Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə “Teleqüllə” sürüşmə sahəsi aktivləşib.

Minval.İnfo xəbər verir ki, torpaq qatında əmələ gələn çatlar yaxınlıqda yaşayan sakinlərin həyatını təhlükə qarşısında qoyub. Yalnız bundan sonra RİH-in başçısı Eldar Əzizovun təlimatı ilə qərargah yaradılıb, sürüşmə sahəsində yerləşən evlərin sayı müəyyən edilərək mümkün təhlükələrə qarşı təxliyə və yerləşdirmə planı hazırlanıb.

Təhlükəsizlik məqsədilə dərhal əraziyə polis qüvvələri cəlb olunub. Sahəyə baxış keçirən ekspertlərin sözlərinə görə sürüşməyə atmosfer yağıntıları və tikinti işləri zamanı yamacın şaquli kəsilməsi səbəb olub. Sakinlərin bir qismi qohumlarına sığınıb, digərləri isə müvəqqəti idarə və müəssisələrdə yerləşdirilib.

Minval.info-ya danışan sakinlərin sözlərinə görə, evlərə qaz və işığın verilməsi dayandırılıb, bir neçə ailə 163 nömrəli orta məktəbə yerləşdirilib. Evlərinin rəsmi sənədləri qaydasında olmayan sakinlər çöldə qalacaqlarından qorxur, bunun üçün onlara təminat verilməsini istəyirlər.

Hadisə yerində evlərin qeydiyyatını aparan şəxslər çəkilişə mane olmaq istəyib, jurnalistlərə təzyiq göstəriblər. Müvəqqəti sığınacaq tapan sakinlər problemlərinə qalıcı həll tapılmasını istəyiblər.

Daha ətraflı video və foto materialları təqdim edirik.

Fərid Özay

Minval.İnfo