Səhər saatlarından Bakıya yağan güclü yağış ciddi problemlər yaradıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov oxu.az-a açıqlamasında bildirib ki, suyun səviyyəsinin 10-15 sm qalxması nəticəsində “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidini su basıb.

“Metropoliten və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə səyləri nəticəsində problem qısa müddətdə aradan qaldırılıb”, – deyə o bildirib.

B.Məmmədov bildirib ki, yeraltı keçidin su basması metronun işinə təsir etməyib.

Qeyd edək ki, bu gün Bakıda müşahidə olunan güclü leysan yağışları paytaxtda müxtəlif fəsadlara səbəb olub.