Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizəni dayandıran “Barselona” dəyişikliklərə hazırlaşır.

Fanat.Az İspaniya mediasına istinadən xəbər verir ki, baş məşqçi Ernesto Valverde ilə yollarını ayıracaq Kataloniya klubu bir neçə futbolçu ilə güclənəcək.

Bir müddət əvvəl “Ayaks”dan Frenki de Yonqu transfer etdiyini açıqlayan “Barselona” Amsterdam klubundan Mattis de Liqti də heyətinə qatmaq istəyir. Futbolçunun özü də Kapaloniya klubunda oynamaq niyyətindədi.

“Barselona” hücum xəttinə “Atletiko”dan Antoine Qrizmannı transfer etmək niyyətindədi. Rəhbərlik ötən mövsüm transferini reallaşdıra bilmədiyi fransız ulduzu bu yay heyətə qatmağa çalışır. Bundan başqa “Ayntraxt”dan gənc hücumçu Luka Yoviç də hədəfdədi.

Gedəcək futbolçulara gəlincə, Filip Koutinyonun satılacağı artıq dəqiqləşib. Onunla yanaşı, İvan Rakitiçin də getməsi gözlənilir.