduğunu görə bilərik.

Yalnız gözəllik salonlarının “make up” çəkilişində 20 manata çəkilən bu kəslər adlarını “model” qoymağı özünə borc bilir.

İkinci bir təbəqə var ki, onlar da özünü “model” adlandırır. Bu təbəqə isə realda eskort xidmətilə məşğul olub, “model” adı ilə özünü kənardakılara sırıyanlardır.

Ölkəmizdə kişi modellər isə daha azdır. Çünki cəmiyyət arasında milli mental dəyərləri baş tacı edən şəxslərin onlara münasibəti birmənalı olmur və nəticədə, kişilərin bu sahəyə olan marağı ictimai qınaq qorxusuna görə azalır.

Ölkədə sonuncu dəfə ölkə çapında tanınan kişi model Rüstəm Cəbrayılov olub. O, “Best model of the world” müsabiqəsində qalib gələrək, bunu bacarıb.

Yeni modelliyə başlayan gənclər isə bazarın az gəlir gətirdiyini və məşhurlaşmağın çətin olduğunu görüb qonşu Türkiyəyə üz tuturlar.

Model sahəsinin inkişaf etməməsinin görünən və görünməyən səbəbləri nədir? 

Bu barədə Oxu.Az-ın suallarını cavablandıran “Best model of the world” yarışmasının beynəlxalq direktoru Aqil Məmiyev hesab edir ki, model sahəsinin inkişafına mane olan bir çox səbəblər var:

“Model biznesində gəlirlər reklam, klip çəkilişləri və podiumlar vasitəsilə formalaşır. Əslində, dünyada modellər xüsusi qonaq kimi harasa dəvət alır, açılışlarda iştirak edir. Ancaq bizdə belə hallar müşahidə olunmur. Aylıq gəlir tanınmış model üçün maksimum iki min manatdır, iş olmayanda isə 500 manatdan o tərəfə keçmir. Təbii ki, onu qazanmayanlar da var. Gəlirin az olması, arenanın geniş olmaması insanlarda həm bu sahəyə olan marağı, həm də həvəsi öldürür”.

Məmiyev model yetişdirən agentliklərin normal fəaliyyət göstərməməsini də qeyd edib:

“Azərbaycanda fəaliyyət göstərən 1-2 model agentliyi normal fəaliyyət göstərir. Qalanları isə bərbad gündədir. Aparıcı model agentliyi “Venera Models”dir. Digərləri isə təhsil mərkəzi sayılır. Çəkilişlərdə və reklamlarda üstünlük verilən modellər sosial mediada izləyicisi çox olanlar və hər markanın reklamına çəkilməyənlərdir”.

Sosial şəbəkələrdə özünə “model” deyənlərin çoxluğunu vurğulayan Aqil Məmiyev söyləyib ki, onların çoxu eskort xidməti ilə məşğul olan xanımlardır:

“Bir də özünə model deyənlər var ki, onlar eskort xidməti ilə məşğul olurlar. Başqa versiyada özünü təqdim edə bilməyib, məhz “model” adlandırırlar. Sözsüz ki, hər kəsin şəxsi həyatına hörmətlə yanaşılmalıdır. Ancaq belə hallar model sahəsini gözdən salır. Bunları görən valideynlər isə gələcəkdə övladlarının model olmasına icazə vermir. Modelliyin bu cür təbliği yolverilməzdir”.

Azərbaycanın ən tanınmış modellərindən biri olan Kamilla Babayeva isə bu sahəyə maliyyə yatırılmadığını bildirir:

“Model biznesi maliyyə tələb edir. Çox təəssüf ki, bizdə bu biznesə maliyyə ayrılmır. Güclü professional model agentliyimiz yoxdur. Bu da pulla bağlıdır”.

“Ilgar Aliyev Models” təhsil mərkəzinin rəhbəri İlqar Əliyev bildirib ki, model agentliklərinin bəziləri insanları aldadaraq, onların pulunu mənimsəyir:

“Model sahəsində çox adam çəkilişlərə pulsuz gedir. Bu, ilk növbədə onların özünü reklam etməsi ilə bağlıdır. Pul qazanan az model var. 3-4 model agentliyi var ki, onların da bəziləri model olmaq istəyən gənclərin hissləri ilə oynayırlar. Heç bir iş görməyib, onların, sadəcə, pullarını alırlar. Azərbaycanda professional modellərin aylıq gəliri isə 800 manatdan o tərəfə keçmir”.

Azərbaycanı tərk edib Türkiyədə fəaliyyətə başlayan gənc model Elxan Əliyev gəlir az olduğu üçün vətəndən getdiyini deyir:

“Azərbaycanda iki agentliklə çalışırdım. Brendlərlə yetəri qədər işlədim, amma məbləğ dəyişmirdi. Çünki ödənişi agentlik edirdi. Daha çox qazanmaq üçün Türkiyəyə gəldim”.

Elxan Əliyev model sahəsinin inkişaf etməməsinin səbəbi kimi geyim brendlərinin olmamasını göstərib:

“Azərbaycanda dəb, tekstil olmadığına görə eyni yerdə olursan, irəliləyiş mümkün deyil. Heç bir kompleksim yox idi. Bütün çəkilişlərə gedirdim. Buraya gəlməmişdən altı ay öncə çox işləmişdim deyə, Türkiyəyə gəldikdən sonra belə təkliflər gəlməyə başladı. Hətta çox pul təkliflər etdilər, ancaq insanların baxış bucağında fərqlilik yox idi deyə, düşündüm ki, gəlməyə dəyməz.

Azərbaycanda dəb yoxdur, populyarlıq var. Əgər insanlar modelliklə pul qazanıb dolanırlarsa, bu, inanılası bir şey deyil. Çünki ailə saxlamaq, özünü dolandırmaq çox çətindir”.

Türkiyəyə üz tutan digər model isə İqo Quseinovdur (İqaməddin Hüseynov). O isə Azərbaycanda kişi modellərə qarşı münasibətin birmənalı olmadığını bildirir:

“Azərbaycanda model biznesi çox zəif inkişaf edir. Kişi modellərinə isə maraq azdır. Çünki tekstil inkişaf etməyib. Ölkədə olan 2-3 geyim markası da “Google”dan şəkil yükləyir, mağazasının reklamında ondan yararlanır.

Azərbaycanda kişi modellərə münasibət də yaxşı deyil. “Kişi model olmaz”, “Özünə başqa sənət tapmalıdır” kimi fikirlər model biznesinin inkişafına istər-istəməz təsir edir. Birmənalı qarşılanmırıq. Model agentliklərini işlədənlərin 80%-nin isə bu işdən anlayışı yoxdur.

Hərə öz işi ilə məşğul olsa, yaxşı olar. Gündə bir yarışma keçirilir və onların heç bir nəticəsi olmur. Model kimi çalışmaq istəyənlər də belə yarışmalara görə işindən soyuyur.

Kişi modellər bir o qədər pul qazana bilmir. Çəkilişlərdən ən çox aldığım pul 50 manatdır. Bununla da, heç vaxt dolanmaq mümkün deyil. Modellər arasında ən çox pulu xanımlar qazanır. Onlar da “make up” reklamına çəkilir.

Türkiyədə tekstil və geyim markaları daha çox olduğuna görə buraya üz tutdum. Yaxşı pul qazana bilirəm”.