Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək.

“Report”un məlumatına görə, İngiltərədə təşkil olunacaq matçda “Liverpul” İspaniya “Barselona”sını qəbul edəcək. “Mersisaydlılar” səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Amma “Liverpul” oyuna ciddi itkilərlə çıxacaq. İspaniyadakı qarşılaşmanın 24-cü dəqiqəsində zədələnən Nabi Keyta üçün mövsüm başa çatıb. Brazilyalı hücumçu Roberto Firminonun da eyni səbəbdən bugünkü matçı buraxacağı dəqiqdir. Baş məşqçi Yurgen Klopp həftəsonu İngiltərə Premyer Liqasında “Nyukasl” ilə görüşdə başından zədə alan Məhəmməd Salahın da meydana çıxmayacağını təsdiqləyib. Əzələsində problem olan Adam Lallananın iştirakı isə sual altındadır.

Əvəzində qonaqların heyətində yeganə itki ötən həftəsonu “Selta” ilə İspaniya La Liqası matçında zədələnmiş Usman Dembeledir. Luis Suares və Filippe Koutinyo sabiq komandalarına qarşı ilk dəfə “Enfild”də çıxış edəcəklər.

Cari mövsümdə “Liverpul” ÇL-də doğma meydanda keçirdiyi 5 matçın 4-də qalib gəlib, 1-də isə heç-heçə edib. Katoloniyalılar isə ümumiyyətlə, məğlub olmayıb. “Liverpul” və “Barselona” komandaları “Enfild” stadionunda ümumilikdə 3 dəfə qarşılaşıblar. Bu görüşlərin 2-də katoloniyalılar, 1-də mersisaydılar qələbə qazanıb.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

7 may

23:00. “Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya)

Baş hakim: Cünyet Çakır (Türkiyə)

Liverpul “Enfild”