Bir müddətdir ki, Azərbaycana boş qablardan insanlara pul qazandıracaq aparatlar gətirilib. Zibil hesab etdiyimiz plastik və dəmir butulkaları bu aparatlar vasitəsilə gəlirə çevirmək mümkündür.

Axar.az xəbər verir ki, Avropa ölkələrində uzun illərdir yayılan və ekoloji təmizliyin qorunmasında mühüm rol oynayan, son günlər isə paytaxtın böyük supermarketlərinə qoyulan fandomat aparatlarını yaxın günlərdə Bakı küçələrində də görmək mümkün olacaq.

Hansı marketlərdə fandomat aparatı var?

Ölkədə analoqu olmayan bu ekoloji layihə “Ecobox Collection and Recycling” MMC-yə məxsusdur. Aparatlar da ölkəyə MMC tərəfindən ilkin olaraq 30 ədəd gətirilib və əhalinin daha sıx yerləşdiyi ərazilərdəki böyük marketlərə yerləşdirilib.

Hazırda Bakıxanov, Badamdar, Əhmədli, Qarayev, Xırdalan, Masazır qəsəbələri, Yasamal, Suraxanı, Xətai rayonlarında yerləşən “Bazarstor” supermarketlərində, Tiflis prospekti, “Neftçilər”, Maştağa qəsəbəsi, Azadlıq 157-dəki “Araz” supermarketlərdə, 9-cu mikrorayon və Xətai rayonunda yerləşən “Favorit” supermarketlərdə fandomat aparatları quraşdırılıb.

Fandomatdan necə istifadə edək?

İstifadəsi olduqca asan olan bu aparatlara əlinizdəki boş plastik qabı yerləşdirməklə aparatın üzərində olan “İrəli” düyməsini basıb işə sala bilərsiniz. Onsuz da siz qabı aparata yerləşdirdiyiniz anda fandomat çalışmağa başlayacaq. Aparaq qabı qəbul etdikdən sonra isə sizə sadəcə “İrəli” düyməsini basmaq qalır.

“İrəli” düşməsini basdıqdan sonra əldə edilən gəliri 3 fərqli formada götürmə şansınız var. Ümumiyyətlə, konteynerə yerləşdirilən bir plastik qab 2 qəpik dəyərindədir.

Aparat sizə 3 seçim imkanı (Bonus növünü seç) verir. 2 qəpiyinizi market çeki (şəxsi büdcənizi artırmaq məqsədilə) şəklində və ya 2 qəpik 1 mobil danışıq dəqiqəsi (Azərsell, Baksell) şəklində ala bilərsiniz.

Həmçinin, “Yardım” düyməsini basmaqla qabdan alınacaq pulu özünüzə götürmədən xeyriyyə məqsədilə bağışlaya da bilərsiniz.

Aparata atdığımız qabların aqibəti necə olur?

Hazırda aparata atılan plastik qabdan alınan pulu 3 məqsədlə istifadə etmək nəzərdə tutulsa da, gələcəkdə seçimlərin artırılacağı gözlənilir.

Ekoloji təmizlik məqsədilə ölkəmizdə yaradılmış bu zavod hazırda Qafqazda unikal hesab edilir. Elə aparata atdığımız plastik qablar da aparatdan götürldükdən sonra sözügedən zavoda aparılır və orada təkrar emala hazırlanır.

Belə ki, mini zavod istifadə edilmiş plastik şüşələri polietilen tereftalat və flekslərinə çevirmək və alüminium qutuları emal etmək üçün nəzərdə tutulub. Plastik şüşələrin emalının texnoloji prosesinə materialın xırdalanması, yuyulması, flotasiyası və qurudulması daxildir. Plastik şüşələrin emalı zamanı əldə edilmiş plastik flekslər kifayət qədər təmizlik dərəcəsinə malikdirlər. Plastik şüşələrin uğurlu emalı üçün bir sıra zəruri əməliyyatlar yerinə yetirmək lazımdır ki, zavodda bütün bu proses aparılır.

Ölkəyə valyuta axını ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. “Ecobox Collection and Recycling” MMC təkrar emaldan əldə etdiyi xammalı xarici ölkələrə ixrac edəcək və beləliklə, ölkəmizə valyuta axını təmin edilmiş olacaq.