Böyük Britaniyanın dövlət rəsmiləri ölkənin Avropa Birliyində qalması ilə bağlı ikinci referendum variantını gözdən keçirir.

“TASS” agentliyinin verdiyi məlumata görə, bununla bağlı “The Sunday Times” qəzetində informasiya verilib.

“Dövlət məmurları hər gün parlament dəstəyi zəifləyən baş nazirə baxaraq hadisələrin istənilən gedişatına hazırlıq görürlər. Onların işi də budur: bütün planlara, hətta ikinci referendum kimi az ehtimal olunan variantlara hazırlıq”,- hökumət içindəki mötəbər qaynaq qəzetə məlumat verib.

Əvvəllər ikinci referendum ehtimalını yaxına belə buraxmaq istəməyən Böyük Britaniya kabineti gözlənilməz qərar qəbul edərsə, bunu xalqın tələbi ilə izah edəcək.

Baş nazir Tereza Mey “Breksit”lə bağlı dalandan çıxmaq üçün bütün variantları incələdiklərini söyləyib. O, ölkənin Avropa Birliyindən çıxması ilə bağlı şərtlərin 95%-nin razılaşdırıldığını söyləyib. Lakin işə mane olan Şimali İrlandiya ilə bağlı sərhəd problemidir. AB Böyük Britaniyadan həmin bölgənin Birlyin tərkibində saxlanmasını təklif edir. Lakin London buna razılıq vermir.

Tereza Meyə bu məsələdə Şimali İrlandiyadan seçilən 10 deputata malik Demokratik Yunionist Partiyası dəstək verir. Tereza Mey Böyük Britaniya üçün 2022-ci ilin mayına qədər nəzərdə tutulan keçid dövrünün də uzadılmasının əleyhinə olduğunu bəyan edib.

Hökuməti bu cür mövqeyinə görə tənqid edən Leyboristlər partiyasının lideri Ceremi Korbin baş naziri səriştəsiz və qabiliyyətsiz adlandırıb. Formal olaraq “Breksit” 2029-cu ilin martın 29-da başa çatmalıdır. Bundan sonra isə 1 il keçid dövrü başlanacaq. Həmin dövr ərzində rəsmi London AB büdcəsinə bir sıra ödəmələr həyata keçirməlidir.

Xatırladaq ki, bu günlərdə Londonda Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı ikinci referendum keçirilməsi tələbi ilə yüzminlərin iştirakı ilə mitinq keçirilib. “Xalqın səsi” (People’s Vote) kampaniyası tərəfindən təşkil edən aksiyanın iştirakçıları hökumətdən “Breksit” əleyhinə olan Britaniya gəncliyinin səsini eşitməyi tələb ediblər.