Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Barselona” ilə qarşılaşacaq “Liverpul” daha bir itki ilə üzləşib.

Fanat.Az xəbər verir ki, hücumçu Roberto Firmino zədə səbəbindən bu vacib görüşü buraxmalı olacaq. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp klubun rəsmi saytına məlumat verib. Braziliyalı forvardın əzələsi dartılıb.

Firmino cari mövsümdə “Liverpul”un heyətində 47 rəsmi oyuna çıxıb. Bu oyunlarda 16 qol vuran 27 yaşlı forvard 8 məhsuldar ötürmə edib.

Bundan başqa ötən gün Prmeyer Liqanın XXXVII turunda “Nyukasl”la keçirilən görüşdə (3:2) Məhəmməd Salah zədələnib. Matçın 2-ci hissəsində rəqib qapıçısı ilə toqquşan futbolçu başından zərbə alıb. O, meydanı xərəkdə tərk edib. Görüşdən sonra komandanın baş məşqçisi Yurgen Klopp bombardirin başından güclü zərbə aldığını, son durumunun müayinədən sonra bilinəcəyini deyib. Onun “Barselona”ya qarşı oynayıb-oynamayacağı bilinmir.

Qeyd edək ki, mayın 7-də keçiriləcək “Liverpul” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Komandaların “Nou Kamp”da görüşü Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.