Paytaxt Bakıya köç edənlərin sayı günü-gündən artmaqdadır. Bu üzdən şəhərdə nəqliyyatın hərəkətində sıxlıqlar və tıxaclar yaranır.

Yaranan problemlərin həlli üçün Bakının yol infrastrukturunun və nəqliyyat vasitələrinin hərəkətinin təşkilində dəyişikliklər edilir.

Bir müddət öncə Binəqədi rayonunda bu yöndə ciddi addımlar atıldı. Piyadaların hərəkətində də dəyişikliklər edildi və yerüstü keçidlər tikildi. Lakin bu, istənilən nəticəni vermədi.

Minval.info xəbər verir ki, rayonun Azadlıq metrosu ərazisində piyadalar həm məcburiyyətdən, həm də məsuliyyətsizlikdən nəqliyyat vasitələrinin hərkətində çətinlik yaradır. Piyadalar bununla yanaşı, öz həyatlarını da təhlükəyə atırlar. İnsanlar yerüstü keçiddən istifadə etmək əvəzinə, qadağan olunan hissələrdən keçirlər.

Sakinlərin Minval.info-ya dediklərinə görə, sözügedən hissədən istifadə etmələrinə səbəb keçidin bir qədər uzaqda yerləşməsidir. Rahatlıqları üçün üç yolun kəsişməsindən keçirlər ki, bu da sükan arxasında olanların işini çətinləşdirir. Əsas yola çıxmaq istəyən  sürücülər həm avtomobilləri, həm də piyadaları gözləməli olurlar.

Daha təhlükəli məqam ondan ibarətdir ki, piyadalar yolu keçərkən görünməz hissədən ani yola çıxırlar. Belə ki, yolun arakəsməsində yaşıllıq salınıb və sürücülərin görmə qabiliyyətini çətinləşdirir. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, piyadaların hərəkəti qadağan olan hissədə insanların keçməsi üçün yer ayrılıb. Bu isə anlaşılan deyil.

Bundan əlavə yay aylarında insanların əksəriyyəti yaxınlıqda yerləşən istirahət parkına üz tuturlar. Bu, vəziyyəti daha da çətinləşdirir.

Yol infrastrukturunun hazırkı durumu həm sürücülərin, həm də piyadaların həyatını təhlükəyə atır. Adətən, belə xoşagəlməz halın qarşısını almaq üçün həmin əraziyə polis əməkdaşları təyin olunur və piyadalar cərimələnir. Amma bu addım da atılmayıb.

Söhbət Binəqədi rayonundan getdiyi üçün mövcud vəziyyətin nə zaman  aradan qalxması sual altındadır. Çünki Binəqədi şosesində yaranan problemlərin həlli xeyli vaxt aldı.

Ümid edək ki, bu dəfə ciddi hadisə baş verməmiş təhlükəli saçan ərazidə müvafiq addımlar atılacaq.

Samir Mirzə

Minval.İnfo