İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən tərk edib.

31 yaşlı hücumçu 16-cı dəqiqədə qonaq komandanın oyunçusu Franko Vaskeslə toqquşaraq yerə yıxılıb. Nəticədə onun sağ qolu əzilib. Həkimlər argentinalı forvardın qolunu bintlə sarısalar da, o, oyunu davam etdirə bilməyib və əvəzlənib. Ulduz futbolçu qolunda güclü ağrı olduğunu gizlətməyib.

Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Forvard Lionel Messi təqribən üç həftə yaşıl meydanlardan kənarda qala bilər. Onun La Liqanın “Real” (28 oktyabr) və “Rayo Valekano” (4 noyabr) ilə keçiriləcək oyunlarını, həmçinin Çempionlar Liqasında “İnter”ə (24 oktyabr və 6 noyabr) qarşı keçiriləcək hər iki matçı buraxacaq.