2016-cı ilin iyulunda həbs edilən Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, “Ded Xasan”ın varisi sayılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov və dəstəsinin işi üzrə məhkəmə yekunlaşır. Prokuror məhkəmədən “Şakro Molodoy”a 10 il həbs cəzası istəyib. Bu cinayət işində adı keçən 13 nəfərə də 7, 8, 9 il olmaqla müxtəlif cəzalar verilməsi istənilib.

Prosesdə “Şakro” ilə bərabər onun yaxın adamı, “İtaliyalı” ləqəbli “qanuni oğru” Andrey Koçuykov da ittiham olunur. O, son sözündə bütün günahları boynuna almağa razı olub. “Əgər kiminsə başına vurmaq üçün əmr varsa, mənim başımı kəsin” deyə, o bildirib. “Şakro Molodoy” isə son sözündə heç bir suç işləmədiyini söyləyib.

Minval.İnfo musavat-a istinadən xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, hökm martın 27-də elan olunacaq.

“Şakro” 2015-ci ilin dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışmaya görə həbs edilib. Hadisə “Elements” restoranının sahibəsi Janna Kimlə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəflə “razborka”ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisəyə görə tutulan “İtaliyalı” ləqəbli Andrey Koçuykov həbs edilib. “Şakro” onun azadlığı üçün istintaqçılara 5 milyon dollar rüşvət verməyə razılaşıb. Amma onların sövdələşməsi baş tutmayıb.

Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür, onu “Şakro kürd” kimi də tanıyırlar. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutur. Onun müxtəlif dövrlərdə “Solntsev”, “İzmaylovski” və “Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir. O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olur. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə “Şakro” İspaniyaya yerləşib. “Şakro Molodoy” İspaniyadan qaşsa da, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilib İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşov 7 il azadlıqdan məhrum edilib və 20 milyon avro cərimə olunub. O, 2014-cü ilin oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılıb. “Şakro Molodoy”un vaxtilə Azərbaycanda Rusiya istehsalı olunan avtomobillərin satışı biznesində payı olduğu da deyilirdi. Qeyd edək ki, onun Tiflis ətrafında olan nəhəng villası müsadirə olunub və polisin binası kimi fəaliyyət göstərir.

“Şakro”nun uzun müddətli həbsxanada qalması, kriminal aləmdə yenidən nüfuz savaşını qızışdıracaq.