“Qarabağ”ı izləyən Avropa nəhəngləriBu gün Azərbaycan futbol klubları üçün yeni mövsüm start götürür.

APA-nın məlumatına görə, avrokubokların yeni mövsümündə meydana çıxan ilk komandamız “Qarabağ” olacaq.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq. Yeddiqat Azərbaycan çempionu ilk oyununu Albaniyada keçirəcək.

“Partizani”nin qonağı olacaq Qurban Qurbanovun yetirmələri cütün taleyini Tiranada həll etməyə çalışacaq. Ötən il bu ölkənin digər təmsilçisi “Kukesi” ilə II təsnifat mərhələsində qarşılaşan “Qarabağ” Albaniyada qələbə qazana bilməmişdi – 0:0. Lakin Bakıdakı üç qol təmsilçimizə böyükhesablı qələbə bəxş etmişdi.

“Partizani”nin son iki mövsümdə avrokuboklara ilk mərhələdə aldığı iki məğlubiyyətlə vida etməsi də klubun o qədər güclü olmamasından xəbər verir. Bu isə o deməkdir ki, yay fasiləsində heyətini yeni futbolçularla daha da gücləndirən “Qarabağ” Albaniya təmsilçisi ilə dueldə çətinlik çəkməməlidir.

Bu dəfə səfərdə də azarkeşlərini sevindirmək niyyətində olan “Qarabağ” rəqib meydanında fərqlənsə, Çempionlar Liqasında özünün 30-cu qolunu vuracaq. Ağdamlıların vuracağı ikinci top isə klub tarixinə 100-cü avrokubok qolu kimi düşəcək.

Qeyd edək ki, Tirananın Selman Stermesi stadionundakı matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul

19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Porvaldur Arnason
Baş hakimin köməkçiləri: Yohann Qunnar Qudmundsson, Andri Viqfusson
Dördüncü hakim: Petur Qudmundsson (hamısı İslandiya)
Hakim-inspektor: Konrad Plautz (Avstriya)
UEFA nümayəndəsi: Tammo Beyşuizen (Hollandiya)
Tirana. Selman Stermasi stadionu