Bakının Suraxanı rayonunda noyabrın 25-də ailə quran gənclər dəm qazı boğulmasından xilas edilib.

DİN-dən minval.info-ya verilən məlumata görə, dekabrın 2-də Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsi V yaşayış massivi, ev 16, mənzil 33-dən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.

“Dərhal hadisə yerinə yollanan bölmənin sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar.

Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayselin halsız vəziyyətdə aşkar edərək onlara ilkin tibbi yardım göstəriblər. Təcili tibbi yardım gələnə qədər qədər polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub” – məlumatda qeyd olunub.

Daha sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib.

Artıq dəm qazından zəhərlənən şəxslərin həyatına heç bir təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər.