Azərbaycan əhalisinin böyük əksəriyyəti inancına görə İslam dininə mənsubdur.

Bu səbəbdən ölkədə müsəlmanların ibadət etməsi üçün məscidlər inşa edilib. Bununla yanaşı, paytaxt Bakıda müxtəlif dinə mənsub olanların yaşadığı nəzərə alınaraq bir neçə Xristian kilsələri də tikilib.

Minval.info xəbər verir ki, “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsi onlardan biridir.  Bu dini məbəd 1912-ci ildə inşa edilib. Lakin Sovet dövründə, daha dəqiq desək 1934-cü ildə kilsə dağıdılıb və onun yerində Dzerjinski adına klub – indiki Şəhriyar adına Mədəniyyət Evi tikilib.

Bolşeviklər tərəfindən uçurulan “Bakirə Müqəddəs Məryəm” kilsəsinin xatirəsinə yenidən 2007-ci ildə dini məbəd tikilib. Kilsə Xətai rayonu, İzzət Orucov küçəsində inşa olunub. Məbədin rəsmi açılışı Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub.

Əməkdaşımızla söhbət edən kilsənin keşişi Vladimir Baxa dini məbədin müsəlmanların da üzünə açıq olduğunu bildirib: “Kim istəyirsə, kilsəyə daxil ola bilər. Qapı hər kəsin üzünə açıqdır”.

Katolik təriqətinin provaslavlardan radikallığına görə fərqləndiyi bildirilsə də, V.Baxa bunun fərqli olduğunu söyləyib. O,  bu təriqətin müxtəlif məzhəblərə bölündüyünü deyib.

Burada həmçinin insanların günahlarını etiraf etməsi üçün nəzərdə tutulan otaq var. Onlar keşişə etdiyi günahlar barədə danışaraq bağışlanmasını istəyirlər.

Kilsənin daxilində insanların dua etməsi üçün nəzərdə tutulan yerlə, keşişlərin olduğu hissə ayrılıb. Dini ayinlər keçirilən zaman yalnız din xadimləri onlar üçün ayrılan yerə keçə bilərlər.

Müsəlman məscidlərində olduğu kimi, bu kilsədə də nəzir qutusu var. Dini məbədə daxil olarkən qapının yanında yerləşdirilən qutuya insanlar yardım məqsədilə pul atırlar.

Minval.info kilsədən çəkilən fotoları təqdim edir: