Elçin Mirzəbəyli: “Azərbaycan hər hansı formada milli maraqlarına zərbə vuracaq, prinsiplərini şübhə altına alacaq bir prosesdə iştirak etməyəcək”

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Rusiyaya və üç Cənubi Qafqaz ölkəsinə səfəri çərçivəsində oktyabrın 24-də Azərbaycan paytaxtına gələcək. Bolton tvitterdə yazıb ki, səfərinin əsas məqsədi “bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın təşəbbüslərini təşviq etməkdir”.

Con Boltonun Azərbaycana səfəri zamanı müxalifətlə də görüşünün olub-olmayacağı, həmçinin aparılacaq müzakirələrdə demokratiya mövzusunun da yer alıb-almayacağı barədə hələlik rəsmi bir məlumat yayılmayıb.

Adətən ABŞ rəsmiləri bildirirlər ki, ABŞ Azərbaycanla üç mühüm istiqamət üzrə əməkdaşlıq edir. Təhlükəsizlik, energetika və demokratiya. Bu siyasət illərdir yerini dəyişmir. Amma insan haqları və demokratiya sahəsində uzun illərdir ABŞ diplomatlarının hər hansısa ciddi bir fəaliyyətinin şahidi olmamışıq. ABŞ rəsmilərinin nə deməsindən asılı olmayaraq, fakt ondadır ki, insan haqları mövzusu artıq bir neçə ildir yüksək səviyyəli ABŞ-Azərbaycan təmaslarının gündəliyindən çıxarılıb. Daha doğrusu, Vaşinqtonla Bakı arasında enerji və təhlükəsizlik dialoqları mövcud olsa da demokratiya sahəsində birbaşa dialoq yox səviyyəsindədir.

Hazırda ABŞ diplomatiyası insan haqlarını birbaşa olaraq ölkələrarası təmaslarda ayrıca dialoq istiqaməti kimi təqdim etməkdə maraqlı deyil.

 

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, bu günə qədər ABŞ-dan Bakıya gələn yüksək ranqlı rəsmilərin demək olar hamısı ilə REAL sədri İlqar Məmmədovun görüşü olub. Lakin hələlik Con Boltonla görüş olub-olmayacağı haqda dəqiq bir məlumat yoxdur: “Boltonun proqramı daha dəqiqləşəndən, Bakıda keçiriləcək görüşlər və zamanı müəyyənləşəndən sonra mümkündür ki, görüş təklifi olsun. Kimlərlə görüşəcəyi yəqin ki, Bakıya gələn gün bəlli olacaq”.

REAL rəsmisi qeyd etdi ki, Con Boltonun səfərində demokratiya məsələsi əsas müzakirə mövzusu olmayacaq:“Doğrudan da son zamanlar dünyada demokratik proseslə bağlı dalğanın söndüyünü görürük. Çox təəssüf ki, bir trend halına gəlib. Bu yaxınlarda mən özüm şəxsən Praqada çox məşhur forumda iştirak eləmişdim. Dünyanın 60-dan çox ölkəsindən siyasətçiləri, baş nazirlər, prezidentlər, nazirlər həmin foruma qatılmışdı. İki günlük müzakirələrin əsas mövzularından biri də dünyada demokratiyanın arxa plana keçdiyi, təhlükəsizlik və iqtisadi məsələlərin daha önə keçməsi idi. Məncə demokratiyanın arxa plana keçməsi dalğası hələ bir müddət davam edəcək. Dünyanın təhlükələrlə dolu olduğunu nəzərə alsaq, çox gizli və açıq konfliktlərin sayının çox olduğunu nəzərə alsaq bu proses hələ bir müddət davam edəcək. Çox güman ki, Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşavirinin burada əsas müzakirə mövzusu təbii ki, demokratiya olmayacaq. Əsas müzakirə mövzusu təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik, geosiyasi proseslər olacaq. Boltonun səfərinin əsas məqsədi məhz geosiyasi proseslər və təhlükəsizlik məsələləri ilə bağlıdır”.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, Boltonun Azərbaycana səfərində yalnız regional problemlər deyil, eyni zamanda, regionun ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi də gündəmdə olacaq. Azərbaycan istənilən format və təmaslarda öz ərazi bütövlüyü ilə bağlı məsələni qaldırır. Sözügedən səfər zamanı da Qarabağla bağlı müzakirələrin aparılacağına şübhə yoxdur: “Bu kontekstdə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Ermənistanın işğalçılıq mövqeyi ilə bağlı açıqlamasını təsadüf hesab etmək olmaz. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, digər regional dövlətlərlə ikitərəfli, üçtərəfli formatlarda yüksək səviyyədə əməkdaşlıq edir və normal qonşuluq münasibətləri saxlayır”.

Boltonun Bakı səfərində Azərbaycandan İran məsələsi, İrana sanksiyalar məsələsində dəstək istəyəcəyi deyilir. Bəs Bakı Vaşinqtona hansı cavab verməlidir ki, həm İran narazı qalmasın, həm də ABŞ?

Politoloq qeyd etdi ki, Azərbaycanın regionda baş verən proseslərlə bağlı mövqeyi hər kəsə bəllidir. Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə və milli maraqlara söykənir: “Ölkəmiz bu günə qədər öz milli maraqlarından və beynəlxalq hüquqdan kənarda hər hansı bir prosesə dəstək verməyib. Bu, Azərbaycan üçün qırmızı xətdir. Azərbaycan bundan sonra hər hansı bir formada milli maraqlarına zərbə vuracaq, prinsiplərini şübhə altına alacaq bir prosesdə iştirak etməyəcək. Bakının bu mövqeyi ABŞ-a bəllidir. O üzdən də düşünürəm ki, Boltonun Bakıya səfərində daha çox regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Hər hansı bir tələb qoyulmayacaq”.