Bəlkə də o, öz arzusunun arxasınca getsəydi, dövrünün tanınmış həkimlərindən biri olacaqdı. O, hələ Bakıda gimnaziyada oxuyanda seçimini etmişdi və orta təhsilini başa vurduqdan sonra Bakı və Saratov universitetlərində tibbi təhsil də almışdı.

Amma Vladimir Dekanozovun Bakıda gizli siyasi fəaliyyəti, bolşevik hərəkatına qoşulmağı onu tamam fərqli bir istiqamətə aparıb. Daha sonra Lavrenti Beriya ilə tanışlığı isə həyatını, siyasi karyerasını bütövlükdə dəyişib.

Vladimir Dekanozov 1898-ci ildə Bakıda anadan olub. Milliyətcə gürcü olan Dekanozov Bakıda gimnaziyanı bitirib. Daha sonra təhsilini Saratov və Bakı universitetlərinin tibb fakültəsində davam etdirib. Həkimlik arzusunu arxa plana çəkən Dekanozov 1921-ci ildə Bakıda Fövqəladə Komissiyada (ÇK) xidmətə başlayıb.

Lavrenti Beriya ilə tanışlığı onun siyasi karyerasına təkan verib. Beriya Gürcüstana rəhbər təyin olunanda Dekanozovu Tiflisə dəvət edib və o, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinə nəqliyyat və təchizat üzrə katib təyin edilib.

39.jpg (52 KB)

Beriya ilə yaxınlığıyla seçilən Dekanozov qısa müddətdə vəzifə pillələrini sürətlə qalxıb, Gürcüstan qida sənayesi komissarı (naziri), sonra Gürcüstan Dövlət Plan Komitəsinin sədri, daha sonra isə Gürcüstan Nazirlər Sovetinin sədr müavini vəzifələrinə irəli çəkilib.

Beriya Moskvada NKVD-yə başçılıq edəndə Dekanozovu da yanına çəkib və o, həmin qurumda 3-cü və 5-ci şöbələrin rəisi vəzifəsinə təyinat alıb.

Qısa müddət ərzində Dekanozov ən fəal repressiya təşkilatçılarından birinə çevrilib, repressiya “plan”larını artıqlaması ilə yerinə yetirib.

NKVD-də öz missiyasını yerinə yetirən Dekanozov Beriyanın təşəbbüsü ilə SSRİ xarici işlər komissarlığına (nazirliyinə) transfer edilib. Nazir müavini kimi fəaliyyətə başlayan Dekanozov bu qurumda da qısa müddət ərzində özünü tanıtdıra bilib. 1940-cı ildə Dekanozov nazir müavini statusu saxlanılmaqla, SSRİ-nin Almaniyadakı səfiri təyin olunub və müharibə başlanana qədər bu vəzifədə çalışıb.

7674286_original.jpg (62 KB)

Bu ərəfədə onun İosif Stalinlə də sıx əlaqələri yaranıb. Məhz almanların SSRİ-yə hücumu haqqında Stalini ilk məlumatlandıranlardan biri də Dekanozov olub.

1947-ci ildə Dekanozov xarici işlər nazirliyinin strukturundan kənarlaşdırılıb və Xarici ölkələrdə Sovet əmlakı Baş İdarəsinə rəis müavini təyin edilib. İki il bu vəzifədə çalışdıqdan sonra Dekanozov İosif Stalinin göstərişi ilə işdən çıxarılıb.

Təbii ki, onun sürətli vəzifə enişi də səbəbsiz olmayıb. Dekanozovun qadın əyləncələri o dərəcəyə çatıb ki, bu, Kremldə müzakirə mövzusuna çevrilib. Sonuncu əyləncə isə Stalinin yaxın silahdaşlarından sayılan Vyaçeslav Molotovla yaxın qohumluq əlaqəsi olan gənc bir qızla bağlı olub.

Kreml Dekanozova mərhəmət göstərərək, onu işsiz də qoymayıb və ona dövlət əhəmiyyəti olmayan Radio Verlişləri Komitəsində kiçik bir vəzifə həvalə olunub.

Stalinin vəfatından sonra Lavrenti Beriya iki qurumu birləşdirib, daxili işlər nazirliyi yaradanda və yeni qurumda nazir postunu tutanda, Dekanozovu Gürcüstana daxili işlər naziri təyin edib. Ancaq yeni vəzifələr köhnə dostlar üçün düşərli olmayıb və hər ikisi, biri Moskvada, digəri Tiflisdə nazir kürsüsündə çox da duruş gətirə bilməyiblər.

i.jpg (60 KB)

26 iyun 1953-cü ildə Lavrenti Beriyanın həbsindən dərhal sonra Dekanozov Tiflisdəki nazir kabinetində həbs olunub. O, “Beriya bandasının ən fəal üzvü” kimi ittiham edilib.

Məhkəmə prosesində Dekanozov Lavrenti Beriyaya qarşı kəskin ifadələr verib, onu qisasçı adlandırıb, hakimiyyət çevrilişinə cəhd etmək səyində olduğunu söyləyib. Günahsız insanların repressiya olunmasındakı fəaliyyətini isə Beriyanın tapşırıqlarını yerinə yetirməklə izah edib.

Dekanozov hətta Beriyanın qadın əyləncələrinin gizlinlərini də açıqlayıb. “Şef”ini “qara qəpiyə” satsa da, bu ifadələr general Dekanozovun vəziyyətini yüngülləşdirməyib.

Деканозов_В._46.jpg (82 KB)

23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin hökmü ilə Vladimir Dekanozov əmlakı müsadirə olunmaqla, dövlət təltifləri və mükafatları geri alınmaqla, ən ağır cəzaya, ölüm hökmünə, güllələnməyə məhkum edilib. Məhkəmənin hökmü həmin gün icra olunub.

Beləliklə də general rütbəli, 55 yaşlı Vladimir Dekanozovun həyatına və siyasi karyerasına birdəfəlik son qoyulub.

Dekanozov güllələndikdən sonra ailəsi, milliyətcə erməni olan həyat yoldaşı Nora Tiqranovna və iki övladı Qazaxıstana sürgün ediliblər. Onların Moskvanın mərkəzində yerləşən 7 otaqlı mənzili, Moskva ətrafındakı bağ evləri və ailəyə məxsus iki avtomobil müsadirə olunub.

İlham Cəmiloğlu